İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan AXP-yə üzv olmaq istəyir – Azərbaycandan bu təsisatda kim var?

Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası Avropa İttifaqının ən böyük transmilli siyasi qurumu olan Avropa Xalq Partiyasına (AXP) üzv olmaq üçün danışıqlar aparır.

Məlumata görə, hələlik rəsmi qərar qəbul edilməyib və dəqiq vaxt da təsdiqlənməyib. Lakin Avropanın sağ-mərkəzçi siyasi ailəsinin ilin sonuna qədər “Vətəndaşı müqaviləsi”nin üzvlüyünü təsdiqləyə biləcəyi qeyd olunur.

Eyni zamanda, AXP-yə Macarıstanın “Tisza”, Danimarkanın “Liberal Alyansı”, Çexiyanın STAN və Monteneqronun hakim “Avropa İndi” (PES) partiyasının da qoşulması mümkün namizədlər sırasında göstərilir.

Bəs, Azərbaycandakı siyasi partiyalardan Avropa Xalq Partiyasında təmsil olunanlar varmı? Avropa Xalq Partiyasında təmsilçilik siyasi partiyaya hansı imkanlar açır və üstünlüklər gətirir?

Musavat.com xəbər verir ki, hazırda Azərbaycandakı əsas siyasi partiyalardan heç biri Avropa Xalq Partiyasının tamhüquqlu üzvü deyil. Azərbaycandakı partiyalarının əksəriyyəti ya heç bir Avropa siyasi ailəsinə daxil deyil, ya da müxtəlif dövrlərdə fərqli beynəlxalq platformalarla əməkdaşlıq formatlarında iştirak ediblər və edirlər.

Avropa Xalq Partiyası Avropanın ən böyük və ən nüfuzlu transmilli siyasi təşkilatlarından biridir. 1976-cı ildə yaradılan bu siyasi “ailə” əsasən xristian-demokrat, mühafizəkar və sağ-mərkəzçi partiyaları birləşdirir. AXP hazırda Avropa Parlamentində ən böyük siyasi qruplardan biridir, Avropa Komissiyası rəhbərliyində mühüm təsirə malikdir, bir çox Avropa ölkələrinin hakim və ya aparıcı müxalifət partiyalarını öz sıralarında birləşdirir.

AXP-nin üzvləri arasında Almaniyanın Xristian Demokrat İttifaqı, İspaniyanın Xalq Partiyası, Polşanın Vətəndaş Platforması kimi iri siyasi qüvvələr var.

Ermənistandan hazırda Respublika Partiyası AXP-nin üzvüdür. Serj Sərkisyanın prezidentliyi dövründə sədrlik etdiyi bu partiya AXP üzvlüyünə qəbul edilib.

Əgər Nikol Paşinyanın rəhbərlik etdiyi partiya AXP-yə qəbul olunarsa, bu, maraqlı siyasi vəziyyət yaradacaq. Çünki eyni ölkədən həm iqtidar, həm də müxalifət düşərgəsinin nümayəndələri eyni Avropa siyasi ailəsində təmsil oluna bilərlər.

AXP-yə üzvlük Avropanın aparıcı sağ-mərkəzçi partiyaları ilə birbaşa siyasi əlaqələr qurmağa, partiya rəhbərlərinin sammit və forumlarda iştirakına, siyasi təcrübə və ekspert şəbəkələrinə çıxış əldə etməyə, Avropa siyasi institutları ilə əlaqələri gücləndirməyə imkan yaradır. Lakin bu üzvlük dövlətin Avropa İttifaqına üzvlüyü ilə eyni məna daşımır. Məsələn, Aİ üzvü olmayan ölkələrin, o cümlədən Balkanlar və Şərqi Avropadakı bəzi dövlətlərin partiyaları da AXP-də təmsil olunur.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR