Onlayn ictimai-siyasi qəzet
Ermənistan ordusunda qeyri-döyüş şəraitində baş verən növbəti hərbçi ölümü Müdafiə Nazirliyinin rəhbər strukturlarında ciddi kadr dəyişikliyinə səbəb olub.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, general-mayor Aşot Zakaryan vəzifəsindən azad olunması barədə ərizə təqdim edib. İstefa xəbəri hələlik Ermənistan hakimiyyəti tərəfindən rəsmi qərar formasında açıqlanmayıb. Məlumatı yerli media öz mənbələrinə əsasən yayıb.
Zakaryanın istefa ərizəsi avqustun 13-də Ermənistan ordusunun hərbi hissələrindən birində hərbçi Qriqor Edqar Zakaryanın odlu silah yarası ilə ölü vəziyyətdə aşkarlanmasından bir neçə saat sonra gündəmə gəlib. Ermənistan Müdafiə Nazirliyi hərbi hissənin nömrəsini və hadisənin baş verdiyi yeri açıqlamayıb. İstintaq Komitəsi ölüm faktı ilə əlaqədar cinayət işi başlayıb, hazırda zəruri istintaq və prosessual tədbirlər həyata keçirilir. Hadisənin intihar, ehtiyatsız davranış, yaxud cinayət nəticəsində baş verdiyi barədə hələlik yekun rəsmi nəticə yoxdur.
Baş nazir Nikol Paşinyan hadisədən sonra müdafiə naziri Suren Papikyanla ordudakı vəziyyəti müzakirə etdiyini bildirib. O, problemin qarşısının alınmasına birbaşa məsul olan strukturlarda fərdi məsuliyyət prinsipinin tətbiq ediləcəyini deyib.
Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib ki, artıq müvafiq qərar qəbul edib və dəyişikliklər iki istiqaməti – hərbi polisi və Silahlı Qüvvələrin mənəvi-psixoloji təminat idarəsini əhatə edəcək.
Ermənistan baş naziri görülən tədbirlərin niyə gözlənilən nəticəni vermədiyinin ayrıca araşdırılacağını vurğulayıb. Bununla belə, Paşinyan məsuliyyəti birbaşa müdafiə naziri və baş qərargah rəisinin üzərinə qoymayıb. O bildirib ki, müdafiə naziri ilə baş qərargah rəisinin problemin həlli üçün yetərincə səy göstərmədiklərini düşünmür. Baş nazirin bu mövqeyi əsas zərbənin orta və yüksək idarəetmə həlqəsindəki rəhbərlərə dəyəcəyini göstərir.
Erməni mediasının məlumatına görə, Qriqor Zakaryanın ölümü 2026-cı ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələrində qeyri-döyüş şəraitində qeydə alınmış sayca doqquzuncu ölüm hadisəsidir. Bununla belə, bəzi yerli mənbələr hadisəni səkkizinci qeyri-döyüş itkisi kimi təqdim edir. Rəqəmlər arasındakı fərq ayrı-ayrı hadisələrin təsnifatı ilə əlaqələndirilir.
Bu, son bir ay ərzində Ermənistan ordusunda qeydə alınan ikinci hərbçi ölümüdür. İyulun 21-də müddətli həqiqi hərbi xidmət hərbçisi Narek Torosyanın öldüyü açıqlanmışdı. Sonradan iki hərbçi Torosyanı ehtiyatsızlıqdan intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilmişdi. İyunun 2-də isə hərbçi Aramayis Gevorqyanın meyiti tapılmışdı. Ermənistan mediası orduda qeyri-nizamnamə münasibətləri, psixoloji təzyiq və nəzarət mexanizmlərinin səmərəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Son qeyri-döyüş itkiləri haqqında məlumat
Aşot Zakaryan Ermənistan hərbi polisinə 2020-ci ilin avqustunda gətirilmişdi. O, bu təyinatdan əvvəl hərbi polisin Vanadzor bölməsinin rəisi vəzifəsində çalışıb. Zakaryan 44 günlük müharibədən əvvəl təyin olunsa da, müharibədən sonrakı bütün mürəkkəb mərhələdə – ordunun yenidən qurulması, hərbi intizam və qeyri-döyüş itkilərinin qarşısının alınması dövründə strukturun rəhbəri olaraq qalıb.
Zakaryanın siyasi keçmişi də diqqət çəkir. O, 2008-ci il prezident seçkiləri zamanı Ermənistanın birinci prezidenti, müxalif namizəd Levon Ter-Petrosyanın Gümrüdəki seçki qərargahına rəhbərlik edib. Sonrakı illərdə hüquq-mühafizə və hərbi polis sistemində müxtəlif vəzifələr tutub.
Erməni mediası boşalacağı gözlənilən vəzifəyə bir neçə namizədin adının çəkildiyini yazır. Ən real namizəd isə Ermənistanın keçmiş polis rəisi və daxili işlər nazirinin sabiq müavini, general-mayor Aram Ovannisyan hesab olunur. Yerli mənbələr Nikol Paşinyanın məhz Ovannisyanı hərbi polis idarəsinin rəhbəri təyin edə biləcəyini istisna etmirlər. Lakin bu barədə də hələ rəsmi qərar verilməyib.
Aram Karlenoviç Ovannisyan 1966-cı il noyabrın 7-də Artaşat şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1990-cı ildə Artaşat polis şöbəsinin post-patrul xidmətində başlayıb. Sonradan cinayət-axtarış sistemində, Masis, Şenqavit və Ermənistan polisinin müxtəlif ərazi idarələrində rəhbər vəzifələrdə çalışıb. Ovannisyan 2020-ci ildə Ermənistan polis rəisinin birinci müavini, 2023-cü ilin yanvarında isə polis rəisi–daxili işlər nazirinin müavini təyin edilib.

2024-cü ilin dekabrında həmin vəzifəyə yenidən təyin olunan Ovannisyan 2 iyun 2025-ci ildə Paşinyanın qərarı ilə vəzifəsindən və polis xidmətindən azad edilib. İndi onun yenidən güc strukturuna, bu dəfə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi qurumuna rəhbər gətirilməsi ehtimalı müzakirə olunur.
Beləliklə, söhbət yalnız bir generalın digəri ilə əvəzlənməsindən getmir. Növbəti müəmmalı ölüm hadisəsi Ermənistan ordusunda intizam, şəxsi heyətin təhlükəsizliyi, psixoloji təminat və komandanlığın məsuliyyəti ilə bağlı uzun müddətdir yığılıb qalan problemləri yenidən üzə çıxarıb. Paşinyan hakimiyyəti isə ictimai narazılığın qarşısını ilkin mərhələdə kadr dəyişikliyi vasitəsilə almağa çalışır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ