İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərakeşin uğurları

Ana dilimizin necə “qorunması” barədə yazıma qazi-jurnalist Məğrub bəyin şərhini oxumanızı istərdim: “Mənə göndərilən “dil nümunələrinin” yanında sənə göndərilənlər toya getməlidir, heç olmazsa s-nin yanına h atıb ş hərfi qayırırlar. Buyur, gör Bakı Apellyasiya Məhkəməsi mənə məktubunda “şikayət”i necə ana dilinə salıb”. Həmin məktubu cüzi ixtisarla təqdim edirəm: “Hormetli BEDELLİ MEGRUB! Sizin ... tarixde Baki Apellyasiya Mehkemesinde xususi ittiham qaydasinda sikayet verilen sexs ... ile bagli ... sayli cinayet isi uzre Xususi ittihamci qisminde mehkeme iclasinda istirak etmeyiniz zeruridir”.

Doğrudan da, faciəvi vəziyyətdir. Biz niyə öz ana dilimizə bu qədər hörmətsiz yanaşırıq? Xaricilər, səfirlər Azərbaycana gələndə bizim dili öyrənməyə çalışırlar, bəziləri hansısa cümlələri, şeir parçalarını ekranda, efirdə oxuyur, həmin faktları dərhal, həvəslə, düzgün olaraq işıqlandırırıq. Bəs özümüz niyə ana dilimizi düzgün istifadə etmirik? Sabah həmin ingilis səfirə necə izah edə bilərik ki, “şikayət” sözü Azərbaycan dilində “sikayet” yazılır, “iş” isə əslində “is”dir? Bunu qaydaya salmaq çox çətindirmi?

Sözgəlişi, bu gün metro idarəsi “28 May” və “Nizami” arasında yeni tunelin tikiləcəyini açıqlayıb. Ondan sonra gediş intervalları düzələcək, stansiyalarda basabas azalacaq. Təki xeyirli-uğurlu olsun, bəlkə 11 ay (proqnoz belə verildi) çətinliyə dözərik. Ancaq adi telefon mesaj xidmətində hərfləri tənzimləmək metroda tunel qazmaqdan çətindirmi?

Proqnoz demişkən, başqa bir dəyərli proqnozu futbol mütəxəssisi Vüqar Nadirov vermişdi, əgər yadınıza gəlirsə. O demişdi ki, “Qarabağ” Sofiyada da Bakıdakı kimi oynasa, qalib gələ bilməyəcək. İndi oxucumuz Ruslan müəllim yazır ki, Nadirovun proqnozu doğru çıxdı, “Qarabağ” Sofiyada da Bakıdakı kimi oynadı və qalib gələ bilmədi. Sonra isə soruşur, indi biz nə edək? Mən də sayın Ruslan müəllimə yazdım ki, başqa əlacımız qalmır, məcburuq Nadirovu “milli Nostradamus” elan edək.

Ümumiyyətlə, çalışmalıyıq gələcəkdə milli komandalarımızda oynayan yerli oyunçuların sayı artsın, yoxsa bəzən Azərbaycan çempionatına baxanda anlamaq olmur stadion hansı ölkənin şəhərindədir? Seneqaldır, yoxsa Mərakeş? Burundi-dir, ya Zambiya? Belə şeylər də vacibdir, təkcə dil və metro ilə inkişaf olmayacaq.

Bunu mən havadan yazmıram. Təzəlikcə İspaniya-Mərakeş sərhədində baş verən insan faciələrini yəqin hamınız izləmisiniz. İspaniyanın solçu hökumətinin guya qanunsuz mühacirlərə yaşıl işıq yandırdığını (əslində buna bənzər nəsə qanun vermişdilər) eşidən minlərlə afrikalı İspaniyanın Afrikaya bitişik ərasizi - eksklavı olan Seutaya axın etmişdilər. Bir sutkada Seuta şəhərinə 80 minə yaxın adam keçmişdi.

Seutanın öz əhalisi də 85 mindir və ərazi çox balaca – 18 kvadrat kilometr olduğundan yaranan vəziyyət ağlamalı idi. Elementar su və çörək, yatacaq yeri çatışmırdı və mühacirlərin böyük hissəsi elə həmin gün məcburən geri qayıtdılar. 60-70 bədbəxt insan isə Seutaya keçmək istərkən suda boğulmuşdu. Deməli, bu yazıqların xoşbəxtlik axtarışı böyük məyusluq və insan faciələri ilə bitdi.

İndi sual yaranır: Mərakeş milli futbol komandasının dünya çempionatlarında böyük uğurlar qazanmasının, bunun ölkədə milli bayram kimi qeyd edilməsinin nə əhəmiyyəti var, əgər sənin camaatın xaricə qaçmağa ən təhlükəli yolları da axtarmağa məcburdursa?

Əlbəttə, bunun bizim mövzuya dəxli az idi, mərakeşlilərə ürəyim ağrıdığı üçün yazdım.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2026

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR