Onlayn ictimai-siyasi qəzet
Sentyabr ayının ilk həftəsini yaşayırıq və artıq havada payızın sərinliyi, fəsil dəyişikliyinin ilk əlamətləri hiss olunur. Yayın isti günlərindən sonra orqanizm tədricən daha sərin havaya uyğunlaşmağa başlayır. Bu dövrdə düzgün və balanslı qidalanma həm immunitetin möhkəmləndirilməsi, həm də orqanizmin mövsümi dəyişikliklərə hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəs payız aylarında necə qidalanmalıyıq, süfrəmizdə hansı məhsullara daha çox yer verməliyik və orqanizmin ehtiyac duyduğu vitaminləri təbii yolla necə təmin edə bilərik?
Mövzu ilə bağlı qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov Musavat.com-a danışıb.

Mütəxəssis bildirib ki, payız aylarında havaların sərinləşməsini əsas gətirərək insanların daha çox yeməyə üstünlük verməsi yanlış yanaşmadır:
"Çox yemək immun sistemini gücləndirmir. Əksinə, minerallar və vitaminlərlə zəngin, balanslı qidalanma orqanizmin müqavimətinin qorunmasına daha çox kömək edir. Payız meyvə və tərəvəzlərin bol olduğu mövsümdür. Bu dövrdə üzüm, alma, armud, balqabaq, kök və müxtəlif göyərtilərə üstünlük vermək faydalıdır. Lakin immuniteti yalnız meyvə və tərəvəzlə əlaqələndirmək də düzgün deyil. "Meyvə yedim, immun sistemim gücləndi" yanaşması doğru deyil. İmmunitetin qorunmasında sağlam qidalanma ilə yanaşı, aktiv həyat tərzi də mühüm rol oynayır. Havanın sərinləşməsi açıq havada fiziki aktivlik üçün əlverişli şərait yaradır. Buna görə də imkan daxilində açıq havada gəzmək, hərəkətdə olmaq və fiziki aktivliyi davam etdirmək lazımdır".
Mütəxəssisin fikrincə, payız aylarında xəmir xörəklərinə və un məmulatlarına daha çox üstünlük verilməsi də düzgün seçim deyil:
"Bu dövrdə balıq məhsullarına da diqqət yetirmək olar. Balıq alarkən isə ilk növbədə onun təzəliyinə əmin olmaq lazımdır. Ümumiyyətlə, qida seçərkən mümkün qədər təbii və orqanizm üçün faydalı məhsullara üstünlük verilməlidir. Eyni zamanda artıq çəki və piylənmənin qarşısının alınmasına, xüsusilə də yeməkdən sonra uzun müddət hərəkətsiz qalmamağa diqqət yetirmək vacibdir. Havaların soyumasını əsas gətirərək müxtəlif vitamin və qida əlavələrini həkim məsləhəti olmadan qəbul etmək də düzgün deyil. Həkim, diyetoloq və ya terapevt nəzarəti olmadan qəbul edilən vitamin və digər qida əlavələri orqanizmdə balansın pozulmasına səbəb ola bilər. İnsanlar bilməlidirlər ki, vitaminlər də nəzarətsiz qəbul edildikdə sağlamlıq üçün arzuolunmaz nəticələr yarada bilər".
İlkin Şirinovun sözlərinə görə, bu gün əsas problemlərdən biri də ixtisası və tibbi təhsili olmayan insanların həkim və diyetoloqların yerinə məsləhətlər verməsidir:
"Tibbi biliyi və təcrübəsi olmayan şəxslərin verdiyi tövsiyələrə əsasən qidalanma rejimini və ya vitamin qəbulunu dəyişmək düzgün deyil. Digər mühüm məsələ isə su qəbuludur. Havaların sərinləşməsi orqanizmin suya olan tələbatının aradan qalxması demək deyil. Yay aylarında olduğu kimi, payızda da kifayət qədər su içmək və maye balansını qorumaq lazımdır. "Hava sərinləşib, artıq suya ehtiyacım yoxdur" düşüncəsi yanlışdır. Qidalanmada süd və süd məhsulları, o cümlədən qatıq, həmçinin qoz, fındıq və digər çərəzlərə də yer vermək faydalıdır. Paxlalı bitkilər də balanslı qidalanmanın vacib hissəsidir və orqanizmin ehtiyac duyduğu bir sıra qida maddələri ilə təmin olunmasına kömək edir. Ət məhsullarına gəldikdə, isti aylarda ətdən uzaq duran insanların havalar sərinləşdikcə bu məhsullardan istifadəni artırması mümkündür. Lakin ətin bol yağda və ya çox miqdarda bitki yağında qızardılması məsləhət görülmür. Ət, balıq və toyuq məhsullarını düzgün bişirmə üsulları ilə və balanslı şəkildə qəbul etmək daha sağlam seçimdir".
Xalidə Gəray
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ