Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsinə paralel olaraq, Kreml və kollektiv Qərb arasında hərbi-siyasi qarşıdurma artıq yeni mərhələyə daxil olur. Bir tərəfdən Ukraynaya yeni silah sistemlərinin verilməsi ilə bağlı müzakirələr intensivləşir. Digər tərəfdən isə Rusiyanın müttəfiqləri ilə hərbi əməkdaşlığını genişləndirməsi bu müharibənin regional və qlobal arealını daha da böyüdür. Və bu prosesdə xüsusilə də, Şimali Koreyanın Rusiyaya əlavə hərbi kontingent göndərmə ehtimalı diqqəti cəlb edir.
Məsələ ondadır ki, rəsmi Pxenyan Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək məqsədilə daha 50 minə qədər hərbçi göndərməyə hazırlaşır. Məlumata görə, Şimali Koreya hərbçilərinin Rusiyanın Kursk, Bryansk və Belqorod vilayətlərində yerləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, Şimali Koreyadan Rusiyaya mühəndislərin, inşaatçıların və tibb işçilərinin göndərilməsi də gözlənilir.
Əgər, məlumatlar təsdiqlənərsə, bu, Rusiya və Şimali Koreya arasında son illərdə sürətlə dərinləşən hərbi-strateji tərəfdaşlığın yeni səviyyəyə yüksəlməsi anlamına gələ bilər. Xüsusilə də, Kursk, Bryansk və Belqorod kimi Ukrayna sərhədlərinə yaxın ərazilərin seçilməsi Şimali Koreya hərbi kontingentinin Rusiyanın qərb istiqamətində müdafiə və təminat imkanlarını gücləndirmək məqsədi daşıya biləcəyi ehtimalını artırır.

Ancaq burada əsas məsələ yalnız canlı qüvvənin sayında deyil. Çünki mühəndis, inşaatçı və tibbi personalın göndərilməsi Rusiyanın uzunmüddətli hərbi səfərbərlik və logistika ehtiyaclarının qarşılanması deməkdir. Bu Rusiyanın öz resurslarını birbaşa döyüş xəttində daha səmərəli istifadə etməsinə imkan verə bilər. Eyni zamanda, Şimali Koreyanın müharibəyə daha geniş şəkildə cəlb olunması Ukrayna savaşının artıq yalnız Rusiya-Qərb qarşıdurması çərçivəsində izah edilməsinin çətinləşdiyini göstərər.
Buna paralel olaraq, Rusiya ABŞ və Türkiyə ilə münasibətlərdə Ukraynaya silah tədarükü məsələsini ön plana çıxarır. Belə ki, Rusiya ABŞ və Türkiyədən Ukraynaya mümkün yeni silah tədarükü ilə bağlı izahat istəyib. Əsas səbəb isə ABŞ Konqresinin sənədlərində Ukraynaya M270 yaylım atəş sistemlərinin, ATACMS və M26 raketlərinin, eləcə də, kaset sursatlarının mümkün ötürülməsindən bəhs edilməsidir.
Rusiyanın əsas narahatlığı xüsusilə də, uzaqmənzilli raket sistemləri ilə bağlıdır. Çünki belə silahların Ukraynanın arsenalına daxil olması yalnız cəbhə xəttində taktiki vəziyyətə deyil, Rusiyanın arxa cəbhədəki hərbi və logistika obyektlərinin təhlükəsizliyinə də təsir göstərə bilər. Bununla belə, Kreml Ukraynaya yeni silah tədarükünün müharibənin ümumi nəticəsini dəyişmək gücündə olmadığını da bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın açıqlamalarında isə başqa bir önəmli məqam diqqət çəkir. Kreml hesab edir ki, yeni silah tədarükləri hərbi baxımdan, həlledici olmasa belə, Rusiyanin ABŞ və Türkiyə ilə siyasi münasibətlərinə ciddi zərər vura bilər. Və beləliklə, Kreml Ukraynaya silah tədarükü məsələsini yalnız hərbi deyil, həm də siyasi-diplomatik münasibətlər müstəvisinə çıxarır.

Məsələ ondadır ki, Kreml bir tərəfdən, Ukraynaya hərbi yardımların davam etməsinin müharibəni uzatdığını bildirir. Digər tərəfdən isə ABŞ və Türkiyə kimi ölkələrin siyasi-diplomatik müstəvidə nizamlanma çağırışları ilə silah tədarükü arasında ciddi ziddiyyətlərin olduğunu vurğulayır. Bu baxımdan, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kreml ABŞ-a Ukraynaya silah və kəşfiyyat məlumatlarının ötürülməsi məsələsində ultimatum vermir. Ancaq Kreml ABŞ Dövlət Departamentinə bir sıra suallar göndərib və indi Ağ Evin cavabını gözləyir.
Bəzi ehtimallara görə, həmin sualların arasında ABŞ-ın kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsi və Ağ Evin Rusiyanın ərazisindəki obyektlərə qarşı zərbələrin təşkilində daha dərin iştirak edib-etməməsi də yer alır. Yəni, Rusiya ABŞ-ın Ukraynaya yalnız silah ötürən tərəf deyil, həm də kəşfiyyat və hədəfləndirmə imkanları ilə rəsmi Kiyevin hərbi əməliyyatlarına dəstək verən aktor olduğunu vurğulamağa çalışır. Və belə vəziyyətdə Rusiya ilə ABŞ arasında mümkün danışıqların gündəliyi də genişlənə bilər.
Digər tərəfdən, Türkiyənin mövqeyi də Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Çünki rəsmi Ankara bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü və müdafiə qabiliyyətini dəstəkləyir. Digər tərəfdən isə Rusiya ilə siyasi-diplomatik və iqtisadi-ticari əlaqələri də qoruyur. Eyni zamanda, Türkiyənin Qara dənizdəki strateji mövqeyi və Boğazlara nəzarəti onu Rusiya-Ukrayna müharibəsinin ən önəmli regional aktorlarından birinə çevirir.
Maraqlıdır ki, Türkiyə ilə yaxın münasibətləri olan Ukrayna Krımı geri qaytarmaq əzmində olduğunu bildirib. Rəsmi Kiyev Rusiyanı Krımda ruslaşdırma siyasəti aparmaqda və yerli əhalinin sıxışdırılmasında ittiham edib. Ukrayna üçün Krımın qaytarılması yalnız ərazi deyil, həm də ölkənin suverenliyi və müharibənin nəticələrinin müəyyən edilməsi baxımından, prioritet hədəfdir.

Bütün bunlara paralel olaraq, Ukraynanın Türkiyəyə mövqeyinə görə xüsusi təşəkkür etməsi də qətiyyən təsadüfi deyil. Çünki rəsmi Ankara uzun müddətdir ki, Qara dənizdə Rusiya və Ukrayna arasında balanslaşdırılmış siyasət yürütməyə çalışır. Türkiyə Montrö Konvensiyası çərçivəsində Rusiya hərbi gəmilərinin Boğazlardan keçidinə məhdudiyyətlər tətbiq edir. Rəsmi Ankaranın Ukraynanın müdafiə sənayesinə verdiyi dəstək və siyasi-diplomatik vasitəçilik təşəbbüsləri Türkiyənin bu hərbi böhran üzrə xüsusi mövqeyini formalaşdırıb.
Göründüyü kimi, bütün bu prosesləri bir-biri ilə əlaqəli şəkildə qiymətləndirmək olduqca vacibdir. Çünki Rusiya-Ukrayna müharibəsində qarşıdurmanın yalnız cəbhə xəttində deyil, siyasi-diplomatik, iqtisadi, kəşfiyyat və logistika sahələrində də genişləndiyi görünür. Belə ki, Şimali Koreyanın Rusiyaya 50 minlik əlavə kontingent göndərməsi reallaşarsa, müharibənin beynəlxalq xarakteri daha da güclənəcək.
Eyni zamanda, ABŞ və digər Qərb ölkələrinin Ukraynaya daha uzaqmənzilli və ağır silahlar verməsi isə Rusiyanın öz müttəfiqlərindən daha genişmiqyaslı dəstək almaq cəhdlərini sürətləndirə bilər. Beləliklə, bir tərəfdə Qərbin Ukraynanın hərbi imkanlarını artırmaq strategiyası, digər tərəfdə isə Rusiyanın insan resursları və hərbi-texniki imkanlarını müttəfiqlərin hesabına genişləndirmək cəhdləri formalaşır. Və bu qarşılıqlı eskalasiya müharibənin tezliklə başa çatması ilə bağlı perspektivi də mürəkkəbləşdirir.
Hazırda ən böyük risk isə bu hərbi münaqişənin yeni ölkələrin və resursların daha geniş şəkildə cəlb olunduğu qlobal qarşıdurmaya çevrilməsidir. Şimali Koreyanın hərbi iştirakı, ABŞ-ın kəşfiyyat və silah dəstəyi, Türkiyənin balanslaşdırıcı siyasəti, Rusiyanın isə siyasi-diplomatik təzyiq cəhdləri onu göstərir ki, Ukrayna müharibəsi artıq yalnız iki ölkə arasındakı savaş deyil. Və əslində, mövcud situasiya daha böyük geopolitik mübarizənin konturlarını göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ