İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Rusiyanı xilas etmək üçün savaşı qloballaşdırır: Daha bir nüvə dövləti Ukraynaya qarşı müharibə qərarı verib

Bundan sonra Kremlin savaş meydanında Rusiyanın hərbi resurslarını hansı səviyyədə qoruyub, saxlaya biləcəyi Ukrayna müharibəsi ətrafında mövcud olan vəziyyətin yeni istiqamətləri baxımından, böyük önəm daşıyacaq... Eyni zamanda, kollektiv Qərbin rəsmi Kiyevə hərbi-siyasi dəstəyinin davamlı olub-olmayacağı və Rusiyanın müttəfiqlərinin Ukaryna savaşında birbaşa iştirak hazırlığı da bir çox şeyləri ciddi şəkildə dəyişə bilər...

Rusiya və Ukrayna arasındakı müharibə uzandıqca, Kremlin maliyyə-iqtisadi, eləcə də, hərbi-siyasi resursları üzərində yaranan təzyiq getdikcə, daha qabarıq şəkildə hiss olunur. Belə ki, savaş meydanında uzunmüddətli qarşıdurma, gemişmiqyaslı silah-sursat sərfiyyatı və hərbi-sənaye kompleksinin üzləşdiyi çətinliklər Rusiyanın hakim dairələri üçün olduqca ciddi problemlər yaradır. Ona görə də, Kreml ölkədaxili resursların tükənmə mərhələsində olmasına bağlı problemi, Rusiyanın ən yaxın hərbi-siyasi tərəfdaşlarının mövcud imkanlarından maksimum səviyyədə istifadə etməklə, kompensasiya məcburiyyətində qalıb.

Onu da qeyd etmək lazımdır ki, məhz bu baxımdan, Ukrayna savaşının başlanmasından üzü bəri Belarusun dəstəyinə paralel olaraq, indi də Rusiya üçün Şimali Koreyanın yardımları tədricən daha intensiv şəkildə ön plana çıxmaqdadır. Belə ki, bir müddət əvvəl Belarus müəssisələrinin Rusiya ordusu üçün silah-sursat və hərbi texnika istehsalı prosesində iştirak etməsi Ukraynanın sərt reaksiyasına səbəb olmuşdu. Rəsmi Kiyev açıq şəkildə bəyan etmişdi ki, əgər, Belarus ərazisindən Rusiyanın hərbi potensialının gücləndirilməsinə yönəlik dəstək fəaliyyəti davam etdirilərsə, həmin prosesdə iştirak edən obyektlər Ukrayna üçün legitim hərbi hədəflər kimi qiymətləndirilə bilər. Və Belarusa yönəlik bu xəbərdarlıq Ukrayna müharibəsinin daha geniş coğrafiyaya yayılma riskini ciddi şəkildə artırmışdı.

8bce8c54-7d3f-45fe-9eb1-2b70aee8152f.jpg (131 KB)

Maraqlıdır ki, indi isə buna bənzər müzakirələr artıq Şimali Koreyanın son davranışlarına münasibətdə aparılmağa başlayıb. Belə ki, Ukrayna hərbi kəşfiyyatının açıqladığı məlumatlara görə, rəsmi Pxenyan Rusiya ərazisində Şimali Koreyanın raket sistemlərini yerləşdirməkdə davam edir. Eyni zamanda, Şimali Koreyadan Rusiyaya çoxlu sayda ballistik raketlər və hərbi personalın göndərildiyi də iddia olunur. Və bu məlumatlar hələlik tam müstəqil şəkildə təsdiqlənməsə də, onların doğru çıxacağı təqdirdə, Şimali Koreyanın Ukrayna savaşında iştirak rolu əvvəlki mərhələlərlə müqayisədə daha da genişmiqyaslı xarakter almış olacaq.

Digər tərəfdən, əgər, bu proses eynilə davam edərsə, onda Rusiya ilk dəfə olaraq, öz hərbi əməliyyatlarının önəmli bir hissəsini xarici müttəfiqlərinin resursları hesabına reallaşdıran böyük dövlət görüntüsü ilə üzləşə bilər. Bu baxımdan, indi baş verənlər artıq Rusiyanın öz daxili hərbi imkanları barədə də yeni və ciddi suallar yaratmağa başlayıb. Bununla yanaşı, rəsmi Kiyev artıq bəyan edib ki, Şimali Koreyanın Rusiya ərazisindəki hərbi kontinbgenti və raket kompleksləri Ukrayna ordusu üçün legitim hərbi hədəflər hesab olunacaq.

Bütün bunlar isə yaxın gələcəkdə Rusiyanın dərinliklərində yerləşdirilən və Ukrayna savaşına birbaşa aidiyyatı olmayan kənar xarici dövlət – Şimali Koreya tərəfindən nəzarət olunan hərbi infrastrukturun da dağıdıcı zərbə riski ilə üz-üzə qala biləcəyini göstərir. Yəni, rəsmi Pxenyan Rusiyaya hərbi dəstək prosesində mövcud reallıqları nəzərə almaqdan imtina edərsə, bu, Şimali Koreyanın da Ukrayna savaşına cəlbolunma ehtimalını daha da ciddiləşdirmiş olacaq. Və belə vəziyyədəsə, Şimali Koreya Ukraynanın hərbi hədəfinə çevrilməklə yanaşı, həm də rəsmi Pxenyanla onsuz da kəskin münasibətlərə malik kollektiv Qərbin də siyasi təzyiqləri ilə üzləşməli olacaq.

d05c39ae-49f4-496e-99f4-4d45c4b93dd3.jpg (177 KB)

Onu da nəzərə almaq lazımdır ki, hazırda Rusiyaya münasibətdə kollektiv Qərb düşərgəsinin mövqeyi də sərtləşməkdə davam edir. Belə ki, bu düşərgəninin əsas təmsilçilərindən olan Fransanın prezidenti Emmanuel Makron Rusiyaya qarşı yeni və daha sərt sanksiyaların hazırlanacağını bildirib. Eyni zamanda, ABŞ və Avropa dövlətləri isə Rusiyanın “hərbi istehsal zənciri”ni mümkün qədər zəiflətmək, üçüncü ölkələr vasitəsilə həyata keçirilən silah-sursat tədarükü kanallarını məhdudlaşdırmaq istiqamətində də cəhdlərini artırıblar.

Maraqlıdır ki, Şimali Koreyanın nüvə silahına və inkişaf etmiş ballistik raket sistemlərinə malik olması Kremllə rəsmi Pxenyan atasındakı hərbi əməkdaşlığa xüsusi diqqətin yönəlməsinə səbəb olur. Halbuki, hazırda nə Rusiyanın, nə də Şimali Koreyanın Ukrayna və kollektiv Qərb ölkələrinə qarşı nüvə silahından istifadə edə biləcəklərini təsdiqləyəcək etibarlı sübut yoxdur. Ancaq bununla belə, nüvə potensialına sahib bir dövlətin – Şimali Koreyanın Rusiya ilə Ukrayna savaşı konteksində hərbi əməkdaşlığının dərinləşməsi artıq inkaredilməz reallıqdır. Və bu, beynəlxalq təhlükəsizlik baxımından, əlavə narahatlıqlar yaratmaqla yanaşı, həm də regiondankənar hərbi-siyasi aktorların da indiki proseslərə yönəlik münasibətini ciddi şəkildə sərtləşdirə bilər.

27ed89d2-f9b6-4b7e-a380-026d6782901e.jpg (155 KB) 

Göründüyü kimi, Ukrayna müharibəsi artıq yalnız iki ölkə arasında davam edən regional hərbi qarşıdurma deyil. Yəni, bu müharibə ətrafında formalaşan yeni hərbi-siyasi bloklaşmalar, Kremlə qarşı sanksiyalar, hər iki ölkəyə paralel silah tədarükü və diplomatik ziddiyyətlərə bağlı qarşıdurmalar indi qlobal təhlükəsizlik sisteminin gələcək taleyinə də birbaşa təsir göstərən faktorlara çevrilməyə başlayıb. Və bu baxımdan, yaxın perspektivdə Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin inkişafına təsir göstərə biləcək əsas amillər müəyyən ehtimallara da imkan verir.

Belə anlaşılır ki, bundan sonra Kremlin savaş meydanında Rusiyanın hərbi resurslarını hansı səviyyədə qoruyub, saxlaya biləcəyi Ukrayna müharibəsi ətrafında mövcud olan vəziyyətin yeni istiqamətləri baxımından, böyük önəm daşıyır. Eyni zamanda, kollektiv Qərbin Ukraynaya hərbi-siyasi və maliyyə dəstəyinin davamlı olub-olmayacağı da taleyüklü faktorların sırasına daxildir. Nəhayət, Kremlin Rusiyanın hərbi-siyasi müttəfiqlərini Ukaryna savaşında birbaşa iştiraka cəlb etmək cəhdlərinin yekun nəticələri də bir çox şeyləri ciddi şəkildə dəyişə bilər. Məhz bu önəmli amillərin yaxın gələcəkdə Ukrayna müharibəsinin miqyasını və beynəlxalq təhlükəsizlik mühitini müəyyənləşdirən əsas faktorlar olacağı qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR