Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, "Bloomberg" agentliyinin yaydığı məlumata görə, Qara dənizdə PUA (pilotsuz uçuş aparatı) zərbələri fonunda Rusiyanın xam neft ixracının həcmi aprel ayından bəri ən aşağı göstəriciyə enib.
Məlumata görə, ölkənin Qara dənizdəki əsas dəniz qapısı sayılan Novorossiysk limanında ötən həftə bir partiya belə neft yüklənməyib. Tədarük ardıcıl beş həftədir ki, azalır və sutkada 3,58 milyon barelə düşüb.
Qazaxıstan nefti Novorossiyskə yönəldilir
"Reuters" agentliyi isə mənbələrinə istinadən yazır ki, Rusiya Qara dənizdə artan təhlükəsizlik risklərinə görə Qazaxıstan neftini Ust-Luqa limanından Novorossiyskə yönəldir. Bu yerdəyişmə Baltik dənizindəki gücləri azad etməyə və Rusiyanın öz neft ixracına imkan yaratmağa hesablanıb.
Bildirilir ki, rusiyalı ixracatçılar Qara dənizdə gəmi tapmaqda ciddi çətinlik çəkirlər. Bir çox gəmi sahibi təhlükəsizlik amilinə görə Rusiya neftini daşımaqdan imtina edir.
"Financial Times" nəşrinin xəbərinə görə isə Qazaxıstan nefti daha az riskli sayıldığı üçün gəmi tapmaq daha asandır. Həmçinin Ukrayna Qara dəniz limanlarından Rusiya mənşəli olmayan nefti daşıyan tankerlərə zərbə vurmayacağını vəd edib.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ