Onlayn ictimai-siyasi qəzet



Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə dron hücumlarının intensivliyini artırdığı, zərbələrin artıq yalnız gecə saatlarında deyil, gün ərzində həyata keçirildiyi bildirilir. Bildirilir ki, Moskva Kiyevə qarşı istifadə etdiyi hücum taktikasını dəyişib. Yeni mərhələdə daha sürətli reaktiv dronlardan da istifadə olunur. Bu aparatların adi dronlarla müqayisədə daha yüksək sürətə malik olduğu və hava hücumundan müdafiə sistemləri üçün daha çətin hədəfə çevrildiyi qeyd edilir.

Digər mühüm dəyişiklik hücumların tezliyidir. Dronlar artıq yalnız gecə saatlarında deyil, gün ərzində buraxılır. Bu taktikanın əsas nəticələrindən biri Ukraynanın hava hücumundan müdafiə sistemlərinin davamlı şəkildə yüklənməsi və şəhərdə normal həyatın pozulmasıdır.
Bu vəziyyət xüsusilə avqustun sonunda özünü göstərib, sonrakı dövrdə hücumların intensivliyində müəyyən azalma müşahidə edilsə də, sentyabrın son həftəsində vəziyyət yenidən ağırlaşıb.

Kiyev şəhər administrasiyasının məlumatına görə, sentyabrın 22-dən 28-dək paytaxta edilən gündəlik hücumlar nəticəsində 13 nəfər ölüb, 160-dan çox insan yaralanıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatlarına istinad edən “Meduza” isə bildirir ki, sentyabrın ilk 24 gününün 16-sı Kiyevdə mülki əhali arasında itkilərlə başa çatıb. Nəşr bunun genişmiqyaslı müharibənin başlanmasından bəri paytaxt üçün görünməmiş göstərici olduğunu yazır.
Beləliklə, Kiyev üçün əsas problem yalnız ayrı-ayrı dağıdıcı zərbələrin sayı deyil, hücumların davamlı xarakter almasıdır. Gün ərzində və gecə müxtəlif vaxtlarda həyata keçirilən dron hücumları şəhərin nəqliyyatına, biznes fəaliyyətinə, enerji və kommunal sistemlərin işinə, eləcə də insanların gündəlik həyatına ciddi təsir göstərir.
Musavat.com fotoları təqdim edir.


MUSA
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ