Onlayn ictimai-siyasi qəzet
Yola saldığımız həftənin ən yaddaqalan açıqlaması Rusiya prezidentinin Ukraynada müharibənin tezliklə bitəcəyi ilə bağlı dedikləri oldu. Vladimir Putin Moskvadakı 9 May paradından sonra jurnalistlərə açıqlamasında xüsusən də Ukraynada hakimiyyət dəyişikliyinə və Donbas üzərində tam nəzarətə nail olmaq barədə maksimalist iddiaları bu dəfə təkrarlamaması da diqqət çəkdi. Bəzi mənbələr Putinin ritorikasının onun Ukrayna ilə bağlı mövqeyində dəyişiklik kimi izah edir. Ukraynadan da dolaşıq rəylər var.

Putinin bu cür ritorikasına doğuran səbəblər bəllidir. Son zamanlar ölkədə iqtisadi itkilər, müharibənin uzanması və sürətlə tükənən maddi resurslarla bağlı müzakirələr güclənib. Rusiya iqtisadiyyatı təzyiq altındadır və Putinin razılaşaq ki, çox peşəkar iqtisadi komandası daha bu ağır yükü daşıya bilmir, üstəlik ictimai narazılıq hətta indiki şərtlər-internet resurslarına sərt nəzarət altında belə sürətlə artır.
Rusiya ictimai rəyi Putinin qərarına ilk reaksiyasını 2022-ci ildə əməliyyat başlayanda göstərdi, əsasən tanınmış mədəniyyət və incəsənət adamları ölkəni tərk etdilər, qalıb etiraz edənlərə isə tezliklə ya “xarici agent” damğası vuruldu, ya da ən müxtəlif bəhanələrlə həbsxanalarda çürüməkdədirlər. Son aylar isə sosial şəbəkələr və internet qadağası etirazları tətikləyib.
Kreml rəhbəri ən yaxın adamları ilə bu mövzuda nə danışır, nə məsləhət alır, ən əsası bundan sonra nə etməyi düşünür, söyləmək çətindir. İndi Rusiyada hamı narazıdır-belə aralıqlarda milyardlar qazanmaq fürsəti olan oliqarxiya belə, Ukrayna müharibəsindən yorulub. Müharibə üçün pul verirlər, dövlət bu “könüllü maliyyələşmə” üçün bir çox iqtisadi qanunsuzqlara göz yummaq məcburiyyətindədir. Kremlin ehtiyat etdiyi budur ki, Rusiya oliqarxları ilə ictimai əhval-ruhiyyə arasında ortaq maraqlar yarana bilər. Son vaxtlar bu əhval-ruhiyyədən xüsusən İngiltərə kəşfiyyatına yaxın medialarda “Putini devirmək cəhdləri” haqda iddiaların artması da təsadüfi deyil. Doğurdan da, Putin “ikinci Priqojin qiyamını” adlatmaya bilər...
Ukrayna savaşının uzanması Kreml üçün bir dərd, danışıqların dalana dirənməsi başqa bir dərddir. Ukrayna son aylar fəal şəkildə PUA-lardan məharətlə istifadə edir ki, bu da Rusiya qoşunlarının cəbhədə irəliləməsini ciddi maneə yaradır. Rusiya regionlarına PUA hücumları savaşın xarakterini əhəmiyyətli dərəcədə dəyişdirib və Moskvanın strateji məqsədlərinə çatmasını çətinləşdirib. 2026-cı ilin aprel ayında Rusiya Baş Qərargahı rəsmən Luqansk vilayətinin ərazini tam ələ keçirildiyini bildirilib. Donetskə gəlincə, Putinin son açıqlamasına görə, Ukrayna vilayətə 15-17%-nə nəzarət edir, təxminən altı ay əvvəl isə bu rəqəm 20% olub. Hərbi ekspertlər hesab edir ki, Rusiya qoşunlarının irəliləmə tempi ilə qondarma “Donetsk Xalq Respublikasının” ərazisini yayın sonunadək tam ələ keçirmək olar. Bu da xüsusi əməliyyatın minimum məqsədinə çatdığı hesab edilə bilər. Çünki Rusiyanın konstitusiyada tələsik “özününküləşdirdiyi” Xerson və Zaporojye vilayətlərinin tam ələ keçirməsi indiki şərtlər altında reallıqdan uzaq görünür. Bəs, o halda Putinin müharibənin sona çatması barədə optimizminə səbəb nə?

“SVO” başlayandan Kremlin ümumu təbliğat tezislər dəyişməz qalıb: ”Rusiyanı məhv etmək planları alınmayacaq”, “Rusiya yoxuqsa, dünya da olmasın” və s. Ukraynaya müharibəsinin uzanması barədə danışanlar iddia edir ki, Rusiya ordusu Kiyev ətrafını tərk etməklə ciddi taktiki yanlış edib, indi də bunun altına, daha dəqiqi cəzasını çəkir.
Deyirlər ki, əgər paytaxt ələ keçirilsəydi, Ukrayna müqavimət göstərə bilməyəcəkdi və s. Maraqlıdır ki, sözügedən mətbuat konfransında Putin dedi ki, 2022-ci ildə Makron ona zəng edib Rusiya qoşunlarının Kiyev yaxınlığından çıxarılmasını istəyib. Bu faktın indi tirajlanması Kiyev ətrafındakı mühasirənin götürülməsi barədə Kremlə yönəlik tənqidlərə cavabdır. Amma burda daha bir mühüm hədəf də var. Putin Qərblə danışıqlardan yayınması barədə iddiaları bu cür yalanlayır, əksinə kompromisə hazır olduğunun işarəsini verir, bununla da ictimai rəydəki “barışmaz Putin”, “öz istədiyini almayınca, Ukraynada savaş bitməyəcək” kimi iradlara cavab vermiş oldu.
İndi bəzi rusiyalı ekspertlər ya bilərəkdən, ya da naşılıqdan Putinin yeni taktikasına təməlli zərbə vurmaqla məşğuldurlar. Onlar iddia edirlər ki, Putin əslində son xəbərdarlığını edib, Rusiya taktiki nüvə silahları ilə nümayişkaranə zərbələr endirməzsə, Kiyev rejimi təslim olmayacaq. Ukraynada da bir çoxları tezliklə sülhə ümid etməyin mənasız olduğuna inanır. Ukrayna mənbələri də iddia edir ki, Rusiya Zaporojye və Krasnoarmeysk (Pokrovsk) istiqamətlərində yeni qüvvələr cəmləşdirib...
Nazim SABİROĞLU,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ