İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın düşmənlərini Eçmiədzinə yığdı

Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında uzun müddətdir davam edən qarşıdurma yeni mərhələyə qədəm qoyub.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, Ermənistan parlamentinin 9-cu çağırışının ilk iclasında Katolikos II Qareginin iştirak etməməsi siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Ardınca parlamentdəki müxalifət qüvvələrinin tam tərkibdə Eçmiədzinə gedərək katolikosla görüşməsi isə bu qarşıdurmanın artıq parlament divarlarından kənara çıxaraq siyasi-dini qarşıdurma müstəvisinə keçdiyini göstərib.

Məsələ təkcə katolikosun parlamentin ilk iclasında olmaması ilə məhdudlaşmayıb. Müxalifət bu addımı hakimiyyətin Erməni Apostol Kilsəsinə münasibətinin göstəricisi kimi qiymətləndirib, II Qaregin isə parlamentdə səsləndirə bilmədiyi müraciətini müxalifət deputatlarına çatdırıb.

Beləliklə, Ermənistanın yeni parlamentinin ilk günündə diqqət qanunvericilik fəaliyyətindən daha çox hakimiyyətlə kilsə arasındakı dərinləşən uçuruma yönəlib. Bu mənzərə Ermənistan siyasətində kifayət qədər simvolik görüntü yaradıb: hakimiyyətin nəzarətində olan parlamentdə katolikos yoxdur, müxalifət isə mənəvi legitimlik axtarışında Eçmiədzinə üz tutur. Müxalifət deputatlarının katolikosla görüşü sıradan dini mərasim təsiri bağışlamayıb. Görüşdə birbaşa siyasi mesajlar səsləndirilib.

Narek Karapetyan bildirib ki, katolikosun parlamentdə çıxış edə bilməməsindən sonra müxalifət Eçmiədzinə gəlmək qərarına gəlib. “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan isə hakimiyyətin kilsəyə qarşı siyasətini daha sərt ifadələrlə tənqid edib.

Bu baxımdan Eçmiədzindəki görüşün siyasi çəkisi daha da artır. Çünki müxalifət faktiki olaraq hakimiyyətin qarşısında yalnız siyasi alternativ kimi deyil, həm də ölkənin ənənəvi dini institutunun müdafiəçisi kimi çıxış etməyə çalışır. Bu isə Paşinyan hakimiyyəti üçün əlavə siyasi problem yaradır. Hakimiyyət parlamentdə çoxluğa malik olsa da, kilsə məsələsi cəmiyyətin daha geniş təbəqələrinə təsir edə biləcək emosional və milli mövzu olaraq qalır.

II Qaregin müxalifət deputatlarını qəbul edərkən Ermənistanın üzləşdiyi daxili və xarici problemlərdən danışıb. Katolikos ölkədə parçalanma, siyasi qütbləşmə, milli dəyərlərin təhrif edilməsi və Erməni Apostol Kilsəsinə qarşı atılan addımlardan narahatlığını ifadə edib. Onun mesajında xüsusilə “qanunsuz və konstitusiyaya zidd” addımlar ifadəsinin işlədilməsi diqqət çəkib. Bununla II Qaregin hakimiyyətlə kilsə arasındakı qarşıdurmanı sadəcə fikir ayrılığı kimi deyil, daha ciddi dövlət və milli birlik problemi kimi təqdim edib. Katolikosun mövqeyinə görə, Ermənistanın qarşısında duran xarici və daxili çağırışların öhdəsindən gəlmək üçün dövlət və milli strukturların birliyi, qarşılıqlı etimad və cəmiyyətin konsolidasiyası vacibdir.


II Qaregin çıxışında Erməni Apostol Kilsəsinin erməni xalqının tarixindəki rolunu xüsusi vurğulayıb. Onun mesajının siyasi baxımdan ən mühüm tərəfi isə kilsənin milli birliyin əsas sütunlarından biri kimi təqdim edilməsidir. Katolikos “bir xalq, bir vətən, bir kilsə” tezisini önə çəkərək kilsənin Ermənistan dövlətçiliyindən daha qədim və milli kimliyin formalaşmasında mühüm institut olduğunu xatırladıb.Görüşdə hakimiyyətlə kilsə arasında qarşıdurmanın digər mühüm elementi – biznesmen və xeyriyyəçi Samvel Karapetyanın həbsi də gündəmə gətirilib. II Qaregin Karapetyanın timsalında hakimiyyətin kilsəni müdafiə edən şəxslərə qarşı təzyiq göstərdiyini vurğulayıb.

Bu mənzərə Paşinyan hakimiyyəti ilə kilsə arasında qarşıdurmanın artıq şəxsi və institusional mübahisə çərçivəsindən çıxdığını göstərir.

Eçmiədzində keçirilən görüşdən sonra jurnalistlər Narek Karapetyandan Katolikosun xeyir-duasının hakimiyyət üçün legitimlik məsələsinə təsir edib-etmədiyini soruşublar. Karapetyan bu yanaşmanı “maraqlı” adlandırıb. O, həmçinin bildirib ki, II Qaregin parlament tribunasından səsləndirmək istədiyi fikirləri məhz müxalifət deputatlarına çatdırıb. Ermənistanda yeni siyasi mərhələ məhz bu ziddiyyət üzərində formalaşa bilər: hakimiyyət parlamentdə qalib gəlib, amma Eçmiədzin müxalifətin siyasi dayağına çevrilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR