Onlayn ictimai-siyasi qəzet
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Sisak Qabrielyan keçmiş prezident Robert Köçəryanın ABŞ-nin Cənubi Qafqazda iqtisadi maraqları olmadığı barədə bəyanatına münasibət bildirib.
Musavat.com-un xəbərinə görə, parlamentdə jurnalistlərə açıqlama verən Qabrielyan bildirib ki, ABŞ kimi böyük dövlət hər hansı regiona ciddi investisiya yatırırsa, deməli, burada iqtisadi maraqları mövcuddur.
Onun sözlərinə görə, ABŞ-nin Ermənistanla əməkdaşlıq çərçivəsində həm iqtisadi, həm də siyasi maraqlarının olması ölkə üçün təhlükə yaratmır.
Qabrielyan Robert Köçəryanı və onun tərəfdarlarını tənqid edərək bildirib ki, onların əsas məqsədi Ermənistanı yenidən Rusiyadan asılı vəziyyətə salmaqdır.
“Onların məqsədi göstərməkdir ki, Ermənistan yalnız keçmiş “müttəfiqlərinə” arxalanmalıdır. Halbuki biz gördük ki, 25 il kağız üzərində müttəfiq olanlar telefonlarında videolara baxa-baxa on minlərlə insanın bombardmanlar altında evlərini tərk etməsinə seyir etdilər”, – deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Köçəryanın açıqlamaları daha çox müxalifətə ünvanlanıb:
“O demək istəyir ki, siz sakit oturun, müxalifətin lideri mən olacağam”.
Qabrielyan Ermənistana qarşı aparıldığı iddia olunan “hibrid müharibə” mövzusuna da toxunub.
O bildirib ki, hibrid müharibə yalnız hərbi əməliyyatlarla məhdudlaşmır.
“Bu, təkcə avtomatlarla döyüşmək deyil. Bu, həm də dezinformasiya, psixoloji təzyiq, ictimai rəyin manipulyasiyasıdır”, - deyə Qabrielyan deyib.
Onun sözlərinə görə, Ermənistana qarşı informasiya hücumları Rusiyadan da gələ bilər:
“Rusiyanın informasiya ruporları burada “xüsusi hərbi əməliyyatların” aparılmasını təklif edəndə, bu nə deməkdir? Bu da hibrid müharibənin bir hissəsidir”.
Deputat bildirib ki, hibrid müharibənin kim tərəfindən aparıldığını Ermənistan cəmiyyəti yaxşı bilir:
“Bəzi məsələlər var ki, onları açıq deməyə ehtiyac yoxdur. Erməni xalqı bu sualların cavabını çox yaxşı bilir”.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ