Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda keçirilən növbədənkənar parlament seçkisində prezident Kasım-Jomart Tokayevə yaxın Adilet Partiyası böyük üstünlüklə qalib gəlib. Seçkilərin nəticələri Astanada siyasi sabitliyin və Tokayevin hakimiyyət üzərində nəzarətinin daha da möhkəmləndiyini göstərir. Belə ki, ölkənin yeni, 145 deputatdan ibarət birpalatalı parlamentinə – Kurultaya seçkidə prezident Kasım-Jomart Tokayevin siyasi kursunu dəstəkləyən Adilet Partiyası böyük üstünlüklə qalib gəlib.
Mərkəzi Seçki Komissiyasının yekun məlumatına görə, Adilet seçicilərin 71,17 faizinin səsini qazanıb və Kurultayda 110 mandat əldə edib. Qazaxıstandakı seçki prosesi Azərbaycan üçün də xüsusi diqqət kəsb edib. Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Qazaxıstan MSK sədri Nurlan Abdirovun dəvəti ilə Astanaya gedərək seçkiləri beynəlxalq müşahidəçi qismində şəxsən izləyib.
Pənahovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti səsvermə günündə paytaxt Astanadakı seçki məntəqələrində səsvermə prosesini müşahidə edib. Azərbaycan MSK nümayəndələri həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki qurumlarının Məşvərət Platformasının iclasında iştirak ediblər. Seçki həm də Qazaxıstanın yeni siyasi sisteminin ilk böyük sınağı olub. Bu il keçirilən konstitusiya dəyişikliklərindən sonra əvvəlki ikipalatalı parlamentin yerinə 145 deputatdan ibarət vahidpalatalı Kurultay yaradılıb. Nəticədə Tokayev administrasiyasının siyasi qərarların qəbulunda imkanları genişlənib.
Musavat.com qeyd edir ki, Qazaxıstandakı seçkinin nəticələri Azərbaycanın maraqları baxımından bir neçə istiqamətdə əhəmiyyətlidir. Əvvəla, Bakı-Astana siyasi münasibətlərinin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaranır. İkinci mühüm məsələ Orta Dəhlizdir. Azərbaycan, Qazaxıstan və digər türk dövlətlərini birləşdirən Transxəzər nəqliyyat marşrutu Çin-Avropa ticarətində getdikcə daha çox əhəmiyyət qazanır. Tokayevin siyasi sabitliyə və xarici tərəfdaşlarla balanslı münasibətlərə üstünlük verməsi bu layihənin inkişafı baxımından Bakının maraqlarına uyğundur.
Üçüncüsü, Qazaxıstanın Rusiya ilə münasibətlərini qoruyaraq Türkiyə, Azərbaycan, Çin və Qərblə əlaqələrini inkişaf etdirmək siyasəti Azərbaycan üçün də əhəmiyyətlidir. Astananın Moskva ilə münasibətlərdə ehtiyatlı davranması, eyni zamanda Türk dünyası ilə inteqrasiyanı gücləndirməsi Bakının regional siyasəti ilə müəyyən mənada üst-üstə düşür.
Bu baxımdan seçkinin nəticəsini sadəcə Qazaxıstanın daxili siyasi hadisəsi kimi qiymətləndirmək düzgün olmaz. Tokayevin mövqelərinin möhkəmlənməsi Mərkəzi Asiya–Cənubi Qafqaz xəttində Azərbaycan üçün sabit və proqnozlaşdırıla bilən tərəfdaşın qorunması anlamına gəlir.
MSK-nın əvəzedici üzvü, politoloq Züriyə Qarayeva hesab edir ki, Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirib. “Azərbaycan Özbəkistan və Qırğızıstanla müttəfiqlik sənədləri imzalayıb, Qazaxıstanla münasibətlər Tokayev dövründə daha da inkişaf edib, o cümlədən Türkmənistanla yaxınlaşma göz qabağındadır. Azərbaycan Orta Asiyanın türkdilli ölkələri ilə əməkdaşlığı dərinləşdirməklə regional və beynəlxalq layihələrin icrasında mühüm irəliləyiş əldə olunmasını hədəfləyib. Bu mənada, Qazaxıstan spesifik əhəmiyyətə malikdir. Çünki böyük dövlətdir, təsir gücü var və Zəngəzur dəhlizindən həm Astana, həm Daşkənd istifadə edəcək”,_ deyə Qarayeva belə şərh edib.
Onun fikrincə, MSK sədrinin parlament seçkilərini müşahidə etməsi ilk hal deyil: “Ümumiyyətlə, MDB üzvü olan ölkələrin seçkilərini müşahidə edirik, onlar da bizə öz müşahidəçilərini göndərir. Lakin bu səfərdə vacib element MSK nümayəndələrinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki qurumlarının Məşvərət Platformasının iclasında iştirak etməsidir. Azərbaycan Turan birliyinin hərtərəfli inkişafında maraqlıdır. O baxımdan, müxtəlif platformalar üzrə əlaqələr gücləndirilir. Şübhəsiz ki, TDT-nin gücləndiyi dönəmdə Azərbaycan maraqlıdır ki, Tokayev hakimiyyəti davam etsin. Nazarbayevdən sonra Qazaxıstan kimi potensialı olan və həssas bir dövləti idarə etmək o qədər də asan məsələ deyil. Nəzərə alaq ki, Azərbaycan və Qazaxıstan Xəzər dənizi üzərindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Ələt limanında yük terminallarının yaradılması kimi mühüm regional layihələrdə fəal əməkdaşlıq edirlər”.
Emil Salamoğlu
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ