Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sədr postu uğrunda yaşanan gərginlik səngimək bilmir. Bu dəfə qalmaqallı məsələyə "Drakon" ləqəbli aktyor Rza Rzayev sərt münasibət bildirib.
Musavat.com bildirir ki, aktyor AKİ ətrafında gedən mübarizənin əsl səbəbinin kino olmadığını iddia edib.

“Azərbaycanın bir Şəfiqə Məmmədovası var. Azərbaycan Kinematoqrafçılar İttifaqında mübarizə kino uğurunda deyil, dövlətin kinoya ayırdığı pulun uğrundadır”, – deyə R.Rzayev bildirib.
Aktyorun sözlərinə görə, AKİ-yə rəhbərlik hər kəsə etibar edilə bilməz: “AKİ qeyri-hökumət təşkilatıdır. İki təsisçi ilə yüzlərlə kino sahəsinə aid qeyri-hökumət təşkilatı yaratmaq olar. Bəs niyə yaratmırlar? Çünki mübarizə kino uğrunda deyil, dövlətin kinoya, yəni AKİ-yə ayırdığı vəsait uğrundadır. Dövlət AKİ-yə ayırdığı maliyyəni dayandırsa, bir nəfər də bu quruma sahib çıxmayacaq! Dövlət bu məsələdə öz sözünü deməlidir.
AKİ-nin digər qeyri-hökumət təşkilatlarından fərqli, xüsusi və müstəsna statusu var. Bu statusu hər adama həvalə etmək olmaz və olmayacaq da! Öncələri qarışıq olan adamlara ümumi işlər etibar edilməz. Əsrlərin təcrübəsindən süzülüb gələn həqiqətləri yenidən sınaqdan keçirməyə ehtiyac yoxdur!”
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr postu artıq üç aydan çoxdur boşdur. Qurumun sədri, Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Hazırda İttifaqın birinci katibi, Xalq artisti Şəfiqə Məmmədova sədrin səlahiyyətlərini müvəqqəti olaraq icra edir.
Son üç ay ərzində AKİ-də yeni sədrin seçilməsi ətrafında ciddi qalmaqallar yaşanır. Kino xadimlərinin əksəriyyəti bu posta yeganə namizəd kimi Xalq artisti Şəfiqə Məmmədovanı dəstəklədiyini açıqlayıb. Rejissor Əli İsa Cabbarovun öz namizədliyini irəli sürməsindən sonra isə ittifaq daxilində qarşıdurma daha da dərinləşib, tərəflər arasında gərginlik pik həddə çatıb.
Xalidə Gəray,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ