Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı son açıqlamaları Yaxın Şərqdə onsuz da gərgin olan qarşıdurmaya yeni və olduqca təhlükəli suallar əlavə edib. Trampın boğazın ABŞ-nin nəzarətində olduğunu bildirməsi, daha sonra isə onun ABŞ ərazisi elan edilməsi ideyasını bəyəndiyini və bunun mümkün olduğunu söyləməsi Vaşinqtonun strateji su yoluna münasibətində nə qədər iddialı mövqe tutduğunu göstərir. Ardınca ABŞ liderinin Hörmüz boğazını ABŞ ərazisi kimi göstərən xəritəni “Truth Social” hesabında paylaşması məsələni adi siyasi bəyanatdan daha ciddi müstəviyə daşıyıb.
Musavat.com xəbər verir ki, Tramp bununla yanaşı İranın Hörmüz boğazına mina yerləşdirə biləcəyini, bunun milyardlarla dollar dəyərində gəmilər üçün ciddi təhlükə yaradacağını bildirib. ABŞ prezidenti İran limanlarının blokadada olduğunu, buna baxmayaraq, neft tədarükünün davam etdiyini və qiymətlərin aşağı düşdüyünü deyib. Tramp həmçinin İranın iqtisadi və hərbi vəziyyətinin ağır olduğunu, ölkədə inflyasiyanın 300 faizə çatdığını, xaos yaşandığını və İran silahlı qüvvələrinin ciddi zərbə aldığını iddia edib.
Vaşinqtondan gələn bu mesajlara Tehranın cavabı isə kifayət qədər sərt olub. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Trampın paylaşdığı xəritəyə münasibət bildirərkən diqqəti xəritədə Fars körfəzinin adlandırılmasına yönəldib və ABŞ prezidentinin Hörmüz boğazı ilə bağlı “illüziyasının” düzəldiləcəyini bildirib.
Beləliklə, məsələ artıq təkcə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və enerji marşrutlarının qorunması məsələsi deyil. Söhbət dünyanın ən mühüm strateji su yollarından birinin siyasi və hüquqi statusuna dair ABŞ tərəfindən son dərəcə iddialı mesajların verilməsindən gedir.
Trampın xəritəni paylaşması sadəcə psixoloji və siyasi təzyiq vasitəsidir, yoxsa ABŞ Hörmüzlə bağlı daha böyük planın hazırlığını nümayiş etdirir?
Siyasi analitik Asif Nərimanlı bu mövqeyin iki dövlətin suverenliyini açıq şəkildə təhdid etdiyini vurğuladı: "Hörmüz boğazının ABŞ da daxil olmaqla hansısa ölkənin ərazisi olması beynəlxalq hüquqda qəbul olunmur. Çünki bu boğaz təbii keçiddir və istənilən ölkənin keçidi ilhaq etməsi qəbul olunmazdır. Dəniz Hüququ Konvensiyasında bu öz əksini tapıb. Digər tərəfdən, Hörmüzün ABŞ ərazisi elan edilməsi sahil dövlətləri olan İran və Omanın suverenliyini təhdid edir. Bunun baş verməsi beynəlxalq hüququn pozulması ilə yanaşı, beynəlxalq böhran da yarada bilər. Fikrimcə, Trampın Hörmüzün ABŞ torpağı elan edilməsi ideyasını dəstəkləməsi daha çox İrana qarşı gedişdir. Məqsəd danışıqlarda İrana təzyiq etmək və Hörmüz böhranının həllinə nail olmaqdır".
Siyasi analitik hesab edir ki, ABŞ-ın bu mövqeyi İranla qarşıdurmanı yeni mərhələyə daşıyır və tərəflər arasındakı mümkün anlaşma ehtimallarını çətinləşdirir: " İran üçün Hörmüz ABŞ-a qarşı müharibədə ən strateji rıçaqdır. Buna görə bütün vasitələrdən istifadə edərək, boğazda nəzarətin Vaşinqtona keçməsini əngəlləyəcək. ABŞ da öz növbəsində İranın əlindən əsas strateji rıçağını almağa çalışır. Bu vəziyyət qarşıdurmanın kəskinləşə biləcəyi gözləntilərini artırır".
Cavanşir Abbaslı
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ