Onlayn ictimai-siyasi qəzet
Rusiya neftini daşıyan sanksiyaya məruz qalmış tankerlər eskalasiya riski və Kremlin gəlirlərinin azalmasına baxmayaraq, Britaniya sularında sərbəst hərəkət edir.
Musavat.com xəbər verir ki, “Sky News”un məlumatına görə, Kremlin ən güclü təsir vasitələrindən bəziləri hazırda birbaşa Britaniya sularından keçir.
Söhbət ayda bir neçə dəfə La-Manş boğazını keçən, “kölgə donanması” adlanan Rusiya neft tankerlerinden gedir. Baxmayaraq ki, tankerlərə Qərb sanksiyaları tətbiq olunub.
Ekspertlərin qiymətləndirməsinə görə, bu gəmilər yüz milyonlarla dollarlıq neft daşıyır və Ukraynaya qarşı müharibəni maliyyələşdirir.
Təhlükəsizlik məsələləri üzrə professor Maykl Klark xəbərdarlıq edir ki, vəziyyət “dənizdə hərbi qarşıdurma”ya çevrilə bilər.
Jurnalistlər bir neçə saatlıq məsafədə 3 sanksiyaya məruz qalmış tanker – “Rigel”, “Hyperion” və “Kousai”nın keçdiyini qeydə alıblar. Gəmilər Rusiya Baltik limanlarından çıxaraq boğazın ən dar hissəsindən keçiblər.
Suezmax tipli “Rigel” tankerinin uzunluğu 270 metrdən çoxdur və Primorsk limanında yüklənmiş 1 milyon barelədək neft daşıyır. Təxmini dəyəri 55 milyon dollar olan gəmi Kamerun bayrağı altında fəaliyyət göstərir, Seyşel adaları şirkəti tərəfindən idarə olunur və AB, Britaniya və Kanada sanksiyalarına məruz qalır.
“Hyperion” hazırda Rusiya bayrağı altında hərəkət edir, lakin əvvəlki dövrlərdə yurisdiksiyanı dəyişdirib ki, bu da “kölgə donanmaları” üçün tipik taktikalardandır. Bayraq dəyişiklikləri, qeyri-şəffaf sahiblik strukturu və şübhəli sığorta gəmilərin sərt nəzarətdən yayınmasına imkan verir.
“Kousai” tankerinin keçidi zamanı Britaniya Sahil Mühafizəsi sığorta sənədlərinin təsdiqini tələb edib. Belə ki, sənədlər 24 saat ərzində təqdim olunmalı idi. Lakin La-Manşda hələki birbaşa saxlamalar qeydə alınmayıb.
Analitiklərin hesablamasına görə, “kölgə donanması”nda təxminən 800 gəmi var. Rusiya xam neftinin 60%-dən çoxu hazırda məhz bu tankerlərlə ixrac olunur.
“Zəncirdə gəmidən-gəmiyə beş, altı və ya yeddi dəfə yükləmə ola bilər ki, neftin mənşəyi gizlədilsin”, - “Vortexa” şirkətinin nümayəndəsi Pəmela Munger bildirib.
Qeyd edək ki, genişmiqyaslı işğaldan sonra Rusiya neftinin əsas alıcıları Çin və Hindistan olub. Lakin sanksiyalar qiymətə təsir edib. “Urals” markalı Rusiya nefti artıq “Brent” neftinə nisbətən ciddi endirimlə satılır.
“Argus Media”nın baş iqtisadçısı Devid Fife bildirir ki, 2021-ci ildə “Urals” və “Brent” arasında fərq 2-3 dollar idisə, hazırda bu rəqəm 27 dollara çatıb. Bu, Rusiya üçün illik neft gəlirlərini təxminən 25% azaldıb, bəzi aylarda isə 50%-ə qədər azalma müşahidə olunub.
Britaniya Müdafiə Nazirliyi isə artıq 600-dən çox gəmidən sığorta sənədlərini tələb etdiklərini açıqlayıb. Nazirlik bildirir ki, əsas prioritet “Rusiya kölgə donanmasını dayandırmaq, fəaliyyətini pozmaq və zəiflətməkdir”.
Lakin tankerlər hələ də La-Manşdan müntəzəm keçir, Kremlin Ukraynaya qarşı müharibəyə yönəltdiyi vəsaitlərin axınını təmin edir.
İqbal RZAYEV,
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ