Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin spikeri Ruben Rubinyan təzə postunda oturar-oturmaz, Azərbaycana münasibətdə bəzi axmaq ifadələr işlədəndən sonra, nəhayət, ağıllı bir şey söyləyib. Bildirib ki, Qarabağdan köçmüş ermənilərin qayıdışını dövlət məqsədi kimi formaşdırmaq, yəni, xarici siyasətin prioritetləri sırasına salmaq Azərbaycanla münaqişə-müharibə məntiqini diriltmək deməkdir.
Spikerə görə, konfliktin 1988-ci ildən əvvəlki tarixini nəzərə almaq vacibdir. Ardınca o, münaqişənin başlanğıcını 1905-ci il hadisələri ilə əlaqələndirərək, söyləyib ki, ixtilafın yaranmasının əsas səbəblərindən biri “eyni coğrafi ərazidə ermənilər və azərbaycanlıların qarışıq şəkildə yaşaması olub”.
Rubinyan, həmçinin, hesab edir ki, belə münaqişələr imperiyalar zəifləyəndə başlayır. Sitat: “1905-ci il hadisələri Rusiya imperiyasının ciddi problemlərlə üzləşdiyi dövrə təsadüf edib. İmperiyanın həm daxili inqilabi proseslərlə, həm də rus-yapon müharibəsindəki məğlubiyyətlə üzləşməsi regiondakı proseslərə təsir göstərib”.
Erməni spikerin fikrincə, bənzər situasiya 1988-ci ildə təkrarlanıb – SSRİ-nin zəif düşdüyü vaxtda. Ən mühümü, parlament sədri “ölkənin hazırkı reallığı qəbul etməli və gələcəyə yönəlməli olduğunu” vurğulayıb. Ardınca isə o, Ermənistanda ermənilərlə yanaşı yezidilərin, kürdlərin, assuriyalılar, ruslar və Qarabağdan gələn ermənilərin yaşadığına diqqət çəkərək, azərbaycanlıların da Azərbaycanda yaşadığını bildirib. Çıxışının sonunda isə İrəvanın əsas məqsədinin mövcud vəziyyəti ciddiyə almaqla uzunmüddətli sülhə nail olmaq olduğunu söyləyib.
İlk baxışda normal, praqmatik bir yanaşmadır. Görünür, Paşinyan Rubinyanın qulağını yaxşıca burub. Hər halda, köçkünlərlə bağlı onun mövqeyi bəlli: “Qarabağdan gələn ermənilər Ermənistanda yaşamalıdır”. Bu onun narrativi. Odur ki, Rubenin öz soydaşlarına müraciətlə, qayıdış mövzusu “güzgü effekti” üzrə azərbaycanlıların da Ermənistana dönüşünü şərtləndirə bilər xəbərdarlığı anlaşılandır. Ermənilər göydən zənbildə düşməyiblər ki. Təməl insan haqqı hər yerdə eynidir. Amma və lakin...
Yada salaq ki, az öncə Rubinyan təzə postunda verdiyi ilk açıqlamasında Bakıda layiqli cəzalar almış erməni caniləri “hərbi əsir” adlandırmışdı (İnsafən, Nikol daha bu ifadəni işlətmir, “Bakıda saxlanılanlar” deyir). Halbuki bunun özü də sülhə və tərəflər arasında normallaşma prosesinə qarşı olan mövqedir. Çünki radikal-revanşistlərin ritorikası ilə tam səsləşir.
Eyni zamanda, bu, Rubinyanın “ölkə hazırkı reallığı qəbul etməli və gələcəyə yönəlməlidir” tezisi ilə ziddiyyət təşkil edən yanaşmalıdır. Zira, spikerin unutduğu reallıqlardan biri də odur ki, Azərbaycanda erməni “hərbi əsir” və ya “girov” yoxdur...

Görəsən, müharibə cinayətkarları, soyqırım baiskarları, beynəlxalq hüququ ayaqaltı edənlər cəzalanmadan ədalətli sülh, barışıq necə mümkün ola bilər?! Məgər Rubinyan bunu bilmir? İkinci Dünya müharibəsindən sonra qurulan Nürnberq məhkəməsindən onun xəbəri yoxmu? Əslində o, Xocalı hərbi canilərini – Robert Köçəryanı, Serj Sərkisyanı, Seyran Ohanyanı, həmçinin Vitali Balasanyanı da Bakıya təhvil verməyin zəruriliyindən danışmalı idi öz cəmiyyətinə.
Məsələ də elə bunda – toplum olaraq başa gələnlərdən və tarixdən doğru-düzgün dərs götürməkdədir. Özü də vaxtında. Çünki azərbaycanlılar xarakter etibarilə tolerant, mərd, xeyirxah və son tikəsini belə qonşusu ilə bölüşən, özünə heç zaman ağa axtarmayan qürurlu, geniş qəlbli və nəcib bir xalq. O səbəbə tarix boyu bu xalqın heç bir qonşuya pisliyi keçməyib və keçməyəcək. Daha bir səbəbə: ermənilərdən fərqli olaraq, Azərbaycan türkləri harda məskunlaşmasından asılı olmayaraq, heç zaman böyük güclərin əlində “maşa” olmayıb, nankorluq eləməyiblər.
Əfsus ki, bizə zorla sırınan qonşular haqda müsbət şeylər söyləmək çətindir. Barı, haylar bundan sonra adam olsunlar, mədəni, normal qonşu olmağı öyrənsinlər. Nümunə uzaqda deyil...
Z. SƏFƏROĞLU
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ