İnsanlara hürriyət, millətlərə istiqlal!

“Röyal öləndə Tünzalə də öləcək” – “Toppuş bacı”nın həyat yoldaşından kövrək paylaşım

“2019-cu il idi, tarix yadımda deyil. Rayona gedirdik. Tünüş mənə sual verdi ki: “Röyal, məni necə sevə bildin?” Mən cavab vermədən sualı ona ünvanladım: “Sən necə sevə bildin məni bəs?” Çünki özü mənə eşq elan etmişdi. Dedi, “bilmirəm, amma bir şeyi bilirəm ki, səni çox sevirəm””.

Musavat.com xəbər verir ki, bunu mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial media hesabında paylaşımında yazıb.

O, həyat yoldaşı ilə bağlı xatirələrini bölüşərək onların sevgisinin hər hansı səbəbə deyil, bir-birlərinə olan hisslərinə əsaslandığını bildirib:

“Bu sualı ona ünvanlamağımın səbəbi Tünüşün cavabını öyrənmək deyildi. Çünki zatən cavabını bilirdim. Çünki o suala cavab yox idi, həqiqət var idi. O da bir-birimizi sevməyimiz idi. Çünki birini sevəndə nəyəsə görə sevmirsən, sadəcə aşiq olursan, qalan ömrünü onunla davam etdirirsən.

Xəstəxanada sonuncu gün göz-gözə gəldik. 2-3 saniyə, çox deyil. O iki saniyədə bir-birimizlə illərə çatacaq qədər danışdıq içimizdə. O mənimlə sağollaşdı həmin gün, mən isə qəbul etmədim, “görüşəcəyik” dedim. Və onu görəndə ağ geyimdə qollarımda səssiz idi!”

Röyal daha sonra sevdiyi insanın cansız bədəninə sarılmağın necə ağır olduğunu ifadə edib:

“Sevdiyin birinin cansız bədəninə sarılmaq asandır? Heç deyil. Ürəyi döyünmür, nəfəsi gəlmir. Bir yandan bir daha bu anın olmayacağının da hesabını əlavə etsək, heç asan deyil.

Mənə demişdi ki, sənin ağaran saçını görməyi çox istəyirəm, sənə çox yaraşacaq. Amma gör bilməyəcəyəm, çox güman. Amma əminliklə deyə bilərəm ki, sən məni dəfn edəcəksən və şanslıyam”.

O, həyat yoldaşının illər əvvəl söylədiyi sözlərin gerçəkləşdiyini vurğulayıb:

“Bəli, onun dediyi kimi oldu. Şanslı olan da o oldu, amma mən onun qədər şanslı deyildim həmin gün!

Tünzalə ölmədi, Röyal öləndə Tünzalə də öləcək. İnşallah, tezliklə görüşəcəyik, eşqim!”

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra 2023-cü ildə vəfat edib. Sənətçinin Zəhra adlı bir qız övladı var.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR