Onlayn ictimai-siyasi qəzet
Yeni Azərbaycan Partiyasının VIII qurultayında partiyanın yeni rəhbər orqanları formalaşdırılıb. Milli Məclisin deputatı, YAP üzvü Samir Vəliyev də partiyanın Təftiş Komissiyasının yeni tərkibinə seçilib.
Musavat.com xəbər verir ki, Samir Əhməd oğlu Vəliyev 22 sentyabr 1972-ci ildə Bakıda anadan olub.
O, 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, daha sonra Odlar Yurdu Universitetində və ABŞ-nin Corciya Dövlət Universitetində magistr təhsili alıb. Hüquq üzrə elmlər namizədi və doktorudur, 2012-ci ildən professordur. O, siyasi fəaliyyətlə yanaşı, uzun illər təhsil və elm sahəsində də çalışıb. O, 2021-ci ildən YAP Nərimanov rayon təşkilatına rəhbərlik edib. 2024-cü il parlament seçkilərində YAP-ın namizədi olaraq 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilib. Hazırda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, həmçinin Elm və təhsil komitələrinin üzvüdür. Samir Vəliyev eyni zamanda beynəlxalq parlament fəaliyyətində də təmsil olunur. O, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edir.
Onun bioqrafiyasının diqqətçəkən məqamlarından biri də ailə faktorudur. Samir Vəliyev Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin oğludur. Əhməd Vəliyev də Milli Məclisin deputatı olub. Samir Vəliyevin siyasi fəaliyyəti ailəsindəki parlament və təhsil ənənəsi ilə yanaşı, YAP daxilindəki fəaliyyəti və hazırkı deputatlıq mandatı ilə davam edir. YAP-ın VIII qurultayında Təftiş Komissiyasına seçilməsi isə onun partiya daxilində fəaliyyətinin yeni mərhələsi kimi diqqət çəkir.
Cavanşir Abbaslı
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ