Onlayn ictimai-siyasi qəzet
Rəsmi Moskva ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və dünya gündəmini zəbt edən "Sülh Şurası" (Board of Peace) ilə bağlı qəti qərarını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib ki, Rusiya bu təşkilatın ilk iclasında təmsil olunmayacaq.
Musavat.com xəbər verir ki, Kremlin bu addımı Ağ Evin yeni sülh arxitekturasına qarşı ehtiyatlı mövqe nümayiş etdirdiyini göstərir.
Zaxarova brifinq zamanı Rusiyanın bu quruma münasibətinin hələ formalaşma mərhələsində olduğunu vurğulayıb:
"Rusiya tərəfi bu təşkilatla bağlı öz mövqeyini formalaşdırmaq istiqamətində işləri davam etdirəcək. Hazırda bu şuranın fəaliyyət prinsipləri və hədəfləri ilə bağlı araşdırmalarımız davam edir. Bu mərhələdə iclasda iştirakımız nəzərdə tutulmayıb".
Qeyd edək ki, "Sülh Şurası"na daxil olmaq üçün ABŞ administrasiyası daimi üzvlərdən Qəzzanın bərpası üçün 1 milyard dollar məbləğində üzvlük haqqı tələb edir. Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl bu məbləği dondurulmuş aktivlər hesabına ödəməyə hazır olduğunu bildirməsinə baxmayaraq, Kremlin ilk rəsmi iclasa nümayəndə göndərməməsi diqqət çəkib.
Müşahidəçilər hesab edir ki, Moskvanın bu gedişi "Sülh Şurası"nda Rusiyanın maraqlarının tam nəzərə alınmadığına dair bir etiraz mesajı ola bilər.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ