Onlayn ictimai-siyasi qəzet
İranda kütləvi etirazlar üçüncü həftəyə daxil olub. Son məlumatlara görə, rejim nümayişçilərə qarşı indiyədək görünməmiş qəddarlıq nümayiş etdirməkdədir.
Donald Tramp İran hakimiyyətini xəbərdar etmişdi ki, etirazçılara qarşı silah işlədilsə, ABŞ İranı raketlə vuracaq. Faktiki olaraq silah işlədildi və çoxsaylı insan tələfatı oldu.
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib ki, ABŞ İrana hücum edəcəyi təqdirdə Tehran İsrailə və bölgədəki ABŞ bazalarına zərbələrlə cavab verəcək.

Türkiyədə yaşayan professor, politoloq Toğrul İsmayıl Musavat.com-a bildirib ki, rejimin təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı son illərdə görünməmiş dərəcədə sərt tədbirlər tətbiq edir:
“Müxtəlif mənbələr ölənlərin sayının 200-ü keçdiyini bildirir. İnformasiya məkanına nəzarət və internet məhdudiyyətləri səbəbindən real rəqəmlərin daha yüksək olması ehtimalı istisna edilmir. ABŞ prezidenti Donald Tramp daha əvvəl İran hakimiyyətini xəbərdar etmişdi ki, dinc etirazçılara qarşı atəş açılması halında Vaşinqton hərbi cavab variantlarını nəzərdən keçirə bilər. Faktiki olaraq silah tətbiq edildiyi və kütləvi insan tələfatı baş verdiyi halda, ABŞ-nin bu bəyanatı icra edib-etməyəcəyi məsələsi gündəmə gəlib. Mövcud siyasi və strateji reallıqlar göstərir ki, ABŞ-nin İrana qarşı birbaşa və genişmiqyaslı hərbi zərbə endirməsi yüksək riskli ssenaridir. Belə addım regionda nəzarətsiz eskalasiyaya, Yaxın Şərqdə geniş müharibə ehtimalına və qlobal enerji bazarlarında ciddi sarsıntılara yol aça bilər. Bu səbəbdən Vaşinqtonun əsas üstünlük verdiyi vasitələr hələlik diplomatik təzyiq, sanksiyaların sərtləşdirilməsi və siyasi izolyasiyanın dərinləşdirilməsi kimi qeyri-hərbi alətlərdir”.
Qalibafın xəbərdarlığına gəlincə, Toğrul İsmayılın sözlərinə əsasən, İranın ballistik raket və pilotsuz uçuş aparatları potensialı, həmçinin regiondakı müttəfiq silahlı qruplar üzərində təsir imkanları mövcuddur. Bu baxımdan bəyanat tamamilə əsassız hesab edilə bilməz:
“Lakin real güc balansı nəzərə alındıqda İranın ABŞ və İsrailə qarşı açıq və genişmiqyaslı hərbi əməliyyatlara başlaması ciddi məhdudiyyətlərlə üzləşir. ABŞ və İsrailin hava hücumundan müdafiə sistemləri, texnoloji üstünlüyü və sürətli cavab imkanları İran üçün ağır nəticələr doğura bilər. Bu səbəbdən Tehran tərəfindən mümkün cavab addımlarının daha çox məhdud, simvolik və dolayı xarakter daşıması ehtimalı yüksək qiymətləndirilir.
Ümumilikdə, mövcud vəziyyət göstərir ki, ABŞ-nin birbaşa hərbi müdaxiləsi hazırkı mərhələdə az ehtimallıdır. İranın sərt bəyanatları isə daha çox çəkindirmə və psixoloji təsir məqsədi daşıyır. Amma yenə də hər şey gedişatın son durumuna bağlı olacaq”.
Etibar Seyidağa,
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ