İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə 77 faizlik RƏĞBƏT və... rusun genetik (işğalçılıq) KODU

Rusiya Ukrayna ilə bağlı bəd niyyətində qalır. Bunu ölkənin baş diplomatı Sergey Lavrov təzəlikcə verdiyi müsahibədə bir daha təsdiqləyib. Qanlı müharibənin 5-ci ilində o, hətta Ukrayna ilə birgə kollektiv Qərbi hədələyib də.

Aydındır ki, Lavrov öz sözünü demir. Rusiyanın xarici siyasətini, hərbi hədəflərini bir nəfər müəyyənləşdirir. O da Vladimir Putindir. Lavrov və digərləri yalnız icraçılar...

Rusiya prezidentinin özü isə SSRİ-nin 80 il öncə Yaponiyadan yağmaladğı Kuril adasına bu günlərdə ilk dəfə elədiyi səfər zamanı rusların hansısa “genetik qələbə kodu”ndan danışmışdı. Guya bunlar tarix boyu məğlubiyyət-zad bilməyiblər.

Əlbəttə ki, Putin blef edir. Tarixçilər daha yaxşı şərh edər, amma rusların uduzduğu müharibələr də var. Biri elə 1904-1905 rus-yapon davası (Portsmut sülh müqaviləsi). Ukraynaya qarşı ədalətsiz müharibə də enində-sonunda axırıncıların sırasında yer alacaq. Rusiya ən azından qalib olmayacaq...

Əslində, rusların genetik kodu var və başqadır. Adı da min il qabaq ilk dəfə “Rusiya” adında dövlət yaranandan formalaşan işğalçılıq və ya istiladır.

Məsələ də ondadır ki, müasir Rusiya ərazisinin böyük hissəsi işğalçı yürüşlər nəticəsində qamarlanmış, milli-etnik ərazilərdir, aborigen xalqlara məxsus torpaqlardır. Onları sadalamağa lüzum yox. Əsasən də türkdilli toplumlardan söhbət gedir – Tatarıstan, Başqırdıstan, Tuva, Dağıstan, Yakutiya və s.

35 il əvvəl isə SSRİ eyni statusda, lakin daha böyük “xalqlar həbsxanası” idi. Aqibəti bəlli. Amma təəssüf ki, bu aqibət bəzi velikorus başlara dərs olmayıb. Onlara yenə elə gəlir ki, zor gücünə xalqları “böyük qardaşın” çətiri altına yığıb “xoşbəxt” edəcəklər. Nə yazıq ki, bu yolda onlar istənilən vasitəni məqbul sayırlar. Heç vaxtilə qardaş adlandırdıqları slavyan ukraynalılara da rəhm etmirlər. Gör başqa millətlərə hansı pisliyi edərlər...

Amma inşallah ki, edə bilməyəcəklər. Çünki bayırda XXI əsrdir. Keçmiş sovet respublikaları artıq 35 ildir müstəqil dövlətlərdir. Bəziləri NATO və Avropa İttifaqının (Aİ) üzvləridir, bəzilərinin isə Türkiyə, Pakistan, Çin kimi qüdrətli müttəfiqləri, etibarlı arxa-dayaqları var.

Zorla, hədə-şantajla dostluq, qardaşlıq, sevgi olmur. Bir mütəfəkkirin dediyi kimi, “nə səndən qorxan adamı, nə də sənin qorxduğun adamı sevə bilərsən”. Bu axmaq bir xülya və onun N qədər acı nümunəsi var...

Amma kimə deyirsən. Rusiyada hələ də bəzi qafalar müstəqilliyini bərpa eləmiş Güney Qafqaz ölkələrini, Türküstanı (Orta Asiyanı) Çar Rusiyasının “qanuni ərazisi” hesab edir. Hələ harasıdır, hətta SSRİ adlı imperiyanın dağılmasını qeyri-qanuni, qeyri-legitim sayırlar. Guya Sovet İttifaqı 1922-də legitim əsasda, könüllü formalaşıbmış.

Necə deyərlər, “kələklə gələn küləklə gedər”. Elə də oldu. Allah qoysa, Ukrayna da Rusiyanın sonuncu “qəbirqazanı” kimi tarixə düşər. Postsovet ölkələrinin, bütün dünyanın da canı qurtarar. Böyük Məmmədəmin Rəsulzadənin məşhur kəlamı yenə yada düşür: “Rusiya kiçilib öz tarixi torpaqlarına sığışmayınca, dünya xalqlarına rahatlıq yoxdur”. Yəni ki, Moskva, Vladimir vilayətlərinə qədər...

Və sonda. Təzəcə keçirilmiş rəy sorğularına görə, Rusiya cəmiyyətinin 77%-i (!) Putinə rəğbət bəsləyir, inanır. Yəni faktiki müharibə tərəfdarıdır. Biz də inanaqmı? Bəlkə bu sorğular obyektiv deyil? Axı, söhbət yarım-diktatura rejimli bir ölkədə gedir. Gəl ki, genetik “işğalçılıq kodu”nu nəzərə alanda şübhələr o saat yox olur.

Odur ki, belə reytinq faizlərini Azərbaycanda da nəzərə almaq, görməzdən gəlməmək milli təhlükəsizliyimizin faydasına olar...

Z. SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR