İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yabloko”nun başına “iki alma düşdü”: Yeni CƏZA - Rusiyada NƏ baş verir?

RİA Novosti xəbər verir ki, Pskov Şəhər Məhkəməsi Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda və ordu haqqında yalan məlumat yaymaqda ittiham olunan "Yabloko" partiyasının sədr müavini Lev Şlosberqə 11 il 1 ay həbs cəzası verib. Musavat.com bildirir ki, bundan əlavə, məhkəmə siyasətçini 6 il müddətinə veb sayt və çat otaqlarını idarə etmək hüququndan məhrum edib. Lev Şlossberq 5 dekabr 2025-ci ildən həbsdədir.

Həmçinin Rusiya Ali Məhkəməsi “Yabloko”nu Dövlət Duması seçkilərindən kənarlaşdırmaq qərarını qüvvədə saxlayıb. Bu barədə “Vedomosti” xəbər verir.

Sözügedən partiya Ukrayna ilə müharibəni dayandırmağa çağırış edən yeganə siyasi təşkilat idi. Rusiyanın müxalif “Yabloko” Partiyasının Dövlət Dumasına seçkilərdən kənarlaşdırılması barədə yekun qərarın şəxsən Vladimir Putin tərəfindən verildiyi iddia olunur.

Rusiyalı jurnalist Mixail Zıqar “Der Spiegel” üçün yazdığı məqalədə Kremldə məsələ ilə bağlı müzakirələrdən məlumatlı mənbələrə istinadən belə iddia irəli sürüb. Zıqarın məlumatına görə, “Yabloko”nun seçkidən çıxarılmasını Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və Federal Təhlükəsizlik Xidməti (FSB) də dəstəkləyib. Onların motivləri fərqli olsa da, Kremldə partiyanın seçki bülletenində saxlanmasının artıq riskli olduğu qənaəti formalaşıb.

Mixail Zıqara iş açıldı - Həbsi istənilir

Zıqarın mənbələrinin sözlərinə görə, Kremli narahat edən əsas məsələ “Yabloko”nun seçkidə neçə faiz səs toplayacağı deyil, partiyanın bir neçə həftə ərzində bütün ölkədə qanuni şəkildə müharibə əleyhinə təbliğat aparmaq imkanı olub. Hakimiyyət bunun Ukraynadakı müharibənin dayandırılmasını istəyənlərin real miqyasını üzə çıxara biləcəyindən ehtiyat edib.

Bu narahatlıq partiyanın reytinqindəki sürətli artım fonunda yaranıb. Kremlə işləyən FOM-un açıq sorğularında “Yabloko”ya dəstək iyulun ortalarındakı 1 faizdən avqustun 7-9-da 4 faizə yüksəlib. Beləliklə, cəmi üç həftə ərzində partiyanın açıq reytinqi dörd dəfə artıb.

Musavat.com-a Rusiya siyasətində baş verənləri şərh edən siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, hakimiyyət opponentlərinin addımlarına zərrə qədər dözümlü deyil. “Yabloko”nun seçkilərdə qələbə qazanmaq şansı olmadığı halda, hakimiyyətin partiyanın üzərinə sərt şəkildə getməsini isterik vəziyyət adlandıran analitikə görə, cəmiyyətə də aqressiv güc nümayiş etdirilir.

Təbrizdə Ermənistan konsulluğu: “Bu, gələcəkdə regionda qığılcımların  alışmasına gətirib çıxara bilər”

“Kreml xalqa göstərir ki, cəzalar ağır olacaq və istənilən müxalif fəaliyyətin bədəli var. Xüsusən də müharibəyə görə bir təşviş hiss olunur. Hakimiyyət pasifist şüarlar və çağırışlar eşitmək istəmir. Bunun Kiyevin və Qərbin əlində arqument olacağını hesablayır. Ona görə də, bu müharibəni hamının istədiyi propoqandası aparılır. Halbuki rusiyalılar atəşkəsin tezliklə əldə olunmasını istəyirlər, sadəcə, passiv etiraz var. Baxın, Moskvaya yenə böyük hücum olub. Rusiya belə vəziyyətdən çıxa bilməyəcək”,- təhlilçi belə şərh edib.

Ekspertin sözlərinə görə, “Yabloko”nun təcrid olunması ilə seçkilərə tam rahat gediləcək: “Dediyim kimi, söhbət seçkilərdə qələbədən getmir. Seçki kampaniyası dönəmində müharibə əleyhdarlarının üzə çıxması narahatlığı var. Ona görə “Yabloko” kimi partiyanı belə çıxdaş etdilər. Zənnimcə, seçkilərdən sonra hakimiyyət daha sərt qərarlar qəbul edəcək. Rusiya elə bir relsdədir ki, ya qatar qəza edəcək, ya da “va-bank” gediləcək…”

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR