Onlayn ictimai-siyasi qəzet
“Qarabağ”ın transferləri hələlik “özbaşına oyna” sistemindədir
Başımız dünya çempionatına qarışdığında “Qarabağ”ın yay transferləri ilə vaxtında yaxından maraqlanmağa fürsət olmadı. Ara-sıra klubun bu dəfə transferlərə babat pul xərclədiyi haqda xəbərlər gözə dəyirdi, amma bu pul xərcləmək söhbətinin yekunu belə oldu ki, Duranı satmaqla xərclər kompensasiya edildi. Kolumbiyalını 200 min avroya almışdılar, “Seltik”ə satdılar.Transferin məbləği barədə Şotlandiya mediasında təxminən 6 milyon funt sterlinq göstərilir. Ağdam klubu transferlərə bu civarda və bəlkə də bir az pul xərcləmişdi. Bu cür alveri(kobud səslənsə də dünya futbolunda adı belədir) bir neçə dəfə görmüşük, ona görə təəccüblü deyil. Klubların pul qazanmaq siyasəti bizim əslində qarışmayacağımız işdir, amma pul söhbəti həmişə maraqlı olur.

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində “Qarabağ”ın İslandiyanın xeyli zəif “Vestri”si ilə keçirdiyi iki oyunda yay transferləri kifayət qədər məhsuldar oldu. “Vestri”nin, deyəsən, yüksək liqada da oynamadığını, ölkə kubokunu aldığı üçün bu mərhələyə buraxıldığını qeyd edək. Savo 2 qol, Mouaddib və Cephas isə hərəyə 1 qol vurdular. İlk təəssürat, yəni, pis olmadı.Amma 2-ci təsnifat mərhələsində Bolqarıstanın SSKA klubu ilə iki qarşılaşmada “Qarabağ” rəqib qapısına ilk qolu yalnız 210 dəqiqədən sonrakı penaltilər seriyasında vurdu.
Demək olmaz ki, “Qarabağ”qələbə üçün çalışmadı. Xüsusilə dünənki səfər qarşılaşmasında yenə də nə etdilərsə, “köhnələr” (Silva bütün oyunu əla oynadı, amma penaltini vura bilmədi, Zubir və Kadi də bəzi epizodlarda pas atmadılar, xəsislik etdilər, Yankoviç isə vuruşdu )etdilər. Savonun oyunun sonlarına yaxın ilan vurmuş kimi qəfil yerə yıxılmasının, epilepsiya xəstəsini xatırladan hərəkətlər etməsinin və sonra da meydanı tərk etməsinin səbəbini anlaya bilmədim. (Qurban Qurbanov oyundan sonra yəqin ki, bu epizodu Savonun 120 dəqiqəlik oyuna tam hazır olmaması ilə izah edib.) Yenilər qarşıdakı aylarda, illərdə klub üçün nə qədər faydalı olacaqlar, onu bilmirəm. Amma Bolqarıstan klubu ilə qarşılaşmada gəldiyim ilkin təəssürat həm də bu oldu ki, onlar hələ ki, “Qarabağ”a ancaq “özbaşına oyna” adlı sistem gətiriblər.

Klubun oyun sistemi – topa daha çox nəzarət – qalır, bu məlum. Amma, məsələn, əvvəl Savo, sonra isə ikinci hissədə meydana buraxılan yeni transferlər ancaq “özbaşına oyun” göstərdilər. Yəqin peşəkarlar üçün səbəblər tapmaq asandır – yeni klub, yeni ölkə, yeni məşqçilər və s. Bunlar, necə deyərlər, klubun, məşqçilərin problemidir, azarkeş isə “qəddardır” – onu nəticə maraqlandırır.
Nəticədən söz düşmüşkən, qalibin penaltilərlə müəyyənləşəcəyi bəlli olanda çoxları kimi mən də düşündüm ki, Koxalski 10 oyunçunun bacara bilmədiyini “Qarabağ” üçün edəcək. Fəqət! Son illər futbolda belə bir qapıçı rəzaləti görmədim. Avropanın TOP-5 liqalarında oynamaq xəyalları quran Koxalski gah sağa, gah sola özünü yıxıb penaltiləri... yola verdi. Nədir onun qarnının ağrısı, bunu biz bilmərik. Onun bu cür qapıçılığına izahat nədir, daha maraqlı deyil, amma bir ağrı-acısı mütləq ki, var. İddia etmirəm ki, istəsəydi, penaltilərdən birini qaytarardı, amma bu cür rəzil qapıçı obrazı yaratmamaq da olardı. “Qarabağ” adına ayıb idi.
![]()
Bolqar klubu baxımlı və mübariz oyun göstərdi. Qələbəni əsas vaxtda da əldə edə bilərdilər. “Qarabağ”a qalib gəldikləri üçün çox sevindilər. Rəqibləri “Makkabi” oldu, onu da keçə bilərlər. İndi “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək. Rəqib yenə də asan deyil – Kiyev “Dinamo”su ilə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparacağıq. Onlar da İsrailin “Makkabi”sinə uduzublar.
İlk oyun avqustun 6-da Ukrayna təmsilçisinin ev matçlarını keçirdiyi Polşanın Lyublin şəhərində, cavab görüşü isə avqustun 13-də Bakıda olacaq. Konfrans Liqasının pley-off mərhələsinin püşkatması isə bu oyunlardan əvvəl – avqustun 3-də keçiriləcək. Belə xəbərlər də var ki, “Qarabağ” pley-offa keçərsə, yüksək klub reytinqinə (42.750) görə səpələnmişlər sırasında yer alacaq. Bu isə “Qarabağ”ın oyunundan və püşkdən asılı olaraq pley-offda yenidən SSKA ilə qarşılaşa bilər. Sevinməmək də olar, revanş haqda düşünmək də.
Sonda. “Qarabağ”ın hətta uğursuz Avropa startı belə nədənsə, “Sabah”ın ÇL-də növbəti mərhələyə vəsiqə qazanmasını kölgədə qoydu... Demək, hələ “Qarabağ” brendi dəbdədir. Gələcəkdə necə olacaq, bunu zaman göstərər...
Nazim SABİROĞLU
Musavat.com
01 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ