Onlayn ictimai-siyasi qəzet
Taylandın Pxuket adasında ABŞ-ın sorğusu əsasında Rusiya vətəndaşı Denis Obrezko həbs edilib.
Musavat.com xəbər verir ki, ABŞ onu kibercinayətkarlıqda ittiham edir və ekstradisiyasını tələb edir.
Məlumata görə, xüsusi əməliyyat FTB və yerli polis tərəfindən birgə həyata keçirilib.
Obrezko ölkəyə saxlanılmadan cəmi bir həftə əvvəl daxil olub. Tayland hüquq-mühafizə orqanları onun Pxuketin bir otelində qaldığını müəyyən edib, axtarış zamanı noutbuk və mobil telefon götürülüb. Rusiyanın Taylanddakı səfirliyinin konsul şöbəsinin rəhbəri İlya İlyin TASS-a saxlanılma faktını təsdiq edib.
Ötən həftə mediada Pxuketdə saxlanılan şəxsin ABŞ-da 2016-cı il prezident seçkilərinə müdaxilədə ittiham olunan və Fancy Bear qruplaşması ilə əlaqələndirilən Aleksey Lukaşev ola biləcəyi ehtimal edilirdi. Lakin CCIB-in rəsmi izahatına görə, saxlanılan şəxs məhz 35 yaşlı Denis Obrezkodur.
Obrezko ABŞ və Avropada bir sıra dövlət strukturlarını və şirkətləri hədəf alan Void Blizzard adlı haker qruplaşmasında iştirakda şübhəli bilinir. Microsoft Threat Intelligence bu şəbəkəni Rusiya xüsusi xidmət orqanlarının maraqları ilə əlaqələndirir. Qrup ABŞ və Avropada, o cümlədən Ukraynada dövlət qurumlarına, müdafiə müəssisələrinə, nəqliyyat, media və tibb sektoruna qarşı hücumlar həyata keçirib. Onlar oğurlanmış və ya qaranlıq bazarlardan alınmış giriş məlumatlarından istifadə edərək böyük həcmli yazışma və fayllara daxil olurdular.
Void Blizzard xüsusilə sentyabr 2024-də məşhurlaşıb - həmin vaxt qrup Niderland polisində 63 min əməkdaşın məlumatlarını ələ keçirməyə nail olub.
FTX və “Rostex” izləri
Məlumatlara görə, Denis Obrezko Bauman adına MGTU-da təhsil alıb, Moskva yaxınlığındakı Odintsovoda qeydiyyatda olub və paytaxtda yaşayıb. Onun karyerası birbaşa Rusiya xüsusi xidmət strukturları ilə əlaqəlidir:
2015–2017: FSB nəzdində fəaliyyət göstərən Kriptoqrafiya Akademiyasında çalışıb; burada kriptoqrafik texnologiyalar və xüsusi rabitə sistemləri üzrə layihələr həyata keçirilir.
2017–2019: Kasperski Laboratoriyasında baş mütəxəssis.
2020: Rusiya FHN-in informasiya-analitika mərkəzinin direktor müavini.
Eyni zamanda dövlət qurumları üçün yüksək texnologiyalı həllər hazırlayan “Yutek-NN” şirkəti ilə işləyib.
“Yutek-NN”in həmtəsisçilərindən biri “Rostex”in tərkibinə daxil olan “RT-Proyekt Texnologiyaları” ASC-dir.
“Agentstvo”nun məlumatına görə, Obrezko bəzi telefon bazalarında “Denis FSB” kimi qeyd olunub.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ