Onlayn ictimai-siyasi qəzet
Ötən həftəsonu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovla görüş keçirib. “Yeni Müsavat” bildirir ki, bu tip görüş xəbərləri adətən xüsusi diqqət çəkmir, amma səfirlərin təmasını şimal ölkəsinin XİN-nin rəsmi bülletenində yayması Rusiya diplomatik praktikasında nadir haldır.
Rəsmi açıqlamaya görə, söhbətdə Fələstin-İsrail münaqişəsi zonasında baş verən hadisələr və Suriyadakı hadisələrin dinamikası diqqət mərkəzində olmaqla, əsas beynəlxalq və regional problemlər müzakirə edilib. Tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan XİN isə səfirlərin görüşü haqda xəbərlərə şərh verməyib.
Bununla bağlı Haqqın.az saytı şərhində ehtimal edir ki, bu görüş təşəbbüsü Rusiyadan gəlib. Çünki Azərbaycanın Yaxın Şərq diplomatiyasında aldığı rol artır. Bakının ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh təşəbbüsünə qoşulması da bunun təsdiqidir. Bəllidir ki, Qəzzada keçid dövrü üçün çoxmillətli təhlükəsizlik missiyasının formalaşdırılmasına töhfə vermək təklif olunan ölkələr sırasında Azərbaycan da nəzərdən keçirilib.
Məlumdur ki, noyabrın 18-də BMT Təhlükəsizlik Şurası Trampın Qəzza üzrə 20 maddəlik sülh planını dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Qəzza zolağında müharibənin dayandırılmasını, keçid idarəetmə orqanının yaradılmasını və beynəlxalq sabitləşdirmə qüvvəsinin bölgəyə yerləşdirilməsini nəzərdə tutur. Lakin səsvermədən sonra məlum oldu ki, Azərbaycan digər potensial iştirakçılar kimi, HƏMAS rəhbərliyinin tərk-silahdan imtina etməsinin silahlı münaqişəni qaçılmaz etdiyini əsas gətirərək, öz hərbi kontingentini göndərməkdən imtina edib. Bu fonda təbii ki, Rusiyanın mövqeyi ilə bağlı sual yaranır. Moskva Amerika planını rəsmi şəkildə dəstəklədiyini bildirsə də, reallıqda Kremlin mövqeyi bunun əksidir.
Təsadüfi deyil ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Trampın planını tənqid edərək, bu təşəbbüsün işğal olunmuş Fələstin ərazisində “nəzarətsiz eksperimentlər”ə çevrilə biləcəyindən narahat olduğunu bildirib. Yəni Moskva ilə Vaşinqton arasında dərin konseptual fikir ayrılığı qalmaqdadır. Haqqın.az-a görə, bu fonda Azərbaycanın mövqeyinə maraq xüsusilə nəzərə çarpır. Rəsmi Bakı İsrail dövlətinin strateji tərəfdaşı olaraq qalmaqla yanaşı, beynəlxalq hüquq prinsiplərinə sadiqdir: o, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyir və Mahmud Abbas administrasiyasını Fələstin xalqının qanuni nümayəndəsi kimi tanıyır. Qəzzada atəşkəs rejimini dəstəkləməklə Azərbaycan İsraillə müttəfiqliyi və beynəlxalq nizamın normalarına sadiqliyi arasında diplomatik tarazlığı qoruyub.
Bu, Rusiyanın formalaşmaqda olan Yaxın Şərq memarlığında Azərbaycanın yeni rolunu nəzərə almağı vacib edir. Azərbaycan dəyişən regional mənzərədə lazım olan resurslara və manevr qabiliyyətinə malik yeni, müstəqil oyunçu kimi meydana çıxır. Bu birləşmiş amillər səfirlər Viktorovla Məmmədovun görüşünü məntiqli edir. Yaxın Şərqin arxitekturasının sürətli transformasiyasını, ittifaqların dəyişdirilməsini və təsirin yenidən bölüşdürülməsini nəzərə alaraq, Moskva obyektiv olaraq Azərbaycanla məsləhətləşmələrdə maraqlıdır.
“Suriyada Əsəd rejiminin süqutundan sonra Azərbaycan bu ərəb ölkəsi ilə əlaqələri bərpa etdi. Belə demək mümkünsə, Rusiyanın çıxdığı yerə Azərbaycanla Türkiyə daxil oldu. Ardınca Azərbaycan Suriya-İsrail danışıqlarına ev sahibliyi etdi. Beləliklə, rəsmi Bakı Yaxın Şərqin siyasətində Ankara ilə birlikdə iştirak etməyə başlayıb. Moskva isə indi yeni reallığı qəbul etmək məcburiyyətindədir”. Bu fikirləri “Yeni Müsavat”a professor Qabil Hüseynli deyib. Onun qənaətinə görə, səfirlər səviyyəsində görüş Rusiyanın Yaxın Şərqdə Azərbaycanın rolu ilə razılaşmasıdır: “Nəzərə almaq lazımdır ki, Azərbaycanın həm İsrail, həm Suriya ilə yaxşı əlaqələri var. Rusiya isə Əsədin devrilməsi ilə Yaxın Şərqdə ciddi strateji itki ilə üzləşib. Ona görə indi onu bərpa etmək üçün müxtəlif səviyyədə təmaslar qurur. Digər yandan, təkcə Yaxın Şərq mövzusu deyil, Azərbaycan-Rusiya münasibətləri də iki diplomatın müzakirə masasında olub. Belə görüşlərin münasibətlərin normallaşmasına nə dərəcədə təsirinin olduğunu söyləməkdə çətinlik çəkirəm, amma hər bir ranqda görüşlərin olması vacibdir”.
Q.Hüseynli hesab edir ki, Azərbaycan Yaxın Şərqdə Rusiyadansa Türkiyənin təsirinin güclü olmasında maraqlıdır: “Rusiyanın himayə etdiyi Əsəd rejimi erməniləri dəstəkləyirdi və Azərbaycan Suriya ilə həm bu, həm təhlükəsizlik səbəbindən əlaqəni kəsmişdi. Qardaş Türkiyənin dəstəklədiyi hazırkı keçid hökuməti isə bizimlə əməkdaşlıq edir, Azərbaycan Suriyaya qaz nəqlinə başlayır. Biz maraqlıyıq ki, İsraillə Türkiyənin gərginliyi də aradan qalxsın. Bu prosesdə də Bakı vasitəçilik edib. Əgər Ankara ilə Tel-Əviv barışsa, Azərbaycanın Yaxın Şərqdə rolu daha da artar. Bu da Rusiya üçün arzuolunmaz mənzərədir, lakin razılaşmalı olur”.
Siyasi şərhçi Ramiyə Məmmədova Türkiyə və Azərbaycanın müxtəlif regional proseslərdə birgə hərəkət etdiyini söyləyir. Onun fikrincə, Moskva ən azı Yaxın Şərq və Cənubi Qafqazda bu müttəfiqliyin nəticələrinə şahiddir: “Bu müttəfiqliyi hər yerdə davam etdirməliyik. Təcrübə göstərir ki, Azərbaycanla Türkiyə uzaqlaşanda bundan istifadə edənlər olur, müttəfiqlik yüksəlişdə olanda isə bədxah güclərin təsir imkanı daralır. Səfirlərin müzakirəsi də təsdiqləyir ki, Rusiya Azərbaycanın Yaxın Şərq siyasəti ilə hesablaşır. Çünki bizimlə birlikdə Türkiyə var”.
Təhlilçiyə görə, Azərbaycan Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır, qarşı tərəf isə Bakının regional proseslərdə iştirakını, üstəlik, Türkiyə ilə koordinasiyalı addımlarını qəbul edə bilmir: “Son 1 ildə yaşanan gərginlik və bu gün də davam edən həm soyuqluq, həm kövrək münasibətlər məhz Azərbaycanın regional siyasətdə rolunun güclənməsindən irəli gəlir. Rusiya belə bir Azərbaycan görmək istəməzdi. Lakin 44 günlük müharibənin nəticələri və postmünaqişə dönəmində baş verənlər, Ukrayna böhranı bölgədə yeni mənzərə formalaşdırır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
17 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ