Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən məşhur texnologiya milyarderlərindən biri olan Bill Qeyts son illərdə adının ən çox hallandığı mövzulardan biri ilə yenidən gündəmə gəlib. Söhbət maliyyəçi və cinsi istismar cinayətlərinə görə məhkum olunmuş Cefri Epşteyn ilə əlaqələrindən gedir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Konqresində bu həftə verdiyi ifadədə Qeyts Epşteynlə görüşlərini səhv adlandırıb və onunla əlaqə qurmasına görə peşman olduğunu bəyan edib.
Bu mövzu yeni deyil. Əslində, son 5 ildə Bill Qeyts müxtəlif müsahibələrdə Epşteynlə münasibətlərini izah etməyə çalışsa da, hər yeni açıqlama daha çox sual doğurub. 2021-ci ildə CNN-ə müsahibəsində Qeyts ilk dəfə açıq şəkildə etiraf etmişdi ki, Epşteynlə görüşmək yanlış qərar olub. Onun həmin dövrdə səsləndirdiyi ən məşhur ifadələrdən biri belə idi: “Onunla vaxt keçirmək böyük səhv idi”.
Qeyts bildirmişdi ki, Epşteynin qlobal səhiyyə layihələrinə milyardlarla dollar cəlb edə biləcəyinə inanıb və məhz bu səbəbdən onunla bir neçə dəfə görüşüb. Lakin sonradan bunun real olmadığını gördüyü üçün əlaqələri dayandırıb. Bu açıqlama cəmiyyət tərəfindən tam inandırıcı qarşılanmadı. Çünki həmin vaxt artıq Epşteyn 2008-ci ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı cinayətlərə görə məhkum edilmişdi. Tənqidçilər soruşurdular ki, dünyanın ən güclü fondlarından birini idarə edən Bill Qeyts necə ola bilərdi ki, Epşteynin keçmişini bilməsin?
Bir neçə ay sonra PBS NewsHour proqramında jurnalist Cudi Vudraff Qeytsi daha sərt suallarla üz-üzə qoydu. Milyarder həmin müsahibədə demişdi ki, bu görüşlər səhv idi: “Onun vəd etdiyi nəticələri vermədi və mən əlaqələri kəsdim”.
Lakin müsahibənin ən çox müzakirə olunan hissəsi başqa bir sual zamanı yaşandı. Vudraff Qeytsdən soruşdu ki, Epşteyn hadisəsindən hansı dərsi çıxarıb. Qeytsin cavabı qısa oldu: “O ölüb...”
Bu cavab sosial şəbəkələrdə geniş tənqid olundu. Bir çoxları hesab etdi ki, Qeyts məsuliyyət mövzusundan yayınmağa çalışır. Bu həftə ABŞ Konqresində verdiyi ifadədə isə Bill Qeyts əvvəlki açıqlamalarından da sərt mövqe nümayiş etdirdi. Onun hazırladığı yazılı bəyanatda yer alan əsas fikir belə olub: “Mən əvvəldən Epşteynlə heç vaxt görüşməməli idim”.

Qeyts bildirib ki, indi bildiklərini o vaxt bilsəydi, Epşteynin vəd etdiyi istənilən maliyyə dəstəyi belə həmin münasibəti haqlı çıxara bilməzdi. Konqres qarşısında o, həmçinin vurğulayıb ki, Epşteynin cinayət fəaliyyətindən xəbərsiz olub və onun hər hansı qanunsuz əməlində iştirak etməyib. ABŞ qanunvericiləri də hazırda Qeytsə qarşı hər hansı cinayət ittihamının olmadığını bildirirlər.
Görünən odur ki, “Epşteyn işi” dünyanın ən nüfuzlu şəxslərinin qərarvermə qabiliyyəti haqqında suallar yaradan siyasi və ictimai fenomenə çevrilib. Bill Qeytsin nümunəsi göstərir ki, bəzən qanunu pozmamaq reputasiya böhranından yayınmaq üçün kifayət etmir. İctimaiyyətin sualı daha sadədir - azyaşlıların istismarı ilə bağlı məhkum olunmuş bir şəxslə niyə ümumiyyətlə münasibət qurulub? Məhz buna görə də Bill Qeyts 5 il əvvəl dediyi “böyük səhv” ifadəsini bu gün də təkrar etmək məcburiyyətində qalır. Və görünən odur ki, Epşteyn bu gün sağ olmasa da, dünyanın ən zəngin adamlarından birini hələ uzun müddət izləməyə davam edəcək.
E.Məmmədəliyev,
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ