İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan gələn ildən rus hərbi bazasının çıxarılmasını tələb edəcək” - ŞOK İDDİA

Xəbər verildiyi kimi, Rusiya və Ermənistan münasibətlərində gərginlik getdikcə dərinləşir. Son dövrlərdə Prezident Vladimir Putin və baş nazir Nikol Paşinyan arasında keçirilən görüşlərdə də bu məsələlər diqqət mərkəzində olub. Hətta iş o yerə çatdı ki, Putin Bişkekdə 102-ci Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasının mümkünlüyü ilə bağlı açıqlama verdi. Bu, Moskvanın Ermənistanla münasibətlərdə əvvəlki yanaşmadan fərqli siyasət yürütməyə başladığını göstərən mühüm siqnallardan biri kimi dünyada qəbul olunmaqdadır.

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında artıq hər şeyin göründüyünü qeyd etdi:

mehemmed-esedullazade.jpg (31 KB)

“Rusiya-Ermənistan münasibətləri ciddi şəkildə qırılma xəttinə yaxınlaşıb. Ermənistanın Rusiya vətəndaşlarına viza tətbiq edə biləcəyi barədə də qeyri-rəsmi iddialar səslənir. Əgər bu istiqamətdə konkret qərarlar qəbul olunarsa, bu, iki ölkə arasındakı münasibətlərin daha da pisləşməsinə səbəb ola bilər. Hesab edirəm ki, perspektivdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını çıxarması da real ssenarilərdən biridir. Ermənistan hakimiyyəti uzun müddətdir Rusiya ilə hərbi-siyasi münasibətlərin əvvəlki səviyyədə saxlanılmasına maraq göstərmir və Rusiya hərbi mövcudluğuna ölkənin təhlükəsizliyi baxımından risk kimi yanaşmağa başlayıb. Görünür, Moskva da Ermənistan hakimiyyətinin bu mövqeyindən artıq müəyyən siqnallar alıb. Digər tərəfdən, regionda geosiyasi vəziyyət də dəyişib. Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi müşahidə olunur, Türkiyə-Rusiya münasibətləri normal şəkildə davam edir, Azərbaycan-Ermənistan münasibətlərində isə sülh prosesində mühüm irəliləyişlər baş verib. Belə bir şəraitdə Rusiyanın Cənubi Qafqazda, xüsusilə də Ermənistanda hərbi baza saxlamaqla bağlı əvvəlki strateji ehtiyacları müəyyən mənada zəifləyə bilər”.

Politoloqun fikrincə, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması məsələsi də gələcəkdə gündəmə daha ciddi şəkildə gələ bilər:

“Paralel olaraq, İrəvan Avropa inteqrasiyasını öz xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Ermənistanın Rusiyadan siyasi, iqtisadi və təhlükəsizlik baxımından uzaqlaşması mərhələli şəkildə həyata keçirilən yeni strategiyanın tərkib hissəsi kimi görünür. Putinin Paşinyanı Moskvaya dəvət etməsi də bu baxımdan diqqət çəkir. Moskva görüşündə Rusiya-Ermənistan münasibətlərinin gələcək modeli, hərbi əməkdaşlıq, 102-ci bazanın statusu, iqtisadi əlaqələr və Ermənistanın inteqrasiya istiqaməti kimi məsələlərin müzakirə olunması mümkündür. Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq istiqamətində konkret addımlar atarsa, bu, iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanmasına səbəb ola bilər. Lakin Rusiyanın buna reaksiyası da nəzərə alınmalıdır. Moskva Ermənistanla iqtisadi əlaqələrə məhdudiyyətlər tətbiq edə, müxtəlif sahələrdə təzyiq mexanizmlərindən istifadə edə və ticarət münasibətlərində əlavə maneələr yarada bilər. Buna görə də Ermənistan üçün Rusiyadan siyasi və iqtisadi uzaqlaşma yalnız geosiyasi deyil, həm də ciddi iqtisadi nəticələr yarada biləcək prosesdir. Ümumilikdə, Ermənistanın Rusiya ilə münasibətlərdən tədricən uzaqlaşması artıq yalnız siyasi ritorika deyil, strateji istiqamət kimi formalaşır. Qarşıdakı dövrdə əsas məsələ bu prosesin hansı sürətlə gedəcəyi və Moskvanın buna necə cavab verəcəyidir. 102-ci hərbi bazanın gələcəyi isə sual olaraq qalır. Artıq Paşinyan gələn ildən hərbi bazanın çıxarılmasını tələb edəcək”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR