Onlayn ictimai-siyasi qəzet
Bakıda məhkum olunmuş cinayətkar separatçı ermənilərin müdafiəsi ilə bağlı rəsmi İrəvanın yeni siyasət kursunun əlamətləri görünməkdədir. Paşinyan hökuməti Bakıdakı separatçı məhkumları Azərbaycanla sülh sazişinədək azad etdirmək istəyini açıq ifadə etməyə başlayıb.
Siyasi ekspertlər hesab edir ki, rəsmi İrəvanın Bakıda həbsdə olan keçmiş separatçı rəhbərlərin azad olunması məsələsini məhz indi aktuallaşdırması bir neçə siyasi və geosiyasi faktorla bağlı ola bilər. Məsələyə həm Ermənistanın daxili siyasəti, həm də regiondakı proseslər prizmasından baxmaq lazımdır. Nikol Paşinyan kompromisə meyilli mövqeyi səbəbindən müxalifətin və radikal millətçi revanşist dairələrin ciddi təzyiqi altındadır. Ona görə də seçkiöncəsi hakimiyyət separatçılar mövzusunu gündəmə gətirərək bu mövzu üzərindən olan hücumları neytrallaşdırmaq istəyə bilər. Yəni bu, daxili auditoriyaya hesablanmış addım ola bilər.
Bundan başqa, separatçıların məsələsini gündəmə daşımaqla sülh danışıqları prosesində təzyiq aləti əldə etmək məqsədi də güdə bilər ki, bu yolla Azərbaycana təsir edə biləcəyi mümkün deyil. Lakin belə görünür ki, İrəvan separatçıların məsələsini sülh sazişinə əlavə şərt kimi daxil etdirməyə, beynəlxalq vasitəçilər qarşısında Bakıya təzyiq mexanizminə çevirməyə cəhd edir. Siyasi analitiklərin fikrincə, İrəvan bu məsələni qabartmaqla Bakının sülh sazişinin imzalanması üçün yeganə şərt kimi elan etdiyi Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddiasının çıxarılması şərtinin qarşısına “erməni separatçılar azad edilməlidir” şərtini çıxarmaq istəyir.

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, əvvəllər Bakıda həbsdə olan ermənilərlə bağlı fikirləri əsasən müxalifət təmsilçiləri, beynəlxalq təşkilatlar və xarici rəsmilərin dili ilə deyirdilər. Yeni kursun mahiyyəti budur ki, indi həmin məsələni İrəvan rəsmiləri özləri hər fürsətdə gündəmə gətirir, aktuallaşdırırlar:
“Paşinyan özü danışdı, Milli Assambleya sədri Simonyan danışdı, indi XİN rəhbəri Mirzoyan danışır. Məzmun belədir - “onların həbsdə saxlanması Bakı ilə sülh prosesinin ruhuna uyğun deyil...” Guya uyğun deyilmiş... Heç şübhə yoxdur ki, Ermənistan hakimiyyəti xalqımıza qarşı ağır cinayətləri məhkəməylə sübuta yetirilmiş şəxslərin azad edilməsini Bakı ilə aparılan sülh prosesinin paralel rəsmi istiqamətinə çevirməyə çalışır. Mövzunun Bakı-İrəvan sülh prosesinə daxil edilməsinə qəti imkan verilməməlidir. Bakıda ömürlük və 15-20 il iş almış separatçı caniləri azad etmək olmaz. Demək istəmirəm ki, onlar buraxılsa, Azərbaycan üçün böyük təhlükə ola bilər. Xeyr, onlar artıq siyasi meyitə çevrilib. Təhlükə ondadır ki, Ermənistanda Azərbaycana qarşı yeni qisasçı və təcavüzkar qüvvələrin yetişmək təhlükəsi var. Bu təhlükəni nisbətən yavaşıtmağın üsullarından biri isə Bakıdakıları sonadək saxlamaq və İrəvanda “qan qisası” ilə yaşayanlara “yerinizdə sakit oturun, bu aqibəti siz də yaşaya bilərsiniz” mesajı verməkdir”.
Etibar Seyidağa,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ