İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ilk dəfə rus dronunu vurdu - Müharibə sərhədləri aşdı

Ukrayna-Rusiya müharibəsində təhlükəli yeni mərhələ başlayır. Belə ki, Rumıniyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatı NATO-nun hava patrul missiyasında iştirak edən İspaniyaya məxsus F-18 qırıcı təyyarəsi tərəfindən vurularaq məhv edilib. Hadisə müharibənin artıq yalnız Rusiya və Ukrayna ərazisi ilə məhdudlaşmadığını, birbaşa NATO sərhədlərinə toxunduğunu göstərən ən ciddi insidentlərdən biri kimi qəbul olunmaqdadır. İlkin məlumatlara əsasən, “Şahed” tipli olduğu bildirilən dron əvvəlcə Ukrayna istiqamətindən Moldova hava məkanına, oradan isə Rumıniya ərazisinə keçib.

Hədəfin dəqiq marşrutu, texniki mənsubiyyəti və Rumıniya səmasına qəsdən, yoxsa idarəetməni itirməsi nəticəsində daxil olması hələ tam müəyyənləşdirilməyib. NATO nümayəndələri pilotsuz aparatın böyük ehtimalla Rusiya hücumları ilə əlaqəli olduğunu bildirsələr də, yekun nəticənin texniki araşdırmadan sonra açıqlanacağı gözlənilir.

Rumıniyanın hava nəzarət sistemləri dronu ölkənin şərqində, Qalats bölgəsi yaxınlığında aşkar edib. Bundan sonra NATO-nun gücləndirilmiş hava patrulu çərçivəsində növbə çəkən İspaniya F-18-ləri havaya qaldırılıb. Pilotsuz aparat yaşayış məntəqələrindən uzaq ərazidə vurulub, onun qalıqlarının boş sahəyə düşdüyü bildirilir. Hadisə nəticəsində insan itkisi və ciddi dağıntı barədə məlumat yoxdur. Lakin əsas məsələ dronun harada vurulmasından daha çox, hansı siyasi və hərbi sərhədin keçilməsidir. Rusiya ilə Ukrayna arasında atılan raket və dronlar indiyədək də Polşa, Rumıniya və Moldovanın hava məkanına daxil olmuş, onların qalıqları NATO ölkələrinin ərazisinə düşmüşdü. Bu dəfə isə NATO-ya məxsus döyüş təyyarəsi real hava hədəfinə qarşı silah işlədib. Beləliklə, Alyans ilk dəfə müşahidəçi və hava patrulu rolundan çıxaraq müharibə ilə əlaqəli təhlükəni birbaşa zərərsizləşdirib. Hadisənin Rusiyanın Rumıniyaya qarşı məqsədli hücumu olduğu təsdiqlənməyib. Buna görə də NATO Müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin gündəmə gətirilməsi üçün hələ hüquqi və siyasi əsas yoxdur. Bununla belə, insident Alyans daxilində məsləhətləşmələri nəzərdə tutan 4-cü maddənin aktuallığını artırır. Çünki Rumıniya ərazisinə daxil olan hər bir silahlı aparat onun suverenliyinin pozulması və NATO hava məkanına təhlükə kimi qəbul edilir.

Hadisə Moskvanın Qərbi Ukraynaya və Dunay limanlarına endirdiyi kütləvi zərbələr fonunda baş verib. Rusiya dronlarının Ukraynanın Rumıniya və Moldova sərhədlərinə yaxın infrastrukturu hədəfə alması marşrutdan çıxan və ya radioelektron mübarizə vasitələrinin təsirinə düşən aparatların qonşu dövlətlərin ərazisinə keçməsi riskini artırır. Bir yanlış hesab, texniki nasazlıq və ya səhv qiymətləndirilən uçuş trayektoriyası Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya yol aça bilər.

Müharibələr bəzən böyük qərarla deyil, kiçik səhvlə sərhədləri aşır. Rumıniya səmasında vurulan dron da məhz bu təhlükənin xəbərdarlığıdır: Ukrayna üzərində başlayan hava savaşı artıq NATO-nun qapısını döyür.

Alyans növbəti dronu da sadəcə vurmaqla kifayətlənəcək, yoxsa hadisələrin təkrarlanması NATO-nun Rusiya qarşısında daha sərt və yeni hərbi doktrina qəbul etməsinə səbəb olacaq?

amip_mustafayev_elshan_mansur-oglu_02_540.jpg (135 KB)

Siyasi şərhçi Elşən Mustafayev istənilən halda tərəflərin bir-birinə qarşı savaş açmaq niyyətlərinin olmadığını qeyd edib:

“Son 1 ildə Şərqi Avropa ölkələri, xüsusən də Rumıniya hava məkanının dronlar vasitəsilə pozulması bir neçə dəfə olub. Yəni bu, ilk deyil. Hər dəfə də Rusiya tərəfi baş verən hadisələrdə əlinin olmadığını, hətta bunun Ukraynanın provokasiyası olduğunu bildirib. Bu dronların bəziləri sadəcə kəşfiyyat dronları olmuşdu. Əslində NATO bu gün Rusiya ilə açıq müharibəyə başlamağı istəmir. Fikrimcə, eyni niyyət Rusiyada da var. Əslində Rusiyanın bunu bilərəkdən, yaxud bilməyərəkdən edə bilməsi ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzi fikirlərdə həmin dronların keyfiyyətindən asılı olaraq yolunu azdığı bildirilir. Digər mülahizələrdə isə deyilir ki, Rusiya tərəfi bunu bilərəkdən edib sonradan xəbəri olmadığını deyir. Məqsəd isə Ai ölkələrində əhali arasında panika yaratmaq, insanları Ukraynada gedən müharibənin əleyhinə qaldırmaqdır. Dediyim kimi, əksər hallarda həmin aparatlar döyüş hazırlığında olmayan dronlar olur və hətta NATO rəsmiləri özləri də onların çoxunu hücum yox kəşfiyyat dronları kimi xarakterizə edirlər. Döyüşə hazır dronların sərhədləri keçməsinə isə təsadüf kimi qiymət verərdim. Yox əgər bilərəkdən edilirsə, o zaman başlarını itiriblər”.

Ekspert hesab edir ki, Rusiya üçün NATO-nu müharibəyə cəlb etmək əlverişli deyil:

“Bir anlıq hesab edək ki, həmin dronlar bilərəkdən buraxılıb, hava hücumundan müdafiə sistemləri də onları məhv edə bilmədi və hansısa hədəfə dəydi, insan tələfatı, dağıntılar və s. baş verdi. Bundan Rusiya nə qazanacaq? NATO-nun 5-ci maddəsi işə düşməklə özünün vəziyyətini öldürücü dərəcədə ağırlaşdıracaq. Onsuz da nüvə silahından bütün tərəflərin istifadə etmə ehtimalları son dərəcə aşağıdır. Əldə olan digər silahlarla Ukrayna ilə 4 ildən artıq müddətdə müharibəni bitirə bilməyən Rusiyanın həmin vəziyyətdə hansı hala düşəcəyini hesablamaq çətin deyil. Bütün bunlara baxmayaraq, araşdırmadan sonra NATO rəsmi şəkildə buna qiymət verməyə məcburdur. Əgər hadisənin dediyim kimi bilərəkdən, yaxud bilməyərəkdən Rusiya tərəfindən idarə olunduğu sübut olunarsa, o zaman hesab edirəm ki, NATO qüvvələrinin Şərqi Avropa sərhədləri boyu hərbi vəziyyət alacağı istisna deyil. Məsələ daha da irəli gedərsə, Rusiyadan gələn təhdidin ciddi olduğu qaçılmaz görünərsə, o zaman Ukraynaya hərbi dəstəyin daha da artırılması, indiyədək onlara verilməyən yeni nəsil uzun mənzilli ballistik raketlərin və digər öldürücü silahların verilməsinin şahidi ola bilərik. Düşünürəm ki, Rusiya hadisələrin bu istiqamətdə inkişaf etməsini istəmir. Beləliklə, hesab edirəm ki, Rusiyanın NATO-nu müharibəyə cəlb etmək istəyi ən azı ölkənin ali rəhbərliyində yoxdur. Amma ölkə içində bunu körükləyən güclər ola bilər. Hadisələrin sonrakı inkişafından rəsmi Kremlin bu mövzuda hansı qərarı verəcəyini görə bilərik”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR