İnsanlara hürriyət, millətlərə istiqlal!

Orqanik donorlar

Bir neçə gündür dünya mediasında, o cümlədən bizim KİV-lərdə beynəlxalq orqan mafiyası barədə yazılar, reportajlar, araşdırmalar dərc edilir. Ortada dolaşan söhbətlərə görə, 50 Azərbaycan vətəndaşı da daxili orqanlarını, əsasən böyrəklərini satıblar.

Niyə satıblar? Dolanışıq, kasıblıq üzündən. Yox, əşşi, qara zarafat elədim, inanmayın. Bizdə kasıbçılıq bir situasiya olaraq kökündən ləğv edilib, hamı varlıdır. Orqanları da xeyriyyəçilik, Hacı Zeynalabdin irsi, nə bilim, FHN generalları baxımından əta eləmişik.

İki böyrək bizə artıqlıq edir axı. Maşallah, su təmiz, göz yaşı kimi, ərzaqlar da cənnət nemətləridir, böyrəklərimiz faktiki işsiz-gücsüz, avara qalıblar. Ona görə hansı xarici vətəndaşda böyrək olmasa, çıxarıb veririk. Vallah. Hələ ürəyimiz, qaraciyərimiz, dalaq, beyin, nə bilim, ayaq, qol və sairə də beynəlxalq ictimaiyyətə qurban olsun. Bunlar hamısı bizim qlobal miqyaslı humanitar aksiyalarımızın mühüm tərkib hissələridir – sözün əsl mənasında. Kimin hansı hissəyə gücü çatır, bağışlayır.

Çox adam, mən fikir vermişəm, başını qoparıb verib. Nəyə lazımdır ki? Baş çox mənasız orqandır, bütün günü təxribatçı fikirlərə düşür. Əsas qarındır, onu qardaşa da vermərik.

Bu arada “orqan” yazdım, ağlıma gələn bir ideyanı, fikri sayın oxucularla bölüşmək istəyirəm. Son vaxtlar dükan-bazarda qarşımıza ancaq orqanik məhsullar çıxmaqdadır. Hara baxırsan etiketdə, bankada, torbada bu qeyd görünür: “Orqanik qatıq”, “Orqanik araq”, nə bilim, “Orqanik yumurta” və sairə. Güman edirəm bu, çox hiyləgər marketinq fəndidir. İstehsalçılar, tacirlər yaxşı başa düşür ki, Azərbaycan xalqının orqan işçilərinə hörməti hüdudsuzdur. Məhsula bu sözü yazanda camaat da elə zənn edir həmin məhsulu məhz orqan işçiləri istehlak edirlər. Ya da belə assosiasiya, təəssürat yaradılır ki, misal üçün, orqanik araq araqların təxminən prokurorudur.

Buyurun, başın nə qədər axmaq orqan olduğunun isbatını canlı görürsünüz. Olmasa, içinə ordan-burdan ideya da dolmaz. Başımız bizi zibilə salır.

İşin “maraqlı” cəhəti isə budur ki, həmin donor-orqan mafiyası barədə Keniyadan Almaniyaya, İsraildən Hindistanacan çoxlu dövlətdə araşdırmalar başlandığı söylənilir, lakin siyahıda şanlı yurdumuzun ismi-şərifi yoxdur. Bircə bizim əlaqədar orqanlar orqan mafiyasının fəaliyyətini araşdırmaq, bu istiqamətdə camaatımıza nəsə informasiya verməyi özlərinə qətiyyən borc bilmir.

Ya başları daha ağır cinayətlərə qarışıb, ya da 50 vətəndaşın orqanının satılması elə böyük hadisə sayılmır. Bəlkə araşdırma gizli şəkildə gedir, xəbərimiz yoxdur. Mümkündür yuxarıda qeyd elədiyim xeyriyyəçilik missiyasına görə qarışmırlar, axı sağ əlin verdiyi böyrəyi, sol əl bilməməlidir.

Hər halda, gözləyək görək axırda günahkar kim çıxacaq. Mən indidən ehtimalımı yazım, cəbhəçilərdən şübhəm çoxdur. Onlar hələ AXC-Müsavat dövründə... Nəsə, əlaqədar orqanlar özü temanı məndən yaxşı bilir, dərinə getməyə ehtiyac yoxdur.

Bir versiyamı da yazım, güman edirəm beynəlxalq donor mafiyası temasını bizdə Kənd Təsərrüfatı Nazirliyi araşdırır. Ona görə bəzi gilas növlərinin kilosu hələ də 17 manatdır. Yağış belə yağsa, Molla demişkən, “külək belə əssə” kartof əvəzinə ehtimal var Kolorado böcəyinin qızartmasını yeyək, üstündə qanadlı qarışqanın kotletiylə. Çünki idarə donor mafiyasının izinə düşübdür, gilasa vaxt qalmır.

Hələlik bu qədər, əziz oxucular. Mən də qəlbimi əvəzsiz olaraq sizə vermişəm.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR