Onlayn ictimai-siyasi qəzet
Məkkədə Məscidül-Həram ərazisində “intiharçı hücumunun qarşısının alındığı” barədə sosial şəbəkələrdə yayılan məlumatlar Səudiyyə Ərəbistanı tərəfindən təkzib edilib.
Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları Məkkədə bir şəxsin saxlanıldığını təsdiqləsə də, onun üzərində partlayıcı maddə və ya partlayıcı jilet olduğu barədə yayılan iddiaların həqiqətə uyğun olmadığını açıqlayıb.
Rəsmi məlumata görə, həmin şəxs yoldan keçənləri narahat etdiyi, insanlar arasında qorxu və panika yaratdığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun barəsində qanuni tədbirlərin görüldüyü və işin Baş Prokurorluğa göndərildiyi bildirilib.
Bəzi sosial media hesablarında isə saxlanılan şəxsin Kəbəyə yaxınlaşdığı və üzərində partlayıcı jilet olduğu, təhlükəsizlik qüvvələrinin mümkün hücumun qarşısını aldığı iddia edilmişdi. Lakin Səudiyyə Ərəbistanının rəsmi qurumları bu məlumatları təsdiqləməyib və yayılan iddiaların əsassız olduğunu vurğulayıb.
Həmçinin sosial şəbəkələrdə yayılan bəzi görüntülərin hadisə ilə əlaqələndirildiyi, lakin həmin videonun köhnə olduğu və 2017-ci ildə baş vermiş başqa hadisəni əks etdirdiyi barədə məlumatlar yayılıb.
Səudiyyə Ərəbistanı rəsmiləri məlumatların yalnız rəsmi mənbələrdən əldə edilməsinə və təsdiqlənməmiş xəbərlərin yayılmamasına çağırıb.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ