Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylərin yenidən intensivləşdiyi bir vaxtda mümkün növbəti danışıqların keçiriləcəyi məkanla bağlı yeni variantlar ortaya çıxıb. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya, Ukrayna və ABŞ arasında növbəti üçtərəfli görüşün Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və ya İsveçrədə keçirilməsinin mümkün olduğunu açıqlayıb.
Bu açıqlama təsadüfi vaxtda səslənməyib. Belə ki, ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin əvvəlcə Moskvada, daha sonra Kiyevdə keçirdiyi görüşlərdən sonra Vaşinqtonun müharibənin diplomatik yolla dayandırılması istiqamətində səyləri yenidən fəallaşıb. Kreml də üçtərəfli danışıqlar formatının bərpasını istisna etmədiyini bildirib.
Zelenskinin açıqlamasında diqqət çəkən başqa məqam isə mümkün görüşün yalnız siyasi bəyanatlar platformasına çevrilməməsi ilə bağlı mesajdır. Ukrayna tərəfi danışıqlardan konkret nəticə gözləyir. Xüsusilə enerji obyektlərinin təhlükəsizliyi, taxıl ixracı və digər iqtisadi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Burada Türkiyə, BƏƏ və İsveçrənin mümkün məkan kimi gündəmə gətirilməsi ayrıca diqqət çəkir. Ankara artıq Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik proseslərdə vasitəçilik təcrübəsinə malikdir. BƏƏ isə son illərdə Moskva və Kiyevlə təmasların aparıldığı platformalardan biri kimi önə çıxıb. İsveçrə isə beynəlxalq diplomatiyada neytral məkan kimi ənənəvi üstünlüklərə malikdir.
Növbəti üçtərəfli görüş müharibənin dayandırılması istiqamətində dönüş nöqtəsinə çevrilə bilərmi?

Politoloq Rəhman Bayramov Musavat.com-a açıqlamasında bu ölkələrin adlarının təsadüfi çəkilmədiyinə işarə edib:
“Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik fəallığın artması müsbət siqnal sayılsa da, indiki mərhələdə tərəflərin sülhə yaxınlaşdığını söyləmək hələ tezdir. Çünki əsas problem görüşün harada keçirilməsi deyil, Moskva və Kiyevin hansı şərtlərlə danışıqlar masasına əyləşməsidir. Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İsveçrənin mümkün görüş məkanı kimi nəzərdən keçirilməsi təsadüfi deyil. Bu ölkələrin hər birinin tərəflərlə dialoq imkanları və müəyyən vasitəçilik təcrübəsi var. Lakin Türkiyənin üstünlüyü ondan ibarətdir ki, Ankara müharibənin əvvəlindən həm Moskva, həm də Kiyevlə siyasi əlaqələri qoruyub, taxıl sazişi və əsir mübadiləsi kimi konkret nəticələrin əldə edilməsində rol oynayıb. Görüşün Türkiyədə keçirilməsi Ankaranın regional diplomatiyadakı mövqeyini daha da gücləndirə bilər. Bununla belə, görüş məkanının müəyyənləşdirilməsi prosesin ən asan hissəsidir. Əsas çətinlik ərazi, təhlükəsizlik təminatları, sanksiyalar və gələcək siyasi münasibətlərlə bağlı dərin fikir ayrılıqlarının aradan qaldırılmasıdır. Rusiya əldə etdiyi hərbi və siyasi üstünlüklərin tanınmasını istəyir. Ukrayna isə ərazi bütövlüyü və uzunmüddətli təhlükəsizlik təminatları məsələsində geri çəkilmək niyyətində olmadığını bildirir. Belə şəraitdə hərtərəfli sülh müqaviləsinin qısa müddətdə əldə olunması real görünmür. Daha real variant mərhələli razılaşmadır. İlk növbədə enerji obyektlərinə hücumların məhdudlaşdırılması, Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyinin təmin olunması, əsir mübadiləsinin sürətləndirilməsi və digər humanitar məsələlər üzrə razılıq əldə edilə bilər. Bu addımlar həm tərəflər arasında minimal etimadın formalaşmasına, həm də daha geniş atəşkəs müzakirələrinə zəmin yarada bilər.
ABŞ-nin prosesdə yenidən fəallaşması göstərir ki, Vaşinqton müharibəni yalnız hərbi vasitələrlə idarə etməyin mümkün olmadığını anlayır. Lakin ABŞ nümayəndələrinin Moskva və Kiyevə səfərlərindən dərhal sonra döyüşlərin və qarşılıqlı zərbələrin davam etməsi tərəflərin diplomatiyanı hərbi təzyiq vasitəsi ilə paralel apardığını göstərir. Hər iki tərəf danışıqlar başlamazdan əvvəl mövqeyini mümkün qədər gücləndirməyə çalışır”.
Politoloqun sözlərinə görə, Zelenskinin danışıqların konkret nəticələr verməli olduğu barədə açıqlaması Ukraynanın sadəcə siyasi görüntü yaratmaq üçün görüş keçirmək istəmədiyini göstərir: “Moskva da masa arxasına yalnız protokol naminə əyləşməyəcək. Buna görə mümkün üçtərəfli görüşdən dərhal böyük sülh sazişi gözləmək düzgün olmazdı. Əgər tərəflər enerji təhlükəsizliyi, taxıl ixracı, əsir mübadiləsi və məhdud atəşkəs mexanizmi üzrə razılığa gələ bilsələr, bu, danışıqlar prosesində ciddi dönüş nöqtəsi sayıla bilər. Əks halda görüş diplomatik fəallıq görüntüsü yaradan növbəti siyasi təmas kimi tarixə düşəcək. Hazırda əsas sual danışıqlar masasının Türkiyədə, BƏƏ-də və ya İsveçrədə qurulması deyil. Əsas sual həmin masaya əyləşəcək tərəflərin müharibəni dayandırmaq üçün hansı real güzəştlərə hazır olmasıdır. Siyasi iradə və qarşılıqlı güzəşt olmadan ən uyğun məkan belə nəticə verməyəcək. Lakin məhdud sahələr üzrə əldə ediləcək ilk razılaşmalar daha böyük sülhün başlanğıcına çevrilə bilər”.
Cavanşir Abbaslı
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ