İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya dron savaşında yeni mərhələyə keçir – Avropa qorxu içində

Norveçli analitik: Kreml 2035-ə qədər ildə yarım milyon uzaqmənzilli dron istehsal etməyi planlaşdırır


Rusiya dron sənayesində yeni mərhələyə qədəm qoyur və bu proses artıq Avropada ciddi narahatlıq doğurur.


Musavat.com xəbər verir ki, Norveç Hərbi Tədqiqatlar İnstitutunun analitiki Patrisiya Marins Kremlin son illərdə dron istehsalı sahəsində apardığı siyasətin yalnız Ukrayna müharibəsinin ehtiyaclarını qarşılamadığını, daha geniş miqyaslı – qlobal hərbi-texnoloji rəqabətə hədəfləndiyini bildirib.

Analitikin sözlərinə görə, Moskva dron sənayesinə milyardlarla dollar həcmində sərmayə yatıraraq istehsalda nəzərəçarpan sıçrayışa nail olub. Lakin ən diqqətçəkən məqam gələcək üçün müəyyən edilən hədəflərdir. Belə ki, Rusiya 2035-ci ilədək hər il 400–500 min uzaqmənzilli dron istehsalını planlaşdırır. Bu proqramın arxasında növbəti beş ildə nəzərdə tutulan on milyardlarla dollarlıq yeni investisiya paketi dayanır və bu, Rusiyanın dron istehsalını sənaye miqyasında yeni mərhələyə çıxarmağa hesablanıb.

Marinsin açıqlamasında xüsusi yer ayrılan məkan Tatarıstandakı Alabuqa Xüsusi İqtisadi Zonasıdır. Dünyanın ən böyük dron istehsal mərkəzlərindən biri kimi təqdim edilən bu kompleks 2023-cü ildən etibarən Şahed-136 bazasında hazırlanan Geran-2 kamikadze dronlarını istehsal edir. Hazırda burada ayda təxminən 5 min dron buraxılır. Zavod son illər genişləndirilərək 10–20 min kvadratmetr sahəyə malik 8 nəhəng istehsal binası, 40 min işçi üçün yataqxanalar, eləcə də xüsusi dron limanı ilə təchiz edilib. Bu infrastrukturun miqyası Rusiyanın dron sənayesini sistemli şəkildə “hərbi istehsal maşını”na çevirdiyini göstərir.

Analitik qeyd edir ki, Rusiyanın bu ambisiyalı planları Avropada narahatlığın artmasına səbəb olur. Çünki Moskva dron istehsalında kütləvi və ucuz modellərə üstünlük verərək Qərbin hava hücumundan müdafiə sistemlərini “kəmiyyətlə aşmaq” strategiyasına yönəlir. Bununla yanaşı, Kreml yaxın illər üçün yeni döyüş konsepsiyaları formalaşdırır və dronları yalnız mövcud müharibə üçün deyil, 2030–2040-cı illərin qlobal güc balansını dəyişmək məqsədilə strateji silah kimi nəzərdən keçirir.

Marinsin gəldiyi nəticə budur ki, Rusiya artıq “dron dövləti” qurur və bunun təsirləri yalnız Ukrayna cəbhəsində deyil, Avropanın təhlükəsizlik memarlığında, Orta Şərqdə və Arktikada özünü göstərəcək. Bu isə Qərbin hava müdafiə strategiyalarını yenidən nəzərdən keçirməsini qaçılmaz edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR