İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza üçün milyardlıq PLAN – Pul var, SÜLH isə...

ABŞ Prezidenti Donald Trampın yanında fəaliyyət göstərən “Sülh Şurası” Qəzza zolağının bərpası üçün 2,45 milyard dollar dəyərində altı aylıq plan təqdim edəcək. Musavat.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında silahsızlaşdırma və təhlükəsizlik məsələlərində razılıq olmadığı üçün planın icrası qeyri-müəyyəndir.

Musavat.com ən son məlumatlar əsasında Türkiyə, Qətər, Misir və Körfəz ölkələrinin bərpa prosesində maliyyə iştiraklılığını, HƏMAS-ın silahsızlaşdırılması tələbi ilə bağlı vəziyyəti və İsrailin mövqeyini araşdırıb.

Qeyd edək ki, “Sülh Şurası” Qəzza zolağının iqtisadi və sosial infrastrukturunu bərpa etmək məqsədilə 66 proqramdan ibarət ilkin fəaliyyət planı təqdim edib. BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində açıqlanan bu böyükmiqyaslı təşəbbüs dağıdılmış yaşayış obyektlərinin, səhiyyə, təhsil və nəqliyyat sistemlərinin yenidən qurulmasını hədəfləyir. Lakin planın reallığa çevrilməsi yolunda ən böyük maneə İsrail və HƏMAS arasında silahsızlaşdırma və təhlükəsizlik zəmanətləri üzrə davam edən köklü ixtilaflardır.

Planın icrası regional aktorların iqtisadi və siyasi dəstəyindən birbaşa asılıdır. Analitiklər vurğulayırlar ki, Rəsmi Vaşinqton vergiödəyicilərinin vəsaitinə toxunmadan maliyyə yükünü zəngin ərəb dövlətlərinin üzərinə qoymağa çalışır. Bərpa paketinin maliyyə yükünün böyük hissəsinin Səudiyyə Ərəbistanı və BƏƏ kimi zəngin Körfəz dövlətləri tərəfindən qarşılanması nəzərdə tutulsa da, Ər-Riyad və Əbu-Dabi aydın siyasi çərçivə, xüsusilə təhlükəsizliyin tam təmin olunması zəmanəti olmadan investisiya yatırmaqda ehtiyatlı davranır.

Attachment

Digər tərəfdən, müharibə dövründə vasitəçi rolunu oynayan Qətər və Misir iqtisadi bərpanı dəstəkləyir, lakin bu prosesin Fələstin Muxtariyyətinin iştirakı ilə həyata keçirilməsini vacib hesab edirlər. Ankara isə bərpa layihələrində və humanitar missiyalarda fəal yer almağa hazır olduğunu bildirsə də, Tel-Əviv Türkiyənin Qəzzadakı təhlükəsizlik və ya siyasi mexanizmlərdə rəsmi zəmanətçi kimi yer almasına sərt şəkildə qarşı çıxır.

Məsələnin ən kritik düyünü İsrailin tələbləri ilə HƏMAS-ın mövqeyi arasındakı ziddiyyətdədir. İsrail Qəzzada HƏMAS-ın hərbi və siyasi varlığının tam ləğvini, tunellərin neytrallaşdırılmasını və bölgənin silahsızlaşdırılmasını məcburi şərt kimi irəli sürür. HƏMAS isə silahı yerə qoymağı öz mövcudluğuna birbaşa təhdid hesab edərək bu tələbi rədd edir və öncəliklə İsrail qoşunlarının bölgədən tam çıxarılmasını, eləcə də blokadanın ləğvini tələb edir.

Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqının (Aİ) birgə hazırladığı rəsmi hesabatlara əsasən, Qəzza zolağında infrastruktur və tikililərə dəymiş ümumi birbaşa fiziki ziyanın məbləği 35,2 milyard ABŞ dolları səviyyəsindədir. Hesablamalara görə, tam bərpa üçün 70 milyard dollardan artıq maliyyə resursunun tələb olunduğu nəzərə alınarsa, Trampın təqdim etdiyi paket yalnız ilkin başlanğıc mərhələsidir.

Dəhşətli humanitar fəlakət yaşayan mülki əhalinin təcili yardıma ehtiyacı olsa da, davamlı hərbi-siyasi həll tapılmadan inşa ediləcək hər bir infrastruktur obyektinin yenidən dağıdılma riski var. Odur ki, təhlükəsizlik və silahsızlaşdırma mexanizmi üzrə tərəflər arasında razılıq əldə edilməyənədək, “Sülh Şurası”nın hazırladığı iqtisadi xəritə nə qədər iddialı olsa da, kağız üzərində qalmaq riski ilə üz-üzədir.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR