Onlayn ictimai-siyasi qəzet
Rusiyada Dövlət Dumasına seçkilər ərəfəsində tanınmış rusiyalı müxalifətçi İlya Yaşinin Ermənistanda keçirməyə hazırlaşdığı aksiya gündəmə gəlib. Yaşin seçki günü İrəvandakı Rusiya səfirliyinin qarşısına toplaşmağa və səsvermə məntəqəsində növbəyə dayanmağa çağırıb. Onun bu addımı Ukraynadakı müharibəyə etirazla əlaqələndirilir.

Musavat.com xəbər verir ki, “Qolos Armeniya” nəşri Yaşinin aksiyası sərt şəkildə tənqid edib.
Müəllif Ruben Marqaryan sual edir ki, Rusiya müxalifətinin nümayəndəsi niyə belə bir siyasi aksiyanı məhz İrəvanda keçirməyi planlaşdırır?
Məqalədə bildirilir ki, Yaşin seçki günü saat 12:00-da tərəfdarlarını İrəvandakı Rusiya səfirliyinin qarşısına çağırıb. Onun planına əsasən, aksiya iştirakçıları seçki məntəqəsində səsvermə üçün növbəyə dayanaraq Ukraynadakı müharibəyə və Rusiyanın hazırkı siyasətinə etirazlarını nümayiş etdirəcəklər. Bundan sonra Yaşinin tərəfdarları ilə İrəvandakı Kino Evində toplantı keçirməsi nəzərdə tutulur.Ruben Marqaryan Yaşinin Rusiyanın tanınmış müxalifətçiləri ilə keçmiş siyasi əlaqələrini də xatırladır. Müəllif onun müxtəlif dövrlərdə Qriqori Yavlinski, Kseniya Sobçak, Qarri Kasparov, Boris Nemtsov və Aleksey Navalnının siyasi çevrəsində olduğunu yazır.Məqalənin müəllifi isə əsas diqqəti aksiyanın keçirilmə məkanına yönəldir. Onun fikrincə, Ermənistan-Rusiya münasibətlərinin kifayət qədər gərgin olduğu bir vaxtda Rusiyanın daxili siyasi gündəmi ilə bağlı aksiyanın İrəvanda keçirilməsi təsadüfi seçim olmaya bilər.
Marqaryan hesab edir ki, Yaşinin aksiyası Rusiya ilə Ermənistan arasında onsuz da mövcud olan siyasi fikir ayrılıqlarını daha da kəskinləşdirə bilər. Müəllif xüsusilə vurğulayır ki, belə aksiyaların nəticələri yalnız siyasətçilərlə məhdudlaşmır və Rusiya ilə iqtisadi əlaqələri olan sıravi vətəndaşlara və biznes dairələrinə də təsir göstərə bilər.Məqalədə İlya Yaşinin Ukraynadakı müharibəyə qarşı mövqeyi də tənqid olunur. Müəllif hesab edir ki, Rusiya dövlət siyasətinə qarşı keçirilən belə aksiyaların müharibənin dayandırılmasına real təsiri şübhəlidir. Marqaryanın yanaşmasına görə, Yaşinin aksiyanı Vaşinqton, Berlin və ya başqa Qərb şəhərlərində deyil, məhz İrəvanda keçirməsi xüsusi suallar doğurur. Müəllif bunu Ermənistan-Rusiya münasibətlərindəki hazırkı vəziyyət fonunda qiymətləndirir və aksiyanın İrəvanda əlavə siyasi gərginlik yaratmaq ehtimalını önə çəkir.

Yaşinin tərəfdarları üçün əsas məqsəd isə seçki məntəqəsinə gəlməklə Rusiyanın Ukrayna siyasətinə etiraz nümayiş etdirməkdir. Lakin “Qolos Armenii”dəki məqalədə aksiyanın konkret siyasi nəticəsinin nə olacağı sual altına alınır. Məqalənin sonunda Yaşinin tərəfdarlarından birinin sosial şəbəkədə verdiyi sual da diqqət çəkir: “Gələcəyik, səfirliyin qarşısında seçki qutusuna növbəyə dayanacağıq... Bəs kimə səs verək?”
Belə görünür ki, İlya Yaşinin İrəvana gəlişi və Rusiya səfirliyinin qarşısında aksiya keçirmək planı Ermənistanın daxili siyasi gündəmindən kənar hadisə kimi görünsə də, Rusiya-Ermənistan münasibətlərinin hazırkı fonunda əlavə siyasi müzakirələrə yol açıb. İrəvanda keçiriləcək aksiya yalnız Rusiyanın daxili siyasəti deyil, Moskva ilə İrəvan arasındakı münasibətlərin gələcəyi baxımından da diqqət çəkən hadisəyə çevrilə bilər.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ