İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın futbolumuzda nəhs vəziyyət

Qazaxıstanda qadın futbolu üzrə UEFA turniri keçirilirdi, adı da “İnkişaf” idi. Bu gün həmin yarışda Azərbaycanın U-15 milli komandası son oyunda Belarusa 5:0 uduzdu. Yəqin fikir verdiniz, hesabdakı sıfır işarəsi heyrətli adam smaylikinə bənzəyir və təsadüfi deyil.

Çünki milli komandamız bundan qabaqkı bütün oyunları da uduzmuşdu. Qazaxıstana 2:1, Rusiyaya isə... 13:0!

Rusiya ilə oyunun statistikasına baxanda adam həqiqətən heyrətdən donub qalır. Təsəvvür edin, topların 7-sini Nikol Mikaelyan adlı oyunçu vurub. Onun qollarının vurulma dəqiqələrinə baxanda (47, 59, 74, 76, 84, 87, 90) istər-istəməz fikirləşirsən: bizim komandanın qızları hər qoldan sonra topa mərkəzdən başlayan kimi ilk ötürməni Mikaelyana verirmişlərmi? O köhnə lətifəvari söhbətdə deyilən kimi, oyuna qapıçısız gediblər?

Belə bir komanda saxlamaq, ona təyyarə bileti alıb xaricə yarışlara göndərmək görəsən bizim idman idarəçilərindən kimin, nəyinə gərəkdir? “Quru” hesabla, 13 top buraxmaq, özü də, Allah heç qoymasa, ismi-şərifi “İnkişaf” olan turnirdə... Bu nə biabırçılıqdır? Məqsəd dünyanı bizə güldürməkdirsə, bunun daha ucuz variantlarını tapmaq olmazdımı?

Azərbaycanda kişi futbolunu çox yarıtmışdıq, qalmışdı elə qadın futbolu. Nə məcburdur axı? Ölkəmizdə qadın futbolu 2000-ci illərin əvvəlində başlamışdı, ancaq ilk addımlardan biabırçı nəticələr üzə çıxdığı üçün AFFA bir müddət bu işə pul ayırmağı hətta dayandırmaq qərarı vermişdi. Ta 2010-cu illərəcən. Əgər darıxmadınızsa, səbəbi azca izah edim.

Məsələn, adətən futbol bilicilərimiz Azərbaycan kişi futbol komandasının Fransaya 10:0 uduzduğu oyunu yaxşı xatırlayır. 1995-ci ilin sentyabrındakı həmin oyun internetdə hətta “Oser faciəsi” adıyla qeyd edilib. (Oyun Fransanın Oser şəhərində keçirilmişdi). Ancaq çoxları bilmir ki, qadın futbolçularımızın, necə deyərlər, “aktivində” bunun eynisi var. 2004-cü ildə u-19 qadın milli komandamız fransalı yaşıdlarına 10:0 uduzublar.

Ümumiyyətlə, qadın milli futbol komandalarımız üçün 5:0, 6:0, 8:0 kimi hesablar adi hesablardır, gündəlik rutindir, deyəsən federasiya və nazirlikdə heç kimi təəccübləndirmir. Elə isə, yenə sual verirəm: bu cür futbol bizim nəyimizə lazımdır? Bir dəfə yazmışdım, yenə təkrar yazım: əgər oyuna getməsələr texniki məğlubiyyət “3:0” kimi hesablanır, gedib 13:0 uduzmaqdan zövq alanlar kimdir?

Yazda futbol idarəmizin başbilənlərindən biri mətbuat konfransında demişdi ki, uşaq və gənclər futbolumuzda problemlər var.

Guya qalan komandalarımız ağzıyla quş tuturmuş. Müdir daha da uzağa gedərək milli komandalarımıza oyunçuların bəzən tapşırıqla salındığını söyləmişdi. Sən demə bunun nəticəsində zəiflər milliyə düşür, istedadlar qıraqda qalırmış.

İnanılmaz açıqlama idi... Dəhşət, fısqırıq, vəhşət... Azərbaycanda “tapış”, “dayday”, rüşvət, qohumbazlıq və sairə neqativ hallar varmış... Şəxsən mən yazda o söhbəti eşidəndən sarsılmışam, həyatım 13 il geri düşmüşdür. 

Maraqlıdır ki, mən uşaq olanda, 1980-ci illərdə SSRİ liqasında adətən uduzan təmsilçimiz “Neftçi” haqqında da belə şayiələr dolaşırdı. Deyirdilər ora oyunçular tapşırıq, dayday hesabına salınır. 50 il keçib, vəziyyət dəyişməyib.

Ən əsası, əgər bu söhbətlər həqiqətdirsə, oyun qanmayan “qahım-əqrəbasını” həmin komandalara dürtmək vəzifəli şəxslərin görəsən nəyinə lazımdır? Kimsə onların yaxınlarına cavabsız 13 qol vuranda, bundan zövq alırlar? Mazoxistdirlər?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR