İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz mərc şəbəkələri vətəndaşların pulunu belə ələ keçirir – Vəkil DANIŞDI

Onlayn mərc və kazino oyunları internet üzərindən daha əlçatan olsa da, bu sahədə qanunsuz fəaliyyət göstərən şəbəkələr də hüquq-mühafizə orqanlarının diqqətindədir.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi son əməliyyat zamanı “Xbet” və “MostBet” platformaları üzərindən qanunsuz mərc oyunlarının təşkil edildiyi, fəaliyyətin isə “Telegram” üzərindən idarə olunduğu müəyyənləşib. İstintaqın ilkin nəticələrinə görə, şəbəkənin qanunsuz maliyyə dövriyyəsi 10 milyon manata çatıb.

Bəs vətəndaşları qanunsuz onlayn mərc platformalarına cəlb edən bu şəbəkələr necə fəaliyyət göstərir? İnsanlar belə platformaların qanuni olub-olmadığını necə müəyyən edə bilər? Qanunsuz mərc oyunlarında iştirak edən şəxsləri hansı məsuliyyət gözləyir?

Vəkil Bəxtiyar Hacıyev mövzu ilə bağlı Musavat.com-a deyib ki, qanunsuz onlayn mərc şəbəkələrinin əsas məqsədi lisenziyasız şəkildə pul qazanmaqdır:

“Tipik sxem belədir: “Instagram”, “Telegram” kanalları, “YouTube” şərhləri və “100 faiz qazanclı kupon”, “zəmanətli proqnoz” kimi ifadələrdən istifadə etməklə reklam edirlər. Çox vaxt tanınmış sayt və tətbiqlərə bənzər, xaricdə qeydiyyatdan keçmiş, lakin Azərbaycan qanunlarına uyğun fəaliyyət göstərməyən saytlar açırlar. Saytın adını tez-tez dəyişirlər ki, bloklandıqda yenisinə keçə bilsinlər.

Ödənişləri kriptovalyuta, P2P köçürmə və ya “kartdan-karta” üsulu ilə qəbul edirlər. Manipulyasiya yolu ilə əvvəlcə istifadəçiyə kiçik məbləğ qazandırırlar ki, insan buna inansın və daha çox pul yatırsın. Daha sonra uduşu çıxarmaq üçün “vergi”, “komissiya”, “hesabın aktivləşdirilməsi” adı ilə əlavə pul tələb edirlər.

Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi və kart məlumatlarını da istəyirlər. Sonradan bu məlumatlardan dələduzluq məqsədilə istifadə edə bilərlər”.

Vəkil bildirib ki, Azərbaycanda qanuni onlayn mərc oyunları yalnız dövlət tərəfindən lisenziyalaşdırılmış operatorlar tərəfindən təşkil edilə bilər.

“Lisenziya məsələsinə gəlincə, saytın ən aşağı hissəsində lisenziya nömrəsi və onu verən qurum barədə məlumat göstərilməlidir. Azərbaycanda bunu Maliyyə Nazirliyi və ya müvafiq icra hakimiyyəti orqanı verir. Xarici “Curacao lisenziyası” isə Azərbaycan üçün hüquqi qüvvəyə malik deyil.

Qanuni operatorlar Azərbaycan bankları ilə birbaşa işləyirlər. Əgər platforma yalnız kriptovalyuta, xarici elektron cüzdan və ya şübhəli şəxslərin hesablarına pul köçürülməsini tələb edirsə, bu, ciddi “qırmızı bayraq”dır. Şübhə yarandığı halda rəsmi qurumlara müraciət edərək həmin şirkətin lisenziyasının olub-olmadığını öyrənmək mümkündür”.

Bəs qanunsuz mərc oyunlarında iştirak edən şəxsləri hansı məsuliyyət gözləyir?

Bəxtiyar Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qanunsuz qumar oyunlarının təşkilinə görə məsuliyyət nəzərdə tutulur:

“Təşkilatçılar üçün qanunsuz qumar oyunlarının təşkili İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə cəzalandırılır. Cərimədən tutmuş həbsə qədər müxtəlif məsuliyyət növləri nəzərdə tutulur.

İştirakçılar, yəni oyunçular üçün isə hazırda yalnız oyun oynamağa görə inzibati cərimə tətbiq oluna bilər. Banklar qanunsuz mərc saytlarına edilən ödənişləri izləyirlər.

Vergi məsələsinə də diqqət yetirmək lazımdır. Böyük məbləğdə uduş və köçürmələr vergi orqanlarının diqqətini cəlb edə bilər. Pulun mənbəyini izah edə bilmədikdə problem yarana bilər.

Əgər şəxs pul yatırıbsa, lakin həmin vəsaiti çıxara bilmirsə, polisə və ya banka müraciət etməlidir. Dələduzluq faktı varsa, bununla bağlı araşdırma aparılır.

Bunu müəyyən etmək əslində çətindir. Lakin Mərkəzi Bank vətəndaşları bu məsələdə xəbərdar etməlidir. Çünki bütün bu əməliyyatlar şübhəli sayıla bilər. Bundan başqa, şəxsin oyun oynaması cinayət məsuliyyəti yaratmasa belə, oyunu təşkil edən şəxslər məsuliyyət daşıyırlar”.

Afaq Mirayiq,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR