Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Böyük Vətən müharibəsinin ən yaşlı iştirakçılarından biri, 100 yaşlı Laçın Vaqarşakoviç Stepanyan vəfat edib. Onun 101 yaşının tamam olmasına cəmi iki həftə qalırdı.
Musavat.com xəbər verir ki, onun vəfatı barədə Ermənistan Veteranlar Birliyinin mətbuat katibi Yelena Şuvayeva məlumat verib.
Laçın Stepanyan 29 avqust 1925-ci ildə Ermənistanın indiki Kotayk vilayətində yerləşən Yeğvard şəhərində anadan olub. Müharibə başlayanda o, yeniyetmə idi və sonradan cəbhəyə yollanıb. Atası Vaqarşak Stepanyan da müharibədə iştirak edib. Mənbələrə görə, atası Stalinqrad döyüşlərindən keçərək Berlinədək gedib, ata və oğul müharibə zamanı cəbhədə qarşılaşıblar.
Stepanyanın doğulduğu Yeğvard toponimi də tarixi baxımdan diqqət çəkir. Azərbaycan tarixşünaslığında bu ərazi ilə bağlı Yağavərd və Bağavərd formalarına rast gəlinir. 18 iyun 1735-ci ildə İrəvan yaxınlığındakı Bağavars (Yağavərd) boğazında Nadir xan Əfşarın qoşunları ilə Abdullah paşa Köprülüzadənin rəhbərlik etdiyi Osmanlı ordusu arasında böyük döyüş baş verib.
Tarixə Yağavərd (Yeğvard), Bağavərd və ya Muradtəpə döyüşü kimi düşən qarşıdurmada Nadir xanın ordusu Osmanlı qüvvələrinə ağır məğlubiyyət yaşadıb. Abdullah paşa döyüşdə həlak olub. Qələbə Nadir xanın Cənubi Qafqazdakı hərbi mövqelərini ciddi şəkildə gücləndirib.
XIX əsrin sonlarına dair bəzi statistik və toponimik məlumatlarda Yeğvardda ermənilərlə yanaşı azərbaycanlıların da yaşadığı göstərilir. Ümumiyyətlə, həmin dövrdə Yeğvardın yerləşdiyi Eçmiədzin qəzasında böyük azərbaycanlı əhalisi yaşayırdı.
Müharibə illərində Laçın Stepanyan Qara Dəniz Donanmasında xidmət edib. O, “Voroşilov” kreyserində xidmət göstərib və ümumilikdə beş il bu gəmidə hərbi xidmət keçib.
Döyüş xidmətlərinə görə Stepanyan I və II dərəcəli “Vətən müharibəsi” ordenləri, “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə”, “Döyüş xidmətlərinə görə” və “Budapeştin alınmasına görə” medalları ilə təltif edilib.
Laçın Stepanyan 29 avqust 2025-ci ildə 100 illik yubileyini qeyd etmişdi.
Veteran 101 yaşının tamam olmasına təxminən iki həftə qalmış İrəvanda vəfat edib.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ