Onlayn ictimai-siyasi qəzet
Deputat: “Trampdan sonra Azərbaycan-ABŞ əlaqələri korlana bilər, buna hazır olmalıyıq”
“ABŞ Konqresində müxtəlif qüvvələr var. Nəzərə alın ki, orada Demokratlar az deyil. Bayden dövründə və ondan qabaqkı illərdə də həmin qüvvələrin Azərbaycana mənfi münasibətini görmüşük. Ən əsası isə Demokratların erməni lobbisi ilə ciddi bağlantısı var. Ona görə də bu imkandan istifadə edərək əleyhimizə qərarlar qəbul etməyə nail olurlar”.
Bu sözləri “Yeni Müsavat”a deputat Arzuxan Əlizadə ABŞ Konqresində Azərbaycan əleyhinə qanun layihəsinin qəbul edilməsi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, qərarda Azərbaycandakı erməni hərbi canilərinin azad olunmasına çağırış edilməsi ABŞ milli maraqlarına, Qərb dəyərlərinə zidd addımdır.
Deputat qeyd edib ki, Azərbaycan erməni canilərinin, ümumiyyətlə, müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha çox iş görməlidir: “Biz 44 günlük müharibə dönəmində, postmünaqişə illərində ABŞ-dəki erməni lobbisinin təsir gücünü görmüşük. Onlar xüsusən Kaliforniya və bir neçə şəhərlərdə fəaldırlar. Həmin dövrdə müxtəlif şəhərlərdə keçirilən nümayişləri yaxşı xatırlayırıq. Bu gün də həmin qüvvələr ABŞ Konqresinə təsir etmək potensialına malikdir. ABŞ-dəki həmin dairələr ermənilərin mənafeyini müdafiə edirlər və burada təəccüblü hal yoxdur. Çünki ABŞ-də lobbiçilik haqqında qanun var və ermənilərə verilən dəstək normal qarşılanır”.
Arzuxan Əlizadə hesab edir ki, biz də bu reallığı qəbul etməliyik: “Yəni söhbət ondan gedir ki, erməni lobbisi maliyyə xərcləyir və Azərbaycan əleyhinə qətnamələrin qəbuluna nail olur. Ağrılı olsa da, reallıqla razılaşmaq lazımdır. Ancaq biz də boş oturmalı deyilik. Hazırda Tramp və onun hökumətində təmsil olunanəhəmiyyətli şəxslər Azərbaycanla əməkdaşlığın vacibliyindən danışırlar. Biz də məsələyə bu kontekstdə yanaşaraq, Azərbaycanın lobbi qruplarının və diaspor təşkilatlarının aktiv fəaliyyətinə üstünlük verməliyik. Eyni zamanda qardaş Türkiyənin ABŞ-dəki lobbisindən faydalanmaq lazımdır. Həmçinin dost İsrailin lobbi imkanlarından istifadə edə bilərik. Bir sözlə, bu gücləri səfərbər etməklə Konqresdə mövqeyimizi möhkəmləndirmək mümkündür. Unutmayaq ki, Qarabağ işğaldan azad olunsa da, diplomatiya cəbhəsində döyüş gedir və Azərbaycan ermənilərin törətdiyi hərbi cinayətləri, müharibə cinayətlərini, sülh və insanlıq əleyhinə vəhşi hərəkətlərini dünyaya tanıtmaqda bir gün də olsun dayanmamalıdır”.
Deputat, habelə, rəsmi Moskvanın sözçüsü Mariya Zaxarovanın “Qarabağ məsələsi”ni yenidən yada salmasına münasibət bildirib: “Biz yaddan çıxarmamalıyıq ki, Rusiya keçmiş Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Hər üç dövlət illərlə əleyhimizə iş aparıb, Azərbaycanın güclənməsini istəməyib və Qarabağın işğal altında qalmasında maraqlı olub. Bu gün də o hədəf qalmaqdadır. Yəni Azərbaycanın ABŞ, Fransa, Rusiya ilə əlaqələrində normallaşma ola bilər, amma tamamilə arxayınlaşa bilmərik ki, bu dövlətlər regionda qüdrətimizin artmasından narahat olmayacaqlar. Onlar reallıqların dəyişməsini həzm edə bilmirlər. Onlar Türkiyənin, Azərbaycanın, Türk dünyasının bu arealda inkişafından narahatdırlar. Jirinovski vaxtilə deyirdi ki, Türk dünyası yüksəlişdə olacaq. İndi həmin dövr gəlib və təbii ki, imperialist qüvvələr vəziyyətdən narazıdırlar. Ona görə də belə bəyanatlar və təhdidlər fonunda birliyimizi, gücümüzü artırmalıyıq. Yəni Azərbaycana qarşı belə fikirlərin bundan sonra da səslənməsi istisna deyil. Hətta Trampdan sonra hakimiyyətə Demokratlar gələ bilər və yenə Azərbaycan-ABŞ əlaqələri korlanar. Ona görə də buna hazır olmalıyıq, diaspor və lobbi işimizi genişləndirməliyik. Çünki diplomatik cəbhədə mübarizə başa çatmayıb. Bunu nəzərə alaraq, ölkədən kənarda fəaliyyət göstərən iş adamları da hərəkətə keçməli, onların vətənpərvərlik hissləri silkələnməlidir. Bu gün şou adamlarına maliyyə xərcləyirlər, amma Azərbaycanın lobbi işinə də dəstək verməlidirlər. Əks halda, yaşadıqları ölkədə azərbaycanlılara müsbət münasibət olmayacaq”.
Xatırladaq ki, Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 2026-cı il iyulun 22-də qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsi ilə əlaqədar kəskin etiraz bildirib. Bəyanatda deyilir ki, sözügedən təşəbbüsün erməni lobbisinin Azərbaycanı gözdən salmaq üçün çoxdan bəri həyata keçirdiyi kampaniya çərçivəsində irəli sürüldüyü aşkardır. “Eynilə belə bir çirkin missiyanı Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo yerinə yetirir. Onun Rusiyanın erməni mənşəli oliqarxı Samvel Karapetyan da daxil olmaqla, erməni şovinist dairələri ilə bağlı şəxslərin maliyyə yardımı ilə siyasi motivli rəylər hazırladığı beynəlxalq ictimaiyyətə məlumdur. Eyni siyasi xətt Avropanın bir sıra parlament qurumlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində də görünür”, - deyə etiraz bəyanatında qeyd olunub.
Emil
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ