Onlayn ictimai-siyasi qəzet
“Telegram” və “VKontakte”nin yaradıcısı Pavel Durov yenidən gündəmdədir – bu dəfə texnologiya ilə yox, genetik miras və iddia edilən yüzlərlə övlad məsələsiylə.
Musavat.com xəbər verir ki, keçən ilin yayında 100-dən çox bioloji övladı olduğunu açıqlayan Durov son olaraq qatıldığı bir podkastda bu uşaqlarla bağlı planlarından danışaraq mübahisələri daha da alovlandırıb.
Milyarderin sözlərinə görə, bioloji övladlarının hamısı onun mirasından bərabər pay almaq hüququna malik olacaqlar. Bu açıqlama dərhal müzakirələrə səbəb olub.
“Donor No.6”nın sirri necə açıldı?
Məsələnin kökü Moskvanın cənubunda yerləşən “AltraVita” adlı özəl süni mayalanma klinikasına gedib çıxır. 2024-cü ildə klinika diqqətçəkən kampaniya başladaraq, Pavel Durovun spermasını uşağı olmayan qadınlara pulsuz təqdim etdiyini elan etmişdi. Tanıtım materiallarında Durov “yüksək genetik uyğunluğa malik donor” kimi təqdim olunurdu.
Daha da maraqlısı odur ki, klinikanın təklifinə əsasən, 37 yaşadək qadınların süni mayalanma xərclərini də Durov özü qarşılayırdı. Klinikanın internet səhifəsində uzun müddət Durovun fotosu və “Telegram” loqosu ilə birlikdə “Donor No.6” adı altında reklamlar yayımlanıb.
Rus mediası sonradan “Donor No.6” profilinin faktiki olaraq Pavel Durova aid olduğunu ifşa etdi. Profil təsvirində donorun çoxdilli, proqramçı, azadfikirliliyi ilə seçilən rus sahibkar olduğu qeyd edilirdi.
100-dən çox uşaq, 12 ölkə və açıq DNA planı
41 yaşlı Pavel Durovun iddiasına görə, onun bioloji övladları ən azı 12 ölkədə yaşayır. O, ilk dəfə 2010-cu ildə yaxın dostuna kömək məqsədilə donorluq etdiyini, sonradan isə bunu “cəmiyyət qarşısında məsuliyyət” hesab edərək davam etdirdiyini bildirib.
Durov hətta gələcəkdə bioloji övladlarının bir-birini tapa bilməsi üçün DNA məlumatlarını açıq mənbə kimi paylaşmağı planlaşdırdığını da açıqlayıb. Onun sözlərinə görə, miras məsələsi yalnız genetik bağlılıq sübut edildikdən sonra – özü də ölümündən təxminən 30 il sonra – gündəmə gələ bilər.
17 milyard dollarlıq sərvət kimlərə qalacaq?
“Forbes” jurnalının məlumatına əsasən, Pavel Durovun sərvəti təxminən 17 milyard dollar dəyərində qiymətləndirilir. Bu sərvətin əsas hissəsi “Telegram”ın bazar dəyərinə bağlıdır. Daha əvvəl Durov bu vəsaitin böyük hissəsini qeyri-kommersiya fonduna bağışlamağı planlaşdırdığını desə də, son açıqlamalar bu mövzuda sualları artırıb.
Durovun açıqlamalarından sonra sosial şəbəkələrdə və birbaşa “Telegram” üzərindən ona “sənin övladınam” iddiası ilə yüzlərlə mesaj göndərildiyi bildirilir.
Maraqlıdır ki, Durovun bu açıqlamalarına reaksiya verənlər arasında “Tesla” və “SpaceX”in sahibi İlon Mask da olub. Özünün ən azı 14 övladı olan Mask Durovun paylaşımına ironik cavab verərək bunu “Çingiz xan səviyyəsində genetik yayılma” ilə müqayisə edib.
Bu məqamda mütəxəssislər artıq söhbətin təkcə şəxsi seçimdən yox, genetik elitizm, etik sərhədlər və texnologiyanın insan nəslinə təsirindən getdiyini vurğulayırlar.
Durovun şəxsi həyatı bununla da bitmir. Onun İsveçrədə yaşayan keçmiş partnyoru İrina Bolqarla arasında ciddi hüquqi çəkişmə davam edir. Bolqar Durovu maddi dəstəyi kəsməkdə və hətta uşaqlara qarşı zorakılıqda ittiham edib. Durovun nümayəndələri isə bu iddiaları qəti şəkildə rədd edərək, məsələnin “şantaj xarakterli dava” olduğunu bildiriblər.
1984-cü ildə Sankt-Peterburqda anadan olan Pavel Durov əvvəlcə VK sosial şəbəkəsini yaradaraq “Rusiyanın Mark Zukerberqi” kimi tanınıb. 2013-cü ildən sonra isə “Telegram”ı quraraq qlobal miqyasda təsir gücünə sahib fiqura çevrilib.
Hazırda Dubayda yaşayan Durov libertarian baxışları, dövlətlərə qarşı məsafəli mövqeyi və şəxsi həyatına dair qalmaqallı açıqlamaları ilə həm tərəfdar, həm də tənqidçilər qazanmağa davam edir.
Şahanə Rəhimli
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ