Onlayn ictimai-siyasi qəzet
Krıma gedən quru marşrutlarından biri olan “Novorossiya” avtomobil yolunda yük maşınlarına dron hücumlarının yeni görüntüləri yayılıb.
Musavat.com xəbər verir ki, Ukrayna dronları Krımın təchizatında istifadə edilən yük nəqliyyatına hücumları davam etdirir.
Görüntülərdəki Obitoçnaya çayını göstərən yol nişanına əsasən, kadrların Zaporojye vilayətinin Rusiya qüvvələrinin nəzarətində olan hissəsində çəkildiyi bildirilir.
Məlumata görə, söhbət R-280 avtomobil yolundan gedir. Bu yol Krımın quru yolu ilə təchizatında mühüm marşrutlardan biri hesab olunur.
Zaporojye vilayətinin qondarma qubernatoru Yevgeni Balitski iyulun 20-də Rusiya Prezidenti Vladimir Putinlə görüşündə R-280 yolunun tam nəzarət altına alındığını və Ukrayna dronlarının effektivliyinin əhəmiyyətli dərəcədə azaldığını bildirmişdi.
“Krımın təchiz edildiyi R-280 yolu bu gün tam nəzarət altındadır, Ukrayna dronlarının effektivliyi əhəmiyyətli dərəcədə azalıb. Tətbiq olunan vasitələr daim təkmilləşdirilir. Yeni üsullar və Rusiya Silahlı Qüvvələrinin yeni vasitələri tətbiq olunur. Sizin göstərişinizlə yol xüsusi nəzarətə götürülüb”, – Balitski Putinə demişdi.
Lakin yayılan yeni görüntülər həmin magistralda yük nəqliyyatına dron hücumlarının davam etdiyini göstərir.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ