Onlayn ictimai-siyasi qəzet
Portuqaliya millisində Kriştiano Ronaldo böhranı bitmir. İndi də komandanın kapitanı düşərgəni tərk etməsinin səbəbini açıqlayaraq federasiya rəhbərliyi və baş məşqçi ilə arasında baş verənləri gündəmə gətirib. Ronaldo bildirib ki, ona verilən vədlərin yerinə yetirilməməsi milli komandanı tərk etmək qərarına səbəb olub.
“Mənə verilən sözlər tutulmadı. Buna görə düşərgəni tərk etmək qərarına gəldim. Mənim üçün ən vacib məsələ dürüstlükdür. Nə qədər ağır olsa belə, mənə həqiqətin açıq şəkildə deyilməsini istəyirəm”, - deyə Ronaldo bildirib.
Futbolçu qeyd edib ki, mətbuat konfransından bir gün əvvəl federasiya prezidenti və baş məşqçi ilə görüşüb. Həmin görüşdə mövqeyini açıq şəkildə ifadə etdiyini deyən Ronaldo, əgər milli komandada istənilmirsə, bunun ona birbaşa bildirilməsini istəyib: “Onlara dedim ki, əgər məni burada istəmirlərsə, bunu açıq söyləsinlər. Mən bunu qəbul edərdim. Hətta belə olan halda karyeramın sonunu gözəl şəkildə təşkil edə bilərdik və heç kim incik ayrılmazdı. Lakin hər ikisi mənə yerimin milli komanda olduğunu söylədi”.
Ronaldo 25 ilə yaxın peşəkar karyerası ərzində məşqçilərin texniki və taktiki qərarlarına müdaxilə etmədiyini vurğulayıb. Onun sözlərinə görə, verilən qərarları qəbul etmək və məşqçinin mövqeyinə hörmət etmək həmişə əsas prinsiplərindən olub. Lakin bu dəfə ona deyilənlərlə real vəziyyət arasında fərq yaranması onun üçün qəbuledilməz olub.
Portuqaliya millisinin kapitanı düşərgəni tərk etdiyinə görə komanda yoldaşlarından da üzr istəyib. Ronaldo bildirib ki, baş məşqçiyə olan etimadının ciddi şəkildə sarsılması onun bu addımı atmasına təsir edib, lakin buna baxmayaraq, komandanı həmin formada tərk etməməli olduğunu qəbul edir.
“Mənim davranışımın məsuliyyəti tamamilə mənə aiddir. Portuqaliya xalqından da bir daha üzr istəyirəm. Amma verilən sözün tutulmaması mənim üçün həlledici oldu. Həmin andan etibarən orada qalmağımın komandaya faydadan çox zərər verəcəyini düşündüm və getmək qərarına gəldim”, - deyə Ronaldo vurğulayıb.
Ulduz futbolçu federasiyanın bu davranışına görə onu cəzalandırmasını da tələb edib. O, kapitan kimi üzərinə daha böyük məsuliyyət düşdüyünü və buna görə cəzanın yüngülləşdirilməsinə ehtiyac olmadığını bildirib.
“Mən sıradan bir futbolçu deyiləm, komandanın kapitanıyam. Bu isə vəziyyəti daha da ağırlaşdırır. Üzr istəmişəm, amma davranışların nəticələri olmalıdır. Futbolda qaydalar statusundan asılı olmayaraq hər kəs üçün eynidir”, - Ronaldo deyib.
Bununla belə, Ronaldo cəzası başa çatdıqdan sonra Portuqaliya millisində yenidən mübarizə aparmağa hazır olduğunu açıqlayıb. O, milli komandaya münasibətinin dəyişmədiyini və bundan sonra da ölkəsi üçün meydana çıxacağını bildirib.
“Cəzam başa çatdıqdan sonra, bu günə qədər etdiyim kimi, Portuqaliya üçün mübarizə aparmağa hazıram”, - deyə Ronaldo sözlərini yekunlaşdırıb.
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ