İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Gürcüstanı itirib? - Bəs Bakı və Ankara üçün...

Avrointeqrasiyanı dayandıran Tiflisin indi real tərəfdaşları Azərbaycan və Türkiyədir

Xəbər verildiyi kimi, Gürcüstanın keçmiş diplomatları və səfirlər Avropa İttifaqındakı tərəfdaşlarına və dostlarına müraciət edərək Gürcüstan mövzusunun siyasi gündəmdə saxlanmasını, əhalinin böyük əksəriyyətinin iradəsinin nəzərə alınmasını, ölkənin azadlığına, ərazi bütövlüyünə və Avropa perspektivinə dəstəyin davam etdirilməsini xahiş ediblər. Bu barədə 118 gürcü diplomatın birgə bəyanatında deyilir.

“Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasından bir il keçib. Bir il əvvəl, 28 noyabr 2024-cü ildə "Gürcü Arzusu" Partiyası Gürcüstanın Aİ-yə inteqrasiya yolunu dayandırdı və bununla ölkənin inkişafını ləngitdi. Gürcüstan üçün Aİ və NATO-ya üzvlük təkcə xarici siyasət prioriteti deyil - bu, suverenliyin möhkəmləndirilməsi, demokratik dövlət quruculuğu, milli kimliyin qorunması və sülh dolu gələcəyin təmin edilməsi yoludur. Gürcüstanın Avropa ailəsinə qayıdışı ərazi bütövlüyünün dinc yolla bərpasının yeganə yoludur", - deyə bəyanatda qeyd olunur.

Müəlliflər vurğulayırlar ki, Ukrayna böhranı və beynəlxalq gərginlik “geosiyasi mühiti kəskin şəkildə dəyişib” və Gürcüstan üçün Aİ üzvlüyünə yaxınlaşmaq üçün tarixi imkan yaradıb. “Gürcüstanda son hadisələr izolyasionizmə doğru addımdır və ənənəvi tərəfdaşlarla qarşıdurma şəklində özünü göstərir. Bu tendensiya xarici siyasəti zəiflədir və ölkənin təhlükəsizliyini riskə salır, çünki Gürcüstan faktiki olaraq Rusiya təhdidi qarşısında tək qalır. Biz əminik ki, Gürcüstanın vahid, azad və sülh içində olan Avropada öz yerini tutmaq istəyi geridönməzdir”, - deyə bəyanatda vurğulanır.

Gürcüstan Qərb üçün itirilibmi? ABŞ və Avropanın Gürcüstanı məsafədə saxlaması Güney Qafqaza, Tiflisin Bakı və Ankara ilə əlaqələrinə nə dərəcədə neqativ təsir göstərə bilər?

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" |  AzEdu.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, gürcü diplomatların bəyanatı şimal-qərb qonşumuzun hazırda düşdüyü vəziyyətin mürəkkəbliyindən xəbər verir: “Gürcüstan cəmiyyəti iki hissəyə parçalanıb. Sadə əhali Avropaya inteqrasiya siyasətinin tərəfdarıdır. Həmin kəsim həm də keçmiş prezident Mixail Saakaşvilinin yoluna sadiq qalan cameədir. Əsasən gənc və orta nəslin nümayəndələri Qərblə münasibətlərin istiləşməsinin tərəfdarıdır. Bəyanat yayan diplomatların da əksəriyyəti Qərb təhsili görmüş şəxslərdir. Eyni zamanda Saakaşvili və Zurabişvili dönəmində yüksək diplomatik vəzifələrdə çalışanlardır. Hazırkı hakimiyyət isə rusiyalı milyarder Bidzina İvanişvilinin qanadı altına sığınanlardan təşkil olunub. Fikrimcə, sonuncu bəyanat Saakaşvilinin təşəbbüsüdür və Qərblə münasibətlərin üzərindən birdəfəlik xətt çəkməmək üçün belə bir addımın atıldığını düşünürəm. Fikrimcə, bu həm də Saakaşvilinin mövcud iqtidara ismarışıdır. Görünür, Ukraynadan sonra Rusiya yönünü Qafqaza, daha dəqiq desək, Gürcüstana çevirəcək”.

Azər Hüseynov: “Bu, Kremlə verilən incə bir mesajdır” | Hafta.az

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, Gürcüstanın Qafqaz məkanında geosiyasi yönümü tarixən Qərbə doğru olub və bu, sadəcə, müasir dövrün siyasi prosesləri ilə bağlı deyil: “1918-1920-ci illərdə müstəqillik qazanmış gürcü dövlətçiliyi belə Avropa ilə inteqrasiyanı strateji məqsəd kimi müəyyən etmişdi. Bu yönüm gürcü siyasi elitasının öz kimlik anlayışından qaynaqlanırdı. Lakin son 30 ildə Gürcüstanın bu kursu sabit olmayıb və müxtəlif hakimiyyətlər dövründə ciddi dəyişikliklərə məruz qalıb.

Saakaşvilidən sonra hakimiyyətə gələn İvanaşvili və “Gürcü Arzusu” Partiyası siyasi kursu yenidən dəyişdi. Formal olaraq Avropa İttifaqına inteqrasiya şüarları səslənsə də, real siyasət daha çox Rusiyaya yaxınlaşma xəttinə söykəndi. Bu, kiçik dövlət üçün risklidir. Gürcüstan nə Qərbin dəstəyini tam qoruya bilir, nə də Rusiyanın təhlükəsizlik təminatına arxalana bilər - çünki Moskva heç bir zaman Tiflisə strateji müttəfiq kimi yanaşmayıb".

Onun fikrincə, burada əsas məsələ ondan ibarətdir ki, Gürcüstan üçün Bakı və Ankara ilə əməkdaşlıq həyati əhəmiyyətə malikdir: “Gürcüstanın Qərbə yolları olsa da, Gürcüstan üçün Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz xətti, Şərq-Qərb nəqliyyat dəhlizi, Orta dəhlizin əsas hissəsi və Bakı-Tiflis-Qars dəmir yolu iqtisadi sistemini ayaqda saxlayan layihələrdir.

Bu layihələr olmasaydı, Gürcüstan regionda nə enerji tranzit ölkəsi ola bilərdi, nə də iqtisadi baxımdan sabitliyini qoruyardı. Hazırda Gürcüstan büdcəsinin mühüm hissəsi tranzitdən əldə etdiyi gəlirlər, sərmayələr, turizm axını və ticari əməkdaşlıqdan ibarətdir ki, bütün bunlar böyük ölçüdə Azərbaycan və Türkiyə ilə əlaqələrə bağlıdır".

Onun sözlərinə görə, Gürcüstanın ABŞ və Avropa ilə münasibətlərində yaranmış soyuqluq, Aİ-yə üzvlük prosesinin dayanması və son siyasi addımlar Qərbin Tiflisə olan etimadını xeyli azaldıb. Ekspertə görə, belə bir vəziyyətdə Gürcüstanın real tərəfdaşları Azərbaycan və Türkiyədir: “Bu səbəbdən Gürcüstanın Rusiyaya istiqamətlənməsi Bakı və Ankara üçün təhdid yaratmır, amma Tiflis üçün öz gələcəyini riskə atmaq deməkdir. Gürcüstan Rusiyaya nə qədər yaxınlaşa bilər? Bunun sərhədləri kifayət qədər dardır. Gürcü cəmiyyəti antirus əhval-ruhiyyəsi ilə tanınır, ölkənin təhlükəsizlik doktrinası NATO inteqrasiyasına əsaslanır və Gürcüstan Rusiyanın "təhlükəsizlik çətiri" altında yaşamağa nə siyasi, nə iqtisadi, nə də ideoloji olaraq hazırdır. Yəni Moskva ilə yaxınlaşma yalnız taktiki xarakter daşıya bilər, strateji yox".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR