Onlayn ictimai-siyasi qəzet
Polşada dövlət qurumları dəmiryolu xətlərinin təhlükəsizliyini təmin etmək üçün misli görünməmiş üsula əl atıblar. Dəmiryolu relsləri boyunca yerləşən ağacların üstündə yığılan qalın qar qatı Black Hawk tipli helikopterin pərlərinin yaratdığı güclü hava axını ilə təmizlənib.
Musavat.com xəbər verir ki, Polşanın Milli Dəmiryolu Şirkəti PKP kəskin qış şəraiti fonunda polis aviasiyasından kömək istədiyini açıqlayıb. Söhbət Varmiya-Mazuriya voyevodluğundan gedir. Məhz bu bölgədə güclü qar yağışı və külək qatarların hərəkətində ciddi problemlər yaradıb.
PKP-nin 2 dekabr tarixində sosial şəbəkələrdə yaydığı videoda helikopterin relslər boyunca, ağacların üstü ilə aşağı hündürlükdə uçduğu görünür. Helikopterin pərlərinin yaratdığı turbulensiya nəticəsində ağaclar güclü şəkildə silkələnir və üstlərindəki qar kütləsi yerə tökülür. Bu yolla həm relslərin üzərinə qarın və budaqların düşməsinin qarşısı alınır, həm də qatarların hərəkəti üçün təhlükə aradan qaldırılır.
Şirkət bu addımı belə əsaslandırıb:
“Fövqəladə şərait fövqəladə tədbirlər tələb edir.”
Qeyd olunur ki, son günlər Polşada güclü qar yağışı və şiddətli küləklər nəqliyyat sistemində xaosa səbəb olub. Bir sıra bölgələrdə yollar bağlanıb, bəzi ərazilərdə isə elektrik enerjisinin verilişində kəsintilər qeydə alınıb. Məhz bu səbəbdən PKP ənənəvi üsullardan kənara çıxaraq aviasiya dəstəyindən istifadə etmək məcburiyyətində qalıb.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ