İnsanlara hürriyət, millətlərə istiqlal!

Müttəfiqlikdən əbədi dostluğa - Azərbaycan və Özbəkistan dünyaya yeni nümunə təqdim etdi

Xəbər verildiyi kimi, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev imzalayıb.

Məlum olduğu kimi, Azərbaycan və Özbəkistan 2024-cü il avqustun 23-də “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalayıb. Bu gün imzalanan “Əbədi dostluq haqqında Müqavilə” isə həmin müttəfiqliyi əvəz edən deyil, ona yeni siyasi-mənəvi məzmun əlavə edən sənəd kimi görünür.

Prezidentin köməkçisi Hikmət Hacıyev də münasibətlərin əvvəl strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini, indi isə “əbədi dostluq” xarakteri alacağını bildirib.

6344095d018ec479ac32abfe177de08d.jpg (98 KB)

“Əbədi dostluq” müttəfiqlikdən üstündürmü?

“Əbədi dostluq haqqında Müqavilə” siyasi baxımdan daha dərin və daimi mesaj daşıyır. Daha çox münasibətlərin zaman perspektivini və siyasi fəlsəfəsini ifadə edir. Yəni mesaj belədir: “Bizim münasibətlərimiz yalnız indiki siyasi konfiqurasiyanın münasibəti deyil, dövlətlər və xalqlar arasında uzunmüddətli, əbədi, nəsilləri əhatə edən strateji bağdır”.

Bu baxımdan yeni sənədin ən mühüm üstünlüyü müddət anlayışındadır. Müttəfiqlik müəyyən siyasi və təhlükəsizlik öhdəliklərini rəsmiləşdirir. “Əbədi dostluq” isə həmin münasibətlərin siyasi davamlılığını və nəsildən-nəslə ötürülməsi ideyasını ön plana çıxarır. Burada Azərbaycanın diplomatik təcrübəsi baxımından da maraqlı məqam var. Hikmət Hacıyev bu sənədi Azərbaycanın diplomatik təcrübəsində ilk belə nümunə kimi xarakterizə edib. Onun sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətləri artıq faktiki olaraq strateji müttəfiqlik səviyyəsindədir və indi bu münasibətlər “əbədi dostluq” xarakteri daşıyacaq. Bu, çox mühüm ifadədir. Çünki “əbədi dostluq” müttəfiqliyin aşağısında dayanan mərhələ kimi yox, müttəfiqliyin üzərinə əlavə olunan siyasi konsepsiya kimi anlaşılmalıdır.

29c3d04b079a7a51f300e08ffcd3df3e.jpg (44 KB)

Srateji tərəfdaşlıq münasibətlərin siyasi bazası idi; müttəfiqlik həmin münasibətlərə konkret dövlətlərarası öhdəliklər gətirdi; “əbədi dostluq” isə bu əlaqələrin uzunmüddətli siyasi və mənəvi fəlsəfəsini rəsmiləşdirir.

“Əbədi dostluq” sənədinin əsas mesajlarından biri də budur ki, Bakı və Daşkənd öz münasibətlərini dəyişən regional konyunkturadan asılı olmayan daimi, gələcək nəsillərin də davam etdirəcəyi strateji xətt kimi görürlər.

Hər iki qardaş dövlət münasibətləri sadəcə “müttəfiq dövlətlər” formatından çıxarıb, nəsillər üçün əbədi strateji tərəfdaşlıq-dostluq modelinə çevirirlər. Azərbaycan və Özbəkistan həm də bununla dünyaya yeni nümunə təqdim etmiş oldular.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR