Onlayn ictimai-siyasi qəzet
Bakıda və ölkənin digər iri şəhərlərində avtomobillərin sayının sürətlə artması parklanma problemini şəhər infrastrukturunun ən ciddi çatışmazlıqlarından birinə çevirib.
Xüsusilə yeni tikilən yaşayış kompleksləri, ticarət mərkəzləri və müxtəlif təyinatlı obyektlərin bir çoxunda kifayət qədər dayanacaq yerinin nəzərdə tutulmaması küçələrin avtomobillərlə dolmasına, tıxacların artmasına və piyadaların hərəkətinin çətinləşməsinə səbəb olur. Problemin aradan qaldırılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşayış və qeyri-yaşayış obyektləri üçün minimum parklanma yerlərinin sayını müəyyən edən yeni kvotalar təsdiqləyib. Bəs bu tələblər şəhərlərdə illərdir davam edən parklanma probleminin həllinə nə dərəcədə töhfə verəcək? Tikinti sektoruna və mənzil qiymətlərinə təsiri necə olacaq?

Azərbaycanın tanınmış memarı, professor Cahid Həsənov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib. O deyib ki. nəhayət, istər yaşayış binaları, istərsə də ticarət obyektləri olsun, bura gəlib-gedən insanların sayına və yükünə uyğun olaraq minimum həddə də olsa, parklanma yerləri yaradılmalıdır:
"Məsələn, əgər söhbət ikimərtəbəli bir marketdən gedirsə, əvvəllər onlardan parklanma yeri tələb olunmurdu. Sahibkarlar birtərəfli qaydada, müştəriləri razı salmaq üçün kiçik həcmli də olsa, dırnaqarası parklanma yerləri düzəldirdilər. Lakin bu, qaydalar əsasında tənzimlənməli idi.
Təsəvvür edin, yeni tikililərin inşasında bu qaydalar tətbiq edilsə də, bu, şəhərin ümumi parklanma problemini yüz faiz həll edəcək bir məsələ deyil. Çünki sıx məhəllələrdə, ticarət və əyləncə mərkəzləri olan kvartallarda binalar üst-üstə ucalır, altlarında isə restoranlar, kafelər, mağazalar fəaliyyət göstərir. Bu ərazilərdə 2000, 3000 və ya 5000 avtomobil tutumu olan, yerüstü olmasa da, yeraltı parklanma yerləri nəzərdə tutulmalı və inşasına start verilməlidir".
Ekspert deyib ki, sovet dövründə tikilmiş dördmərtəbəli binalarda həyəti dardır, sakinlər
in öz maşınları ora güclə yerləşir: "Üstəlik, qonaqların maşınları və birinci mərtəbədəki ticarət obyektlərinə gələnlərin axını da bura əlavə olunur. Əvvəllər 10 maşınlıq yer olan əraziyə indi gün ərzində 500 maşın gəlib-gedir. Bu isə həm şəhərin mərkəzi prospektlərində hərəkətə mane olur, həm də tıxac yaradır. Digər tərəfdən, xətlənmə və yazılan cərimələr də problemin həllinə qətiyyən kömək etmir".

Memar qeyd edib ki, cərimə yazmaqla tıxacları azaltmaq və yolları genişləndirmək mümkün deyil:"Belə çıxır ki, hamı maşından imtina edib bazarlığa piyada getməlidir ki, cərimə olunmasın və ya tıxac yaratmasın. Əlbəttə, yeni qaydaların tətbiqi yaxşı və təqdirəlayiq addımdır. Məsələn, restoran və şadlıq evlərində əvvəldən parklanma məsələsi qaydalar olmadan da sahibkarlar tərəfindən çox gözəl təşkil olunub. İstirahət mərkəzlərində, şadlıq saraylarında, yay konsert salonlarında bu məsələ həllini tapıb. Lakin elə marketlər və qeyri-ticarət obyektləri, eləcə də firmaların ofisləri var ki, ikimərtəbəli binanın qarşısına gün ərzində onlarla maşın gəlsə də, parklanma yeri nəzərə alınmayıb. Bundan sonra isə qaydalar ciddi şəkildə qoyulmalıdır: obyektin 5 və ya 10 maşınlıq parklanma yeri təmin edilmirsə, onun tikintisinə icazə verilməməlidir. Bu qayda əladır. Bununla paralel olaraq, maşınların və insanların sayı çoxalır, iqtisadiyyat böyüyür. Memarlıq və şəhərsalmanın da öz tələbləri var. İndi mütləq şəkildə yerüstü olmasa da, yeraltı parklanma yerləri təmin olunmalıdır. Hər məhəllə və kvartal üzrə, ehtiyaca uyğun olaraq baş plana əsasən parklanma yerləri salınmalıdır ki, insanlar maşınlarını rahat saxlayıb piyada gəzə bilsinlər. Bu problem təkcə ticarət obyektlərinə aid deyil, həm də şəhər parklarına aiddir. Məsələn, hazırda keçdiyim parkın ətrafında maşın saxlamağa yer yoxdur. Saxlayanda isə yol daralır. Halbuki parklarımız abadlaşır, genişlənir və yaşıllaşır. Elə bu parkların özünün altında, yeraltı hissəsində 5-10 minlik parklanma yerləri olmalıdır. Bu yerlər təkcə parka gələnlər üçün deyil, həm də ətrafdakı inzibati, kommersiya binaları, ticarət mərkəzləri və restoranlar üçün istifadə edilə bilər. Bir sözlə, bizdə yer və məkan sıxlığı faciəsi yoxdur, sadəcə bu imkanlardan düzgün istifadə olunmalıdır".
Afaq Mirayiq,
Musavat.com
18 Iyul 2026
17 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ