Onlayn ictimai-siyasi qəzet
"Dünyada nüvə silahları ətrafında formalaşmış kövrək balans yenidən ciddi sınaq qarşısındadır. “Soyuq müharibə” dövründə əsas nüvə qarşıdurması ABŞ və SSRİ arasında yaşanırdısa, bu gün qlobal mənzərə dəyişib. Çinin sürətlə artan nüvə potensialı Vaşinqtonun diqqətini Pekinə yönəldib və ABŞ artıq Çini nüvə arsenalına nəzarət və silahların məhdudlaşdırılması ilə bağlı danışıqlar masasına gətirməyə çalışır".

Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Pekin hələlik bu çağırışlara müsbət cavab vermir.
"Keçmiş illərdə Çinin nüvə arsenalı indiki qədər çox deyildi. Nüvə arsenalının azaldılması barədə danışıqlar Vaşinqtonla Moskva arasında gedir, iki ölkə arasında müvafiq sazişlər imzalanırdı. Bu sazişlərə görə, ABŞ və keçmiş SSRİ nüvə başlıqlı raketlərin azaldılması barədə razılıq əldə edir və buna əməl edirdilər. Çin bu razılaşmaların kənarında qalırdı. Bu isə Çinə imkan verirdi ki, nüvə başlıqlı raket istehsalını istədiyi səviyyədə artırsın.
Vaşinqton bir müddət sonra Çinin nüvə arsenalını artdığını müşahidə edərək raketlərin sayının azaldılması barədə danışıqlara Rusiya ilə yanaşı Çinin də qoşulmasını istəyirdi. Ancaq Vaşinqtonun son illərdə həyata keçirdiyi bu siyasət nəticə vermir. Çünki, Pekin Vaşinqtonun təkliflərini qəbul etmir. Vaşinqtonun təkliflərinə hər dəfə rədd cavabı verən Pekin nüvə arsenalını ABŞ və Rusiyadakının səviyyəsinə çatdırmaq istəyir".

Elxan Şahinoğlu qeyd edib ki, ABŞ-ın kəşfiyyat məlumatlarına görə, Çin yaxın illərdə qitələrarası ballistik raket istehsalını, bunun üçün müvafiq mərkəzlərin və mobil raket komplekslərinin sayını dəfələrlə artıracaq: "Çin eyni zamanda hərbi dəniz qüvvələrinin nüvə silahlarıyla təhcizatını da gücləndirib. Bu vəziyyət ABŞ-ın hərbi strategiyasına ciddi təhlükələr yaradıb. Buna görə də Vaşinqton Pekini nüvə arsenalı və ballistik raketlər mövzusunda diplomatik danışıqlara cəlb etməyə çalışır. Çünki, Çin nüvə arsenalını artırdıqca ABŞ-da da eyni siyasəti aparmaq məcburiyyətindədir".
Politoloq həmçinin vurğulayıb ki, Çinin artan hərbi və nüvə gücü ABŞ-ın hərbi resurslarının əsaslı hissəsini Hind və Sakit Okean bölgəsinə yönəltməyi məcbur edib: "ABŞ eyni zamanda bu bölgədəki müttəfiqləri, o cümlədən Yaponiya ilə hərbi-strarteji əməkdaşlığı genişləndirməyə qərar verib. Təsadüfi deyil ki, Vaşinqton Yaponiyanın raket arsenalını, hətta nüvə silahına malik olma müzakirələrinə yaşıl işıq yandırıb.
Çin nüvə arsenalını gücləndirməklə kifayətlənməyərək ballistik raket sınaqlarının sayını artırıb. Çin bu ilin iyul ayında Sakit okeanda nüvə sualtı qayığından uzaqmənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib. Bu sınaq Yaponiya, Avstraliya və Yeni Zelandiya Asiya və Sakit Oken bölgəsindəki ada dövlətlərində, o cümlədən Tuvaluda ciddi narahatlıq yaradıb. Kiçik ada dövlətləri birgə bəyanat yayaraq, Çinin xəbərdar etmədən bölgədə ballistik raket sınaqlarını qəbuledilməz olduğunu vurğulayıblar. Bu narahatlığa baxmayaraq, Çin hərbi strategiyasını dəyişdirməyəcək".
Xalidə Gəray
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ