Onlayn ictimai-siyasi qəzet
Bakının Nəsimi rayonunda iki dostun mübahisəsi cinayətlə nəticələnib.
Salyan rayon sakini, 2005-ci il təvəllüdlü Xanlar dostu Əsədlə (adlar şərtidir – red.) mübahisə edib.
Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı Xanlar dostunun sifət nahiyəsinə qəsdən yumruqla zərbələr vuraraq, ona xəsarətlər yetirib.
Məlum olub ki, Salyan rayon sakini olan Xanlar paytaxtda restoranlardan birində ofisiant işləyib. Onun dostu da eyni işlə məşğul olub. Onların arasında mübahisənin yaranmasına səbəb isə pul borcu olub.
Faktla bağlı Xanların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xanlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş ilə barışıq əldə etdiyini, ona dəymiş zərəri ödədiyini, törətmiş olduğu əməldən peşman olduğunu bildirib.
Zərərçəkmiş Əsəd isə ifadəsində təqsirləndirilən şəxs ilə barışdığını təsdiqləyib. O, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar o, cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə xitam verilib.//Demokrat.az
18 Iyul 2026
17 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ