İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Yaponiyanı da hərbi hədəfə çevirir: Uzaq Şərqdə qlobal müharibə təhlükəsi artır

Kuril böhranı daha da dərinləşərsə, bunun Şimal-Şərqi Asiyada Rusiya, Yaponiya, ABŞ və Çin arasındakı təhlükəsizlik balansına da birbaşa təsir göstərə biləcəyi qətiyyən istisna deyil... Yaponiya ABŞ-ın Asiya-Sakit okean regionu üzrə strategiyasında əvəzolunmaz hərbi-siyasi tərəfdaş rolunu oynayır, Rusiya isə Çinlə strateji yaxınlaşmanı dərinləşdirir və Uzaq Şərqdə hərbi-siyasi mövqelərini daha da gücləndirir...

Rusiya və Yaponiya arasında İkinci Dünya müharibəsindən sonra yaranmış ən uzunmüddətli ərazi mübahisələrindən biri yenidən kəskin siyasi qarşıdurma mərhələsinə daxil olur. Belə ki, Rusiya prezidenti Vladimir Putinin Cənubi Kuril adalarından biri olan İturupa səfəri Yaponiyanın sərt reaksiyasına səbəb olub. Və Kreml ilə rəsmi Tokio arasında onsuz da gərgin olan münasibətlərdə yeni siyasi-diplomatik böhran yaradıb.

Onu da qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putinin Kuril adalarına səfəri əslində, simvolik xarakter daşıyır. Çünki Rusiya prezidentinin 26 ildən sonra ilk dəfə bu ərazilərə şəxsən getməsi Kremlin Cənubi Kuril üzərində suverenlik məsələsində mövqeyinin hələ də dəyişmədiyini göstərən siyasi mesaj kimi də qiymətləndirilə bilər. Üstəlik, son vaxtlar Kreml bu əraziləri artıq yalnız hərbi-strateji deyil, sosial-iqtisadi baxımdan da Rusiyanın ayrılmaz tərkib hissəsi kimi təqdim etmək niyyətini göstərir.

Məsələ ondadır ki, xəstəxanaya və məktəbə baş çəkən Rusiya prezidenti yerli sakinlər üçün sosial-iqtisadi infrastrukturun inkişaf etdirilməsinə xüsusi diqqət yetirib. Bununla Kreml Kuril adalarının Rusiya dövlət sisteminə tam inteqrasiya olunduğunu və burada dövlət idarəçiliyinin davamlı xarakter daşıdığını göstərmək istəyir. Halbuki, Yaponiya isə Rusiya prezidentinin Kuril adalarına səfərini tamamilə başqa faktorlar üzərindən qiymətləndirməyə üstünlük verir. Rəsmi Tokio İturup, Kunaşir, Şikotan və Habomai adalarını “şimal əraziləri” adlandıraraq, onların məhz Yaponiya ərazisi olduğunu növbəti dəfə bəyan edib. Və Yaponiya Rusiyanın həmin adalar üzərindəki suverenliyini tanımadığını vurğulamaqla, siyasi-diplomatik etirazını rəsmiləşdirib.

put-Kuril.jpg (33 KB)

Ona görə də, bu müəmmalı səfər sadəcə, prezidentin regiona ziyarəti olmaqdan çıxaraq, Rusiya-Yaponiya ərazi mübahisəsinin növbəti siyasi mərhələsinə çevrilib. Rusiya və Yaponiya arasında Cənubi Kurilə yönəlik mübahisə isə birbaşa İkinci Dünya müharibəsinin nəticələri ilə sıx bağlıdır. Kremlin mövcud mövqeyinə görə, Kuril adalarının Rusiyanın tərkibində qalması həmin müharibənin yekunları və müvafiq beynəlxalq hüquqi sənədlərlə təsdiqlənib. Rəsmi Tokio isə İturup, Kunaşir, Şikotan və Habomai adalar qrupunu hələ də Yaponiyanın “qədim əraziləri” hesab edir.

Məhz bu kəskin ziddiyyət iki ölkə arasında münasibətlərin tam normallaşmasına uzun illərdir ki, əngəl törədir. Üstəlik, ərazi mübahisəsi hələ də həll edilmədiyinə görə Rusiya və Yaponiya arasında İkinci Dünya müharibəsindən sonra tamhüquqlu sülh müqaviləsinin imzalanması da mümkün olmayıb. Əslində, burada problem yalnız bir neçə adanın hüquqi statusu ilə bağlı deyil. Belə ki, Kuril adaları Şimal-Şərqi Asiyanın təhlükəsizlik sistemində önəmli strateji mövqeyə malikdir. Çünki bu adalar Sakit okeanla Oxot dənizi arasında yerləşən mühüm dəniz keçidlərinə birbaşa nəzarət imkanları yaradır. Ona görə də, adaların hərbi-strateji əhəmiyyəti Rusiya və Yaponiyanın ziddiyyətli mövqelərini daha sərt qarşıdurmaya çevirir.

Maraqlıdır ki, prezident Vladimir Putinin adalara səfərinə rəsmi Tokionun sərt etirazından sonra Rusiya tərəfi də adekvat reaksiya ilə diqqəti çəkib. Belə ki, Rusiyanın Xarici İşlər Nazirliyi Yaponiyanın Kuril adaları ilə bağlı açıqlamalarını və ərazi iddialarını kəskin şəkildə rədd edib. Rusiya XİN-in mövqeyinə görə, İturup və digər Kuril adaları Rusiyanın ayrılmaz tərkib hissəsidir və Kreml onların statusunu müzakirə predmetinə çevirmək niyyətində deyil. Və Rusiya diplomatiyası rəsmi Tokionun ərazi iddialarını siyasi baxımdan, qəbuledilməz və hüquqi cəhətdən əsassız hesab edir.

Digər tərəfdən, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun rəsmi Tokionun siyasi- diplomatik fəallığının nəticəsiz qalacağını bildirməsi də Kremlin mövqeyinin nə qədər sərtləşdiyini açıq şəkildə göstərir. Yəni, Kremlin yanaşma tərzinə görə, Yaponiyanın rəsmi etirazları Rusiyanın Kuril üzərindəki nəzarətinə heç bir halda, təsir göstərə bilməz. Və belə anlaşılır ki, qarşıduran tərəflərin belə sərt mövqe tutmasının arxasında daha genişmıqyaslı geopolitik amillər də dayanır.

put-yap-images.jpg (19 KB) 

Məsələ ondadır ki, Kuril böhranı son illərdə Rusiya və Yaponiya arasındakı kəskin münasibətlərin yalnız bir istiqamətinə çevrilib. Çünki Ukrayna müharibəsinin başlanmasından sonra Yaponiya Rusiyaya qarşı kollektiv Qərbin tətbiq etdiyi sərt iqtisadi sanksiyalara qoşulub. Rəsmi Tokio Kremlin siyasi baxımdan, getdikcə daha çox təcrid olunmasına yönəldilmiş xəttə açıq şəkildə dəstək verib. Rusiya isə Yaponiyanın bu siyasətini birmənalı şəkildə düşmənçilik xarakterli mövqe kimi qiymətləndirir.

Kremldə narahatdırlar ki, rəsmi Tokio bir tərəfdən, Rusiya ilə ərazi mübahisəsi üzrə siyasi danışıqların davam etdirilməsini istəyir. Eyni zamanda, digər tərəfdən isə Yaponiya Rusiyaya qarşı kollektiv Qərbin iqtisadi sanksiyalarında birbaşa iştirak edir. Rəsmi Tokionun atdığı addımlardakı bu kəskin ziddiyyət isə Rusiyanı Yaponiya ilə kompromisə getmək istəyindən tamamilə uzaqlaşdırır. Bu baxımdan, prezident Vladimir Putinin Kuril adalarına səfər etməsi də qətiyyən təsadüfi siyasi addım kimi görünmür. Və böyük ehtimalla Kreml bununla Yaponiyanın ərazi iddialarına reaksiya olaraq, rəsmi Tokioya “status-kvo dəyişmir” mesajını verməyə çalşır.

Ancaq Yaponiya üçün Kuril adaları ilə bağlı problem yalnız tarixi ərazi iddiası anlamı daşımır. Çünki Kuril adalarının Rusiyanın nəzarətində qalması Yaponiyanın Şimal-Şərqi Asiya üzrə təhlükəsizlik hesablamalarına da birbaşa təsir göstərir. Belə ki, Rusiya həmin ərazilərdə hərbi imkanlarını qoruyur və Sakit okean istiqamətində strateji mövqelərini gücləndirməyə çalışır. Və bu isə Yaponiyanın həm milli təhlükəsizlik strategiyasını, həm də rəsmi Tokionun Rusiyanın Uzaq Şərqdəki hərbi fəaliyyətinə dair hesablamalarını daha da mürəkkəbləşdirir.

Bütün bunlarla yanaşı, Kuril adaları ilə bağlı problem Yaponiya üçün ölkədaxili siyasət baxımından da böyük əhəmiyyət daşıyır. Ona görə də, “şimal əraziləri” məsələsi uzun illərdir ki, Yaponiyanın ölkədaxili siyasi gündəliyində xüsusi yer tutur. Bu baxımdan, rəsmi Tokionun Rusiya prezidentinin Kuril adalarına səfərinə sərt reaksiya verməməsi ölkədaxili siyasi situasiyanı da nəzərə aldıqda, yolverilməz xarakter daşıyırdı.

acd4e9cb-29b6-4979-b6c9-43b22e8d7a1d.jpg (162 KB)

Ancaq bütün bunlara baxmayaraq, hazırkı mərhələdə qarşıduran tərəflərin birbaşa hərbi qarşıdurmaya getməsi də hələlik real ssenari kimi görünmür. Bununla belə, siyasi-diplomatik münasibətlərin daha da pisləşməsi, iqtisadi əlaqələrin məhdudlaşdırılması və hərbi-strateji rəqabətin güclənməsi ilə bağlı ehtimal kifayət qədər yüksəkdir. Hazırda əsas təhlükə isə ondan ibarətdir ki, Kuril böhranı artıq Rusiya-Yaponiya ərazi mübahisəsi çərçivəsindən çıxaraq, daha genişmiqyaslı Rusiya-Qərb qarşıdurmasının tərkib hissəsinə çevrilir.

Məsələ ondadır ki, Yaponiya ABŞ-ın yaxın müttəfiqi kimi, Asiya-Sakit okean regionunda Ağ Evin strategiyasında əvəzolunmaz hərbi-siyasi tərəfdaş rolunu oynayır. Buna paralel olaraq, Rusiya isə ABŞ-ın əsas qlobal rəqibi Çinlə strateji yaxınlaşmanı dərinləşdirir və Uzaq Şərqdə hərbi-siyasi mövqelərini daha da gücləndirməyə çalışır. Və bu geostrateji proses isə Kuril adalarını daha genişmiqyaslı geopolitik qarşıdurmanın potensial “qaynar nöqtələr”indən birinə çevirir.

Belə anlaşılır ki, əgər, Kuril böhranı daha da dərinləşərsə, bunun Şimal-Şərqi Asiyada Rusiya, Yaponiya, ABŞ və Çin arasındakı təhlükəsizlik balansına da birbaşa təsir göstərə biləcəyi qətiyyən istisna deyil. Ona görə də, Rusiya-Yaponiya münasibətlərində uzun illərdir ki, davam edən “sülh müqaviləsi paradoksu”nun yaxın perspektivdə aradan qalxması olduqca çətin görünür. Və bu baxımdan, Kuril böhranın qlobal məkanda yeni qarşıdurma faktoruna çevrilmə ehtimalı getdikcə, daha çox inandırıcı görünməyə başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

 004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR