Onlayn ictimai-siyasi qəzet
Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi son müsahibədə diqqətçəkən fikirlər səsləndirib.
Parlamentari rayonlardan Bakıya gələn insan axınının qarşısını almaq üçün maraqlı təkliflə çıxış edib.

Sitat: “Azərbaycanda mövcud olan rayonlar ləğv edilsin, ən çoxu 15 inzibati ərazi vahidi yaradılsın, yerli hakimiyyət orqanları seçkilərlə formalaşdırılsın, seçicilər qarşısında hesabatlı olsun. 15 regionun hər birinin 25-30 nəfərlik məclisi olsun, regionda yerli icra hakimiyyətinin rəhbəri həmin məclisdə seçilsin. Regiondakı hər yaşayış məntəqəsinin öz bələdiyyəsi olsun. Prezidentin regionlar üzrə səlahiyyətli nümayəndələri Konstitusiya və qanunların icrasına nəzarət etsinlər. Qanunla yerli icra hakimiyyətlərinə geniş səlahiyyətlər verilməlidir. Yalnız bu halda Bakıya axının qarşısını ala, regionların sürətli inkişafına nail ola bilərik. Əgər siyasi partiyaların Prezidentlə görüşü olardısa, böyük məmnuniyyətlə dövlət əmlakının özəlləşdirilməsinin, məhkəmə-hüquq islahatlarının genişləndirilməsinin, iqtisadi islahatların dərinləşdirilməsinin zəruriliyindən danışardım”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında son vaxtlar ölkəmizdə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı işlər görüldüyünü qeyd edib:
“Sadə vətəndaşları məmur bürokratiyasından qorumaq üçün regional qurumların yaradılmasına üstünlük verilir. Bu, həm də dövlət büdcəsinə qənaət deməkdir. Bütün bu işləri həm də bir sınaq kimi qiymətləndirmək olar. Lakin onun özünü doğrultduğunu da inkar etmək olmaz. Çünki vergilər idarəsinin, təhsil şöbəsinin və s. ayrıca götürülmüş bir rayonda fəaliyyətindənsə regional idarələrin daha məqbul olduğu görünür.
Vətəndaşlar ictimai fikirdə və psixologiyada müstəqil fəaliyyətə öyrəşməlidirlər. Yoxsa bütün yükün dövlətin üzərinə qoyulması onu çökdürə bilər. Prezidentin regional səlahiyyətli nümayəndələrinin də təyin edilməsi icra hakimiyyətlərinin statusu ilə bağlı məsələni gündəmə gətirir.
Beynəlxalq təcrübə göstərir ki, ən yaxşı yanaşma yerli özünüidarəetmə orqanlarına geniş səlahiyyətlərin verilməsidir. İdarəetmədə dövlətin təmsilçiliyindən başqa yerli sakinlərin iştirakına şərait yaradılmalıdır. Bu mənada bələdiyyələrin səlahiyyətlərinin artırılması yaxşı effekt verərdi. Bələdiyyə məclisləri həm idarəetmə, həm də vətəndaşların hüquqlarının qorunması sferasında bütün tərəfləri razı sala biləcək fəaliyyət göstərə bilər. Dövlətin mövcudluğu hər zaman idarəetmədə islahatların aparılmasını diktə edir. Bütün sahələrdə islahatların eyni vaxtda aparılması dağıdıcı təsir göstərə bilər. Ona görə də prioritet sahələri müəyyənləşdirmək və haradan nə vaxt başlamağı təyin etmək vacibdir. İndiki halda cəmiyyətin gözləntisi islahatların konstitusion mərhələsidir. Bu, həm də yeni mərhələnin başlanğıcı ola bilər”.
Cavanşir ABBASLI
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ